Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-152/2025 17.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, tələbkar Şəbəndəyeva (Rəşidova) Aynur Mikayıl qızının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Göygöl rayonu, Köşkü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Göygöl rayonu, Köşkü kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs bir uşağın saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi 15 avqust 2024-cü il tarixdə Göygöl rayon İcra və probasiya şöbəsinin icraatına qəbul olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Tərəflərindən borclu Şəxs adına müvafiq sorğular verilmiş, lakin heç bir rəsmi iş yeri, borclunun adına daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Bugünkü tarixə borclu Şəxs 2720 manat aliment borcu yaranmışdır. Borclu izahatında da qeyd etdiyi kimi yaranmış aliment borcunu tam şəkildə ödəyə bilmir. Əlavə olaraq 19 mart 2025-ci il tarixdə borclu icra şöbəsinə dəvət olunmuş və həmin tarixdə tərəflərindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin inzibati xəta ilə bağlı protokol verilən zaman borclu inzibati binanı tərk etmişdir. Tərələrindən borcluya məxsus mobil nömrə ilə əlaqə saxlanılsa da borclu zənglərə cavab verməmişdir. Sonradan borclu həmin tarixdə saat 10:00-dan 17:00-a kimi gözlədiyini bildirsə də bununla bağlı borclunun barəsində müvafiq akt tərtib edilmişdir. Yenidən borclunun barəsində tərəflərindən axtarış verilmiş, bu günkü tarixdə borclu könüllü olaraq icra şöbəsinə gəlmiş və aliment borcunun ödənməsi ilə bağlı izahat vermişdir. Əlavə olaraq bildirdi ki, borclu 2025-ci il üzrə yalnız mart ayında cəmi 100 (yüz) manat məbləğində ödəniş etmişdir. Borclunun aylıq ödənişi 200 manat təşkil edir. Borclu 2025-ci il üzrə cəmi bir dəfə 100 manat aliment borcundan ödəniş etmişdir. 2024-cü ilin oktyabar ayında 600 manat ödəniş etmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, 19 mart 2025-ci il tarixdə icra şöbəsinə özü könüllü gəlmiş, onu heç kəs gətirməmişdir. Qayını polis əməkdaşı Nizami Şəbəndəyevin təklifi ilə barəsində axtarışın götürülməsi, mühafizə vəzifəsinə işə düzəlməsi və aliment borcunun sıfırlanması qarşılığında 600 manat məbləğində tələbkara həmin günü ödəniş etmişdir. Lakin tələbkara həmin məbləği ona qaytararaq borcu tam şəkildə bağlamasını istəmişdir. Həmçinin keçən ildən bu yana o, borcundan cəmi 980 manat məbləğində aliment borcundan ödəniş etmişdir. Tələbkarla arasında olan boşanmadan bu yana olan aliment borcunu tam şəkildə bağlamağa razıdır, lakin boşanmadan əvvəl olan aliment borcu ilə razı deyil. Boşanma ilə bağlı qətnamə qəbul olunandan bu yana olan bütün aliment borcunu ödəməyə razıdır. Lakin boşanana qədər hesablanmış aliment borcunu ödəməyəcək. Hazırda aliment borcundan 300-400 manat məbləğində ödəniş etməyə imkanı çatır. O sadəcə mart ayında ödəniş etmiş, digər aylarda imkanı olmadığı üçün borcundan ödəniş etməmişdir. Tələbkarla ayrıldığı müddət 9 aydır. Həmin müddət ərzində ümumilikdə 980 manat məbləğində tələbkara ödəniş etmişdir. Tələbkarla faktiki olaraq məhkəmə qərarından sonra ayrı yaşamışlar, həmin vaxta kimi tələbkarın evinə mütəmadi olaraq getmiş, bazarlıqlar etmiş, həmçinin qayınatası mütəmadi onu evlərinə dəvət etmişdir. Onlar ayrı yaşasalar da faktiki olaraq məhkəmə qətnaməsi çıxan vaxtdan sonra ayrılmışlar. Məhkəmə qətnaməsi çıxan vaxtdan sonrakı aliment borcunu ödəməyə razıdır. Əlavə olaraq bildirdi ki, məhkəmə qərarına əsasən aliment borcunun 2024-cü ilin avqust ayından etibarən tutulacağını bilmiş, aliment borcunun 2023cü ilin oktyabr ayından hesablandığından xəbəri olmamış, bu barədə heç kəs ona məlumat verməmişdir. Hətta qayınatası tələbkarla ayrılmalarına icazə verməyəcəyini ona bildirmişdir, həmin vaxtdan bugünədək Bakı şəhərində fəhləlik edərək ailəsi üçün əlindən gələni etmişdir. O məhkəmə qərarı ilə razı deyil. Belə ki, rəsmi boşanmadan əvvəlki tarixə hesablanmış aliment borcunu ödəməyə razı deyil. Dəyəri 2.60 manat olan “prima” markalı siqaret çəkir. Tələbkar ona qarşı qərəzli hərəkət edir, onu axtarışa vermişlər, işləyib aliment borcunu ödəməyə imkan vermirlər. Həmçinin o uşağını görmək üçün getdikdə qaynanası ona imkan vermir və onu söyüb təhqir edir. Bu səbəbdən o prinsipə düşür və aliment borcunu ödəmir. Odur ki, məhkəmə qərarı ilə rəsmi boşanmadan sonraya hesablanmış borcunu ödəyib işinə davam edərək hər ay sabit məbləğdə aliment borcunu ödəməyə davam etməsi üçün ona şərait yaradılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Şəbəndəyeva (Rəşidova) Aynur Mikayıl qızı izahatında göstərdi ki, borclu 6 ay bundan əvvəl 2024-cü ilin oktyabr ayında məhkəmədə borcundan 600 manat məbləğində ödəniş etmiş və hər ay ən az 200 manat məbləğində aliment borcundan ödəyəcəyinə söz vermiş, lakin borclu aliment borcundan heç bir ödəniş etməmişdir. Telefon vasitəsilə əlaqə saxlayan zaman borclu aliment borcundan ödəniş etməyəcəyini bildirmişdir. Onlar xx.xx.2024-cü ildə rəsmi boşanmışlar. Borclu ilə faktiki olaraq 2023-cü il iyul ayından ayrı yaşayırlar. O borcdan 300-400 manat ödənməsi ilə razı deyil, borcun tam şəkildə ödənməsini istəyir. 2 il ərzində borcluya hər zəng vurduqda o, aliment borcunu ödəməyəcəyini bildirir. Borclunun aliment borcunu ödəməsinin təmin edilməsini, borcun ödənilməyəcəyi halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(066)-96/2024 saylı icra sənədinə əsasən Şəxs bir uşağın saxlanılması üçün hər ay 200 manat aliment tutularaq X2 ödənilməlidir. Borclunun hazırda 2720 manat borcu yaranmışdır. Borclu izahatında bugünkü günə ödəniş edə bilməyəcəyini bildirmişdir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(066)-96/2024 saylı icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Şəxs hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(066)-96/2024 saylı icra sənədi üzrə xx.xx.2024cü il tarixdə icraat başlanmışdır. Göygöl rayonu İcra və probasiya şöbəsinin icra məmurları X6, X8, Nümayəndə və hal şahidləri X5 və X4 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, Göygöl Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(066)-96/2024 saylı qərarına əsasən borclu Şəxs bir uşağın saxlanılması üçün hər ay 200 manat aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Bugünkü tarixdə borclu Şəxs polis əməkdaşları tərəfindən Göygö Rayon İcra şöbəsinə təhvil verilmiş, izahatı alınmış, izahatında 2800 manat aliment borcu yarandığını və ödəniş edə bilməyəcəyini bildirmiş, öhdəliyini icra etmədiyindən borclunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi protokolo tərtib edilmişdir. Məhkəməyə təqdim etdikləri ərəfədə inzibati binanı tərk etmiş, tərəflərindən borcluya məxsus mobil nömrə ilə əlaqə saxlamağa çalışsalar da borclu telefon zənglərinə cavab verməmişdir. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 2(066)-96/2024 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Şəxs hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qərara alınmışdır. Sözügedən icra sənədi Göygöl RİPŞ-yə daxil olmuş və Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri könüllü qaydada yerinə yetirməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Həmçinin xx.xx.2025-ci il tarixdə Şəxs polis əməkdaşları tərəfindən Göygöl Rayon İcra şöbəsinə təhvil verilmiş, izahatı alınmış, izahatında 2800 manat aliment borcu yarandığını və ödəniş edə bilməyəcəyini bildirmiş, öhdəliyini icra etmədiyindən borclunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi protokolo tərtib edilmiş, icra məmuru tərəfindən protokol məhkəməyə təqdim edilən ərəfədə borclu inzibati binanı tərk etmiş, icra məmurları tərəfindən borcluya məxsus mobil nömrə ilə əlaqə saxlamağa çalışsa da borclu telefon zənglərinə cavab verməmişdir. Şəxs icra sənədi üzrə hazırda 2720 manat borcu vardır. Borclu izahatında bugünkü günə ödəniş edə bilməyəcəyini bildirmişdir. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq ödəniş edilməmiş, borclu məhkəmə iclası zamanı veridyi izahatında məhkəmə qətnaməsi ilə razılaşmadığını, nikahlarının rəsmi qaydada pozulduqdan sonrakı vaxta hesablanmış aliment borcunu ödəməyə razı olmasını, digər hissədə isə aliment borcunu ödəməyə razı olmamasını, həmçinin o uşağını görmək üçün getdikdə qaynanasının ona imkan verməməsini, onu söyüb təhqir etməsini, bu səbəbdən onun prinsipə düşməsini və aliment borcunu ödəməməsini bildirmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədlərinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, məhkəmə qətnasməsi ilə razılaşmayaraq qərəzli olaraq məhkəmə qətnaməsini icra etməməsini, tələbkarın şikayətçi olmaqla, borcun tam şəkildə ödənməsini tələb etməsini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:45-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-152/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-152/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver