Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-204/2024 11.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Göygöl şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Göygöl şəhəri A. Hacıyev küçəsi ev 28 qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-3371/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin və hər ay əlavə xərc olaraq 100 (bir yüz) manat məbləğin Şəxs tutularaq tələbkar X3 ödənilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)- 1765/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qət edilən 100 (bir yüz) manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq 160 (bir yüz altmış) manat müəyyən edilmişdir. Hər iki icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Şəxs adına müvafiq sorğular edilmiş, onun adına heç bir rəsmi gəlir, pensiya və daşınar-daşınmaz əmlak aşkar edilməmişdir. İcranı təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Borclu 2018-ci ildə cəmi 600 (altı yüz) manat ödəniş etmiş, axtarışda olduğu vaxtlarda isə hissə-hissə olmaqla cəmi 1050 (bir min əlli) manat ödəniş etmişdir. Protokol tərtib olunan tarixə borclunun icra sənədi üzrə 2024-cü ilin may ayı da daxil olmaqla cəmi 13990 (on üç min doqquz yüz doxsan) manat borcu vardır. Borclu izahatında da bildirmişdir ki, borcundan xəbərdardır və borcunu işləməməsinə görə ödəyə bilməmişdir. İş tapan kimi aliment borcunu ödəyəcəyini qeyd etmişdir. Tələbkara bu barədə bildirilsə də o, bununla heç bir halda razılaşmamışdır. Borcluya vaxt verilməsinə baxmayaraq son dövrlərdə borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünü təqsirli bilir. 2024-cü ilin mart ayında təxminən aliment borcundan 240 (iki yüz qırx) manat, aprel ayının ortasında 200 (iki yüz) manat, may ayında isə 100 (bir yüz) manat ödəniş etmişdir. Ödənişləri tələbkara kart və terminal vasitəsi ilə etmişdir, amma ödəniş etməsinə dair çekləri özündə saxlamamışdır. Həmçinin 2018-ci ildə cəmi 600 (altı yüz) manat və sonradan isə müəyyən vaxtlarda hissə-hissə olmaqla cəmi 1050 (bir min əlli) manat ödəniş etmişdir. Bu həftə ərzində 1500 (bir min beş yüz) manat ödəniş edəcəyinə dair söz verir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclas zalında tələbkar X6 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanıldıqda o, borclunun 1 həftə ərzində 1500 (bir min beş yüz) manat ödəyəcəyi ilə razılaşmamış və həmin müddətə 13990 (on üç min doqquz yüz doxsan) manat olan aliment borcunun ən az yarısını, yəni 7000 (yeddi min) manat ödənilməsini tələb etmişdir. Məhkəmə icra sənədi üzrə tələbkar X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədlərinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-3371/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq 20 aprel 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (bir yüz) manat alimentin və hər ay əlavə xərc olaraq 100 (bir yüz) manat məbləğin tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1765/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 20 aprel 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay müəyyən edilmiş 100 (bir yüz) manat alimentin məbləği artılıraq hər ay 160 (bir yüz altmış) manat müəyyən edilmişdir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 3(066)-112/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. İş materiallarında olan borclunun axtarılması barədə 04 sentyabr 2018-ci il tarixli qərardadn görünür ki, xx.xx.1986-cı il tarixdə Xanlar şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-3371/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il tarixdən başlayaraq 20 aprel 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit məbləğdə 100 (bir yüz) manat alimentin və hər ay əlavə xərc olaraq 100 (bir yüz) manat məbləğin tutularaq Nəbiyeva (Əbdürrəhimova) Elnarə Yusif qızına ödənilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-1765/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Yevlax Rayon Məhkəməsinin 2(039)- 3371/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qət edilən 100 (bir yüz) manat alimentin məbləği artırılaraq hər ay 160 (bir yüz altmış) manat müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borculya tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmiş və izahatı alınmışdır. Borclu tərəfindən icra sənədi üzürlü bir səbəb olmadan icra edilməmiş, hazırda borclunun icra sənədi üzrə cəmi 13990 (on üç min doqquz yüz doxsan) manat borcu yaranmışdır. Borclu izahatında bir həftə ərzində 1500 (bir min beş yüz) manat ödəyəciyini bildirmişdir. Məhkəmə iclas zalında tələbkarla mobil telefon vasitəsi ilə əlaqə saxlanıldıqda o, borclunun 1 həftə ərzində 1500 (bir min beş yüz) manat ödəyəcəyi ilə razılaşmamış və həmin müddətə 13990 (on üç min doqquz yüz doxsan) manat olan aliment borcunun ən az yarısını, yəni 7000 (yeddi min) manat ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq heç bir ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 16:20-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-204/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-204/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver