Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-186/2024 05.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Basarkeçər rayonu, Zod kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göygöl rayonu Yeni Zod kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 izahatında bildirdi ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4526/2023 saylı qətnaməsi ilə Göygöl Rayon Məhkəməsinin 2(066)-613/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla, Şəxs xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Lakin borclu öhdəliyini tam yerinə yetirməmiş, 4760 (dörd min yeddi yüz altmış) manat borcdan cəmi 500 (beş yüz) manat ödəniş etmişdir. Hər ay mütəmadi olaraq borclu tərəfindən ödəniş olunur. Buna baxmayaraq tələbkar ödənilən aliment məbləği ilə kifayətlənmir. Hazırda protokol tərtib olunan tarixə (2024-cü ilin may ayı daxil olmaqla) borclunun 4260 (dörd min iki yüz altmış) manat borcu yaranmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə tərəfindən vaxt verildikdən sonra borclu 2024-cü ilin iyun ayında 500 (beş yüz) manat ödəniş etmişdir. Məhkəmə tərəfində vaxt verildikdən sonra borclu 500 manat ödəniş etmişdir, hazırda borclunun icra sənədi üzrə 4260 (dörd min iki yüz altmış) manat borcu vardır. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, borclu ilə tələbkar 2017-ci ildə boşanıblar. Həmin vaxtdan 2023-cü ilə kimi aliment məbləğini artırmamışlar. 4760 (dörd min yeddi yüz altmış) manat aliment borcundan Şəxs qismən ödəniş etmiş, hazırda 4260 (dörd min iki yüz atlmış) manat borcu qalmışdır. Əgər borclu hər ay 440 manat qət edilən aliment borcunu tam ödəyəcəyinə dair söz verirsə, heç bir şikayəti və hazırki inzibati işin icraatına xitam verilməsinə etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, onun maddi imkanı daxilində ödəniş edir və aliment öhdəliyindən boyun qaçırmır. 2024-cü ilin yanvar ayında 500 manat, fevral ayında 195 manat, mart ayında 300 manat, aprel ayında 250 manat, may ayında 300 manat, məhkəmə tərəfindən vaxt verildikdən sonra isə iyun ayında 500 (beş yüz) manat aliment borcuna görə ödəniş etmişdir. Bundan sonra da hər ay iki uşaq üçün 440 (dörd yüz qırx) manat stabil olaraq alimenti ödəyəcəkdir, maddi imkanı olduqca qalıq borcundan da ödəniş edəyəcəyinə söz verir. Əgər ödəniş etməzsə inzibati qaydada həbs olunmasına razıdır. Odur ki, inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış xx.xx.2024-cü il tarixli, MN ******* xəta haqqında protokola xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4526/2023 saylı qətnaməsi ilə Göygöl Rayon Məhkəməsinin 2(066)-613/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla, Şəxs xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borcluya tələbin könüllü icra etməsi üçün bildiriş təqdim edilmiş, izahatı alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbkara 4260 (dörd min iki yüz altmış) manat borcu olmasını mübahisələndirmir, əksinə həmin borcu ödəməli olduğunu qəbul qəbul edir və borcunu ödəməyə söz verir. Həmçinin borclu hər ay borcundan ödənişlər etməyə çalışmış, 2024-cü ilin yanvar ayında 500 manat, fevral ayında 195 manat, mart ayında 300 manat, aprel ayında 250 manat, may ayında 300 manat, barəsində inzibati xəta haqqında protokol tərtib olunandan sonra məhkəmə tərəfindən vaxt verildikdə isə iyun ayında 500 (beş yüz) manat ödəniş etmişdir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 3(066)-6/2024 saylı, xx.xx.2024cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında icraata xitam verilmişdir. Bundan başqa iş materiallarından və tərəflərin izahatından müəyyən olunur ki, borclu hazırda rəsmi olaraq heç bir yerdə işləmir, onun adına heç bir daşınmaz əmlak yoxdur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Göründüyü kimi, borclu icra sənədini icra etməyə çalışmış, hər ay borcundan ödənişlər etmiş və borclunun hazırda kifayət qədər vəsaitə malik olmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. Bundan başqa o, borcu bu günədək tam ödəyə bilməməsini maddi imkanı olmaması ilə əlaqələndirmiş, icra sənədinin icrasından qərəzli yayınması nəticəsinə gələcək hər hansı hərəkətə yol verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs borcun yaranmasında heç bir qərəzliliyi yoxdur, sadəcə olaraq maddi imkanı borcu bütövlükdə ödəməyə yol vermir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, borclunun icranı qərəzli gecikdirməsindən və əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. X10 Hüquqları Məhkəməsi “Kərimov və qeyriləri Azərbaycana qarşı” işdə bildirmişdir ki, borclunun maddi öhdəliklərini yerinə yetirə bilməməsini əsaslandırmaq üçün göstərdiyi səbəblər cinayət məsuliyyətinə cəlb edilməsindən imtina üçün əsas ola bildiyinə görə, cinayət əməlinin törədilməsi faktının müəyyən edilməsi üçün həlledici əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında borcluların maddi vəziyyətinin və onların vəzifələrinin icra etməmələrində qərəzliliyin müəyyən olunmasına fərdi yanaşmanın vacibliyi vurğulanmışdır. Borclunun həqiqətən maddi imkanı olduğu halda, üzərinə qoyulmuş vəzifəyə zidd olaraq borcu ödəməkdən boyun qaçırdığını sübut etmək vəzifəsi cinayət mühakimə icraatında müvafiq ittihamı irəli sürmüş tərəf üzərinə düşür. Belə olan halda aydındır ki, 27 dekabr 2001-ci il tarixli Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş şərtə bilavasitə aid olduğuna görə, ərizəçilərin yerli məhkəmələrdə qaldırdığı, xüsusilə də onların öz öhdəliklərini maddi imkansızlıqdan icra edə bilməməsi barədə dəlillərinin mahiyyəti üzrə araşdırılıb həqiqətə uyğun olub-olmadığının müəyyən edilməsini tələb edirdi. Bununla bağlı Avropa Məhkəməsi xatırlatmışdır ki, icra etməmə maddi imkansızlıqla bağlı olduğu halda, “heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” müddəasını nəzərdə tutulan Konvensiyanın 4-cü Protokolun 1-ci maddəsinə uyğun məsələ ortaya çıxa bilər. Yerli məhkəmələr tərəfindən icra etməmənin səbəbinin araşdırılmaması o cəhətdən də ziddiyyətli görünür ki, qərarlarda mürəkkəb maliyyə vəziyyətinə istinad edilsə belə, borcun məhz maliyyə çətinlikləri ilə üzləşməsindən ödənilmədiyi ehtimalı nəzərdən keçirilməmişdir. Avropa Məhkəməsi həmçinin nəzərə almışdır ki, işlərə mahiyyəti üzrə baxan məhkəmələr, məhkəmə qərarlarının icrası ilə bağlı məsuliyyətə cəlb edilməsi məsələsinə baxarkən işin faktiki, o cümlədən əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsi hallarının hərtərəfli araşdırmasının təmin edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə əməl etməmişlər. Nəticədə Avropa Məhkəməsi hesab etmişdir ki, qərəzliliyin müəyyən edilməsi ilə bağlı dəlil əhəmiyyətli xarakterli olaraq məhkəmə baxışının nəticələri üçün həlledici rol daşımış, müvafiq olaraq yerli məhkəmələrin həmin dəlillə bağlı əsaslandırılmış qərarın verməməsi isə Konvensiyanın 6cı maddəsinin pozuntusunu təşkil etmişdir (bax, Kərimov və Qeyriləri Azərbaycana qarşı, №№ 24219/16 və s., §§ 31-34, 22 iyul 2021). Hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İXM-nin 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə, yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-186/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-186/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver