Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-178/2025 13.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Gəncə şəhəri, Nizami rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “X7” Qapalı Səhmdar Cəmiyyətində maşın operatoru işləyən, Kəlbəcər rayonu, Çaykənd Ə/D, Mişni kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu, Şəhriyar kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə Göygöl rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, tərəflərə icraata başlamaq haqqında qərar-bildiriş şəxsən təqdim olunmuşdur. Müəyyən müddət alimentlə bağlı ödənişlər qaydasında getsə də, son dövrlər alimentin ödənilməsi ilə bağlı gecikmələr olmuş, ödənişlər vaxtında edilmədiyi üçün hazırda may ayı daxil olmaqla 2275 (iki min iki yüz yetmiş beş) manat borc məbləği yaranmışdır. Borlu 2025-ci ilin may ayında ödəniş etməmiş, aprel ayında 70 manat, mart ayında 160 manat, fevral ayında 210 manat, yanvar ayında ödəniş edilməmiş, 2024-cü ilin dekabr ayında isə 160 manat məbləğində aliment ödənişləri etmişdir. Borclu 2025-ci ilin yanvar və may aylarında aliment borcundan heç bir ödəniş etməmişdir. Əlavə olaraq bildirdi ki, tələbkar borcun tam şəkildə ödənməsini istəyir. İnzibati xəta ilə bağlı protokolu müdafiə edərək borclu şəxsin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, gözündə olan problemlə bağlı hərbi xidmətdən yararsız qaytarıldığı üçün iş tapmaqda çətinlik çəkmişdir. Gözünün biri 3 faiz, digəri isə 4 faiz görür. Bugünədək mövcud problemi ilə bağlı ona əlillik pensiyası təyin edilməmişdir. Onun hazırda rəsmi qeydə alınmış əlilliyi yoxdur. Onun işi olmadığı üçün bu müddət ərzində aliment borcundan tam şəkildə, yəni 320 manat ödəniş edə bilməmişdir. Hazırda 1 həftədir Avto-Yuma yerində aylıq 550 manat maaşa işləyir. Bu günədək daimi işi olmamışdır, valideynlərinin maddi köməkliyi ilə, həmçinin fəhləlik edərək bugünədək aliment borcundan hər ay imkan daxilində ödənişlər etmişdir. Bugünkü tarixə aliment borcundan 150-200 manat məbləğində borc tapıb ödəniş edə bilər, qalan borcunun isə hər ay maaşından tutulmasına razıdır. Əlavə olaraq bildirdi ki, hər ay 320 manat aliment ödəməlidir. Dəyəri 2.40 manat olan “Keno” markalı siqaret çəkir. Ona vaxt verilsə belə borcunu tam şəkildə bağlaya bilməz. Məhkəmədən borcun hissə-hissə maaşından tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar məhkəmə iclasına gəlməmiş, borclu Şəxs tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etməmişdir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)- 1725/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 08 fevral 2015-ci il təvəllüdlü X3 və 18 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1725/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs uşaqların saxlanması üçün 320 manat pul tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Borclunun 2025-ci ilin may ayı daxil olmaqla 2275 manat məbləğində borcu yaranmışdır. Borclu izahatında borcu tam şəkildə ödəyə bilmədiyini, ancaq maaşının 70%nə yönəldilmə edilməklə borcunu ödəməyə razı olduğunu bildirmişdir. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1725/2023 saylı icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraat başlanmışdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-1725/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 08 fevral 2015-ci il təvəllüdlü X3 və 18 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Sözügedən icra sənədi Göygöl RİPŞ-yə daxil olmuş və Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri könüllü qaydada yerinə yetirməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra sənədi üzrə hazırda 2275 manat borcu vardır. Borclunun izahatı alınarkən borcu tam şəkildə bağlaya bilmədiyini, ancaq əmək haqqına yönəldilmə edilməklə borcunu ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədlərinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmaqla, borcun tam şəkildə ödənməsini tələb etməsini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 15:10-dan hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-178/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-178/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver