Məhkəmə qərarları › İş №3(066)-151/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-151/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-151/2025 17.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Nümayəndə2 iştirakları ilə, xx.xx.1990-cı ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə1 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə1 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs bir uşağın saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2024-cü il tarixdə Göygöl rayon İcra və probasiya şöbəsinin icraatına qəbul olmuş və həmin tarixdə icraata başlanma haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Tərəflərindən borclu Şəxs adına müvafiq sorğular verilmiş, lakin borclunun rəsmi iş yeri, borcluya məxsus daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Bugünkü tarixə qədər borclu tərəfindən tələbkarın hesabına cəmi 600 manat ödəniş olunmuş, hazırda Şəxs 2400 (iki min dörd yüz) manat məbləğində aliment borcu yaranmışdır. Əlavə olaraq bildirdi ki, 2024-cü ilin sentyabr ayında 228 manat, oktyabr ayında həmçinin 228 manat, noyabr ayında isə 144 manat olmaqla ümumilikdə 600 (altı yüz) manat borclunun əməkhaqqından tutularaq tələbkar X1 bank hesabına köçürülmüşdür. Göstərilənləri nəzərə alaraq məhkəmədən inzibati xəta ilə bağlı protokolun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, onun icra sənədindən məlumatı olmuş, hər ay 200 manat öədniş etməli olmuşdur. İşdən çıxdıqdan sonra borcundan ödəniş edə bilməmişdir. O, işdən çıxdığı üçün borcundan öədniş edə bilməmişdir. Əlavə olaraq bildirdi ki, dəyəri 3.10 manat olan “Rotmans” markalı siqaret çəkir. Ona siqareti almışlar. Hazırdan borcundan ödəniş etməyə imkanı yoxdur, vaxt verilərsə ayın sonuna borcundan 200 manat ödəniş edə bilər. Odur ki, borcundan ödəniş edə bilməsi üçün ona vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclunun ayın sonuna 200 manat, növbəti aylar üçün də 100 manat ödəniş təklifinə razı deyil. Borclu işini itirəndən sonra borcluya 4 ay müddətinə borcunu ödəməsi üçün vaxt vermiş, lakin həmin müddət ərizndə borclu borcundan ödəniş etməmişdir. Əlavə olaraq bildirdi ki, borclu ilə 12 il müddətinə evli olmuşlar. Borclunun mənzil-kommunal təsərrüfatında fəhlə işlədiyini və həmin işdən ayrıldığından xəbəri olmuşdur. Borclunun əmək haqqı 328 manat olmuş, həmin məbləğin 70 faizi aliment borcuna tutulmuşdur. Borclu işindən ayrılmış olsa belə, ən azından başqa yerdə fəhləlik edib uşağı üçün bir şeylər edə bilərdi. Borclunun hazırda heç olmasa borcunun yarısını ödəməsini tələb edir. Borcun ödənməyəcəyi təqdirdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Nümayəndə2 çıxışında göstərdi ki, hüquqlarını müdafiə etdiyi borclu şəxs işsiz olduğu üçün borcundan ödəniş etməyə maddi imkanı olmamışdır, icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməməkdən söhbət gedə bilməz. Buna görə də hesab edir ki, hazırda barəsində tərtib edilmiş protokolun borclu şəxsi məsuliyyətə cəlb edilməsinə əsas ola bilməz. Hazırkı vəziyyətdə borclu şəxsin 1 həftəyə borcundan 200-300 manat məbləğində ödəniş edəcəyini, bundan sonra da ödənişləri davam etdirəcəyini bildirərək borcluya ödəniş etməsi ilə bağlı vaxt verilməsi üçün inzibati xəta haqqında protokola baxılması təxirə salınaraq 1 həftə sonraya təyin edilməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(066)-466/2024 saylı icra vərəqəsinə əsasən Şəxs bir uşağın saxlanılması üçün hər ay 200 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Borclunun hazırda 2400 manat borcu var. Borclu izahatında hazırda işləmədiyini, ay sonuna 200 manat ödəniş edəcəyini bildirmişdir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(066)- 466/2024 saylı icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X3 adlı uşaq nikah pozulduqdan sonra anası Zərərçəkmiş şəxs yanında saxlanılması və yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Şəxs hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub anası Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(066)-466/2024 saylı icra sənədi üzrə xx.xx.2024cü il tarixdə icraat başlanmışdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(066)-466/2024 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X3 adlı uşaq nikah pozulduqdan sonra anası Zərərçəkmiş şəxs yanında saxlanılması və yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Şəxs hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub anası Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Sözügedən icra sənədi Göygöl RİPŞ-yə daxil olmuş və Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri könüllü qaydada yerinə yetirməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra sənədi üzrə hazırda 2400 manat borcu vardır. Borclu izahatında hazırda işləmədiyini, ay sonuna 200 manat ödəniş edəcəyini bildirmişdir. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədlərinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmaqla, borcun ödənməsini tələb etməsini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar