Məhkəmə qərarları › İş №3(066)-150/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-150/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-150/2024 17.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin sahə rəisi, Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, Eminbəyli küçəsi, dalan 4, ev 1-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Göygöl RPŞ- dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Göygöl rayon, Polis şöbəsinin qarşısında polisin qanunu tələbinə qəsdən tabe olmamış eyni zamanda ictimai qaydanı pozmuşdur. Məhkəmə iclası zamanı Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi, Nümayəndə izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə rayon polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsinin qarşısında olarkən telefonda yüksək səslə nakayiq ifadələr işlətdiyindən polis əməkdaçları tərəfindən nizam intizama dəvət edilmişdir. Lakin, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Göygöl rayon Polis Şöbəsinə dəvət edilmişdir. Həmin gün Göygöl RPŞ-nin qabağından mobil telefonla danışmamış və heç bir nalayiq ifadələr işlətməmişdir. Polis əməkdaşlarına qarşı heç bir qanun pozuntusu etməmişdir. Lakin buna baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Odur ki, barəsində tərtib edilmiş inzibati materialın icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində bildirdi ki, 16 may 2024-cü il tarixdə polis şöbəsinin icraatında olan meterialla əlaqədar olaraq Şəxs şöbəyə dəvət edilmişdir. Şəxs şöbəyə gələrkən şöbənin qarşısında yüksəsk səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan hərəkətlər etmişdir. Həmin vaxt o Şəxs nizam-intizama dəvət etməsinə baxmayaraq Şəxs onun qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, xx.xx.2024cü il tarixdə Şəxsla birlikdə olarkən polis əməkdaşları İslamı Göygöl rayon Polis Şöbəsinə dəvət etmişlər. O da həmin vaxt İslamla birlikdə şöbəyə gəlmişdir. İslam polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmiş və şöbənin qarşısındada heç bir nalayiq ifadə işlətməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, işin qeyd olunan hallarını və tərəflərin izahatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Belə ki, Şəxs tərəfindən ictimai qaydanın pozulması və polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərilməsi halı öz təqtiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar