Məhkəmə qərarları › İş №3(066)-209/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-209/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-209/2024 12.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş aparılan Şəxs, tələbkar Zərərçəkmiş şəxs, Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxx 2003-cü ildə Rusiya Federasiyası Samara şəhərində anadan olmuş, öz deməsinə görə Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Göygöl rayonu, Üçtəpə kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Göygöl rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 12 iyun 2024-cü il tarixdə Göygöl rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Göygöl rayon Məhkəməsinin 2(018)-605/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsinə və icra sənədinə əsasən Zərərçəkmiş şəxs övladı 20 sentyabr 2019-cu il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 11:00-dək gecəni qalmaq şərti ilə ünsüyyətdə olmalıdır. Qeyd edilən icra sənədləri icraya yönəldilsə də, borclu Şəxs məhkəmə icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Baş vermiş inzibati xətahadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Göygöl rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, o, Rusiya Federasiyası Samara şəhərində anadan olmala, Rusiya Federasiyası vətəndaşıdır. Tələbkar Zərərçəkmiş şəxs onun keçmiş əridir. Onların birgə nikahlarından 20 sentyabr 2019-cu il təvəllüdlü X5 adlı uşağı olmuşdur. Göygöl rayon Məhkəməsinin 2(018)-605/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsinə və icra sənədinə əsasən Zərərçəkmiş şəxs övladı X5 ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 11:00-dək gecəni qalmaq şərti ilə ünsüyyətdə olmalıdır. O, Göygöl rayon Məhkəməsinin 2(018)-605/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsinə və icra sənədinə əməl etmişdir. Ancaq Rusiya Federasiyası vətəndaşı olmasına, özünün və ailəsinin daimi yaşamaq yerini Rusiya Federasiyası Samara şəhərini seçməsinə görə 2023-cü ilin iyun ayında Rusiya Federasiyasına getmək qərarına gəlmişdir. Buna görə də sabiq əri Zərərçəkmiş şəxs ona 20 sentyabr 2019-cu il təvəllüdlü X3 xarici ölkəyə aparıb, qaytarması ilə əlaqədar razılıq ərizəsi də vermişdir. Hal-hazırda o, qısa müddətə Azərbaycan Republikasına gəlmişdir. Gəlməmişdən qabaq isə o, sabiq əri Zərərçəkmiş şəxs zəng edərək 20 sentyabr 2019-cu il təvəllüdlü X2 da Azərbaycan Republikasına gətirilməsi üçün gediş-gəliş bileti və digər xərclər üçün pul istəmişdir. Çünkü özü heç bir yerdə işləmir, maddi imkanı aşağıdır, aldığı aliment isə övladının böyütməyə kifayət belə etmir. Əgər tələbkar Zərərçəkmiş şəxs onun və uşağın gediş-gəliş xərcini qarşılayarsa o, indidə gedib, 20 sentyabr 2019-cu il təvəllüdlü X3 gətirə bilər. Belə də o, həmin icra sənədlərini icra etməkdən boyun qaqçırtmır, Zərərçəkmiş şəxs övladı X5 ilə ünsüyyətdə olmasına razıdır, heç vaxtı da maneə yaratmamışdır. Ancaq Rusiya Federasiyası vətəndaşı olub, ailəsi ilə orada yaşamasına və maddi imkanın aşağı olmasına görə ondan asılı olmayan səbəblərdən bunu edə bilmir. Odur ki, məhkəmədən barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati işə xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs vermiş olduğu izahatında göstərdi ki, Şəxs onun keçmiş arvadıdır. Onların birgə nikahlarından 20 sentyabr 2019-cu il təvəllüdlü X5 adlı uşağı olmuşdur. Göygöl rayon Məhkəməsinin 2(018)-605/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsinə və icra sənədinə əsasən Zərərçəkmiş şəxs övladı X5 ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 11:00-dək gecəni qalmaq şərti ilə ünsüyyətdə olmalıdır. O, aliment borcunu vaxtlı-vaxtında ödəyir. Şəxs 2023-cü ilin iyun ayında Rusiya Federasiyasına getmək qərarına gəlmişdir. Buna görə də o, ona 20 sentyabr 2019-cu il təvəllüdlü X3 xarici ölkəyə aparıb, qaytarması ilə əlaqədar razılıq ərizəsi də vermişdir. Hal-hazırda o, Azərbaycan Republikasına gəlmiş olsa da X3 gətirməmişdir. Gəlməmişdən qabaq isə Şəxs ona zəng edərək 20 sentyabr 2019-cu il təvəllüdlü X2 da Azərbaycan Republikasına gətirilməsi üçün gediş-gəliş bileti və digər xərclər üçün 1400 (bir min dörd yüz) manat pul istəmişdir. Ancaq o, hesab etmişdir ki, Şəxs ondan artıq pul istəmişdir. Ona görə də Şəxs pul göndərməmişdir. Hesab edir ki, Şəxs uşağını ona qədən göstərmir. Məhkəmə iclası zamanı Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Göygöl rayon Məhkəməsinin 2(018)-605/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsinə və icra sənədi 03 avqust 2022-ci il tarixdə Göygöl rayon İcra və probasiya şöbəsinə daxil olmuşdur. 2023-cü ilin iyun ayında borclu Şəxs 20 sentyabr 2019-cu il təvəllüdlü X3 Zərərçəkmiş şəxs razılıq ərizəsinə əsasən ona xarici ölkəyə aparıb, qaytarması ilə əlaqədar razılıq ərizəsi əsasında Rusiya Federasiyası Samara şəhərinə aparmasına görə Göygöl rayon Məhkəməsinin 2(018)-605/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsini icra etmək mümkün olmamışdır. Hesab edir ki, borclu Şəxs məhkəmə qətnaməslərinin icrasından qəsdən boyun qaçırır. İnzibati xəta haqqında işin materialına əlavə edilmiş, sənədlərdən məlum olur ki, Şəxs xx xxx 2003-cü ildə Rusiya Federasiyası Samara şəhərində anadan olmuş, Rusiya Federasiyası vətəndaşıdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, proses iştirakçılarınınizahatlarını dinləyərək hesab edir ki, təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə, eləcə də əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, Göygöl rayon Məhkəməsinin 2(018)- 605/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsinə və icra sənədinə əsasən Zərərçəkmiş şəxs övladı 20 sentyabr 2019-cu il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü saat 11:00dan bazar günü saat 11:00-dək gecəni qalmaq şərti ilə ünsüyyətdə olmalıdır. Göygöl rayon Məhkəməsinin 2(018)-605/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsi 2023-cü ilin iyun ayına kimi icra edilmişdir. Ancaq Şəxs həmin vaxtdan, anadan olduğu, özünün və ailəsinin daimi yaşayış yeri kimi seçdikləri Rusiya Federasiyasının Samara şəhərinə getməsinə görə qətnamənin icrası mümkün olmamışdır. Borclu Şəxs məhkəmə iclasında bir daha da göstərdi ki, o, Göygöl rayon Məhkəməsinin 2(018)-605/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsinin icrasına maneə olmaq fikri yoxdur. Ancaq o, özünün və ailəsinin daimi yaşayış yeri kimi Rusiya Federasiyasının Samara şəhərində yaşamasına, maddi imkanı olmamasına, tələbkar Zərərçəkmiş şəxs ona pul göndərməməsinə görə 20 sentyabr 2019cu il təvəllüdlü X3 Azərbaycan Republikasına gətirə bilməmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, borclu Şəxs uşağın gediş-gəliş xərci üçün pul istəmiş olsada o, göndərməmişdir. Ona görə də məhkəmə hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 13 saylı qərarının 7.10-cu maddəsində qeyd edilirki, Nəzərə almaq lazımdır ki, cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddia tələblərinin rədd edilməsi üçün müstəqil əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası iləəlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş materiallarında hər-hansı bir sübut yoxdur. Ona icra sənədinin icra edilməməsinə görə inzibati məsuliyyətininin ona izah edilməsinə dair hər hansı bir sənəd inzibati materiala əlavə edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasənbarəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuşşəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsindəşübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar