Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-173/2025 06.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, tələbkar Məmmədova (Qəhramanova) Arifə Oruc qızının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Daşkəsən rayonu, Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, İİ qurup əlil, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Göygöl rayonu, Yeni Qızılca (Bəhrəmbəy) kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-90/2023 saylı qətnaməsinə əsasən Şəxs tələbkarlara məxsus zəbt etdiyi 0,158 ha torpaq sahəsindən çıxarılması və Şəxs inşa etdiyi tikililərin zəbt etdiyi 0,158 ha torpaq sahəsinə düşən hissələrinin öz hesabına sökülməsi qət edilmişdir. İcra sənədi 26 iyul 2023-cü ildə icra şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Şəxs istisna olmaqla digər boclularla tələbkarların aralarında qarşılıqlı razılıqları olmuşdur. Lakin, Şəxs həmin torpaq sahəsində olan tikilinin sökülməsinindən və torpaq sahəsinin boşaldılmasından yayınır. 14 may 2024-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə protokol verilmiş və məhkəmənin 3(066)-146/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs 500 manat cərimə edilməsi qərara alınmışdır. Növbəti bir il ərzində icra məmurunun qanunu tələbini icra etməkdən yayındığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bilməyərək bildirdi ki, torpaq sahəsinə dair onun sənədləri var. Tələbkar saxta sənədlərlə məhkəmə qərarları alıbdır. Həmin qərarlarla razılaşmır, 30 ildir həmin torpaq sahəsində yerləşən evdə yaşayır. Məhkəmə qətnaməsi ilə razılaşmır. O həmin torpağı aldıqdan 10 il sonra Məmmədova (Qəhramanova) Arifə Oruc qızı özünə sənəd almışdır. Tələbkar saxta sənədlərlə qətnamə qəbul etdirmişdir. Onlar yığılıb bir neçə quruma müraciətlər etmişdir. Onun qeyd olunan sahədə ağacları vardır və həmin torpaq onlara məxsusdur. Bələdiyyə tələbkara saxta sənədlər vermişdir. Onun atası vəfat etmiş may ayının 26-sı qırx mərasimidir. 27 may tarixində gəlib qərarı icra edə bilərlər. Onun söküntü etmək üçün maddi imkanı yoxdur. Ona atasının qırx mərasimi çıxanadək o tikilini söküb özü təhvil verə bilmir. Belə ki, onun tikilini sökməyə əli gəlməz. Məhkəmə iclasında tələbkar Məmmədova (Qəhrəmanova) Arifə Oruc qızı izahatında bildirdi ki, Şəxs onlara məxsus torpaq sahəsini zəbt edib. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-90/2023 saylı qətnaməsinə əsasən Şəxs onlara məxsus zəbt etdiyi 0,158 ha torpaq sahəsindən çıxmalı və onun inşa etdiyi tikililərin zəbt etdiyi 0,158 ha torpaq sahəsinə düşən hissələri öz hesabına sökülməlidir. Şəxs qanuni qüvvəsini almış məhkəmə qətnaməsini qərəzli olaraq icra etmir. Şəxs məhkəmə qətnaməsinin icrasından yayınmağa çalışır. Digər borclularla aralarında razılıqları var. O qətnamənin icra olunmasını istəyir. Borclunun dediyi ilə razılaşmır. Qeyd olunan tikilinin borclu tərəfindən sökülməsini istəyir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Əkiağa qızının inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-90/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs tələbkarlara məxsus zəbt etdiyi 0,158 ha torpaq sahəsindən çıxarılması və Şəxs inşa etdiyi tikililərin zəbt etdiyi 0,158 ha torpaq sahəsinə düşən hissələrindən öz hesabına sökülməsi qət edilmişdir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 3(066)-146/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat cərimə edilməsi qərara alınmışdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-90/2023 saylı qətnaməsinə əsasən Şəxs tələbkarlara məxsus zəbt etdiyi 0,158 ha torpaq sahəsindən çıxarılması və Şəxs inşa etdiyi tikililərin zəbt etdiyi 0,158 ha torpaq sahəsinə düşən hissələrinin öz hesabına sökülməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borcluya tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmiş, izahatı alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında məhkəmə qətnaməsi ilə razılaşmadığını bildirmişdir. Borclu tərəfindən icra sənədi üzürlü bir səbəb olmadan icra edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi isə, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, icra sənədi icraata qəbul edildiyi vaxtadan keçən müddət ərzində icra edilməməsi, işə baxılan zaman icra edilməməsi onu deməyə əsas verir ki, borclu icra sənədini hazırda icra etməyə niyyəti yoxdur. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, məhkəmə iclasında borclu zəbt edilmiş torpaq sahəsində olan tikilinin sökülməsinə razılıq versədə, həmin tikilinin öz hesabına sökülməyəcəyini bildirməsi onu deməyə əsas verir ki, borclu icra sənədini icra etmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hall müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, İİ qurup əlil olmasını, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, qanuni qüvəyyə minmiş məhkəmə qətnaməsi ilə razılaşmayaraq qətnamənin icrasından qərəzli olaraq yayınmasını, tələbkarın şikayətçi olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1000 (bir min) manat cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-173/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-173/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver