Məhkəmə qərarları › İş №3(066)-216/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-216/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-216/2025 23.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 xx.xx.2025-ci il tarixli, EQ 27841631 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək barəsində olan xx.xx.2025-ci il tarixli, EQ 27841631 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, istifadəsində olan “Daf FT XF105.460T YÜK” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sement daşıması həyata keçirir. xx.xx.2025-ci il tarixdə Qazax rayonunda yerləşən “Arkoz” sement zavodundan 26.18 ton (26.180 kq) sement yükləyərək çatdırılması üçün Bakı şəhəri istiqamətində yola çıxmışdır. Nəqliyyatın boş çəkisi 13.34 ton (13.340 kq), dolu çəkisi isə 39.52 ion (39.520 kq) təşkil etmişdir. Hərəkətdə olarkən Ağstafa və Ucar rayonunda iri qabaritli ağır çəkili nəqliyyat vasitələrinin çəkisini ölçmək üçün nəzərdə tutulan elektron tərəzilər qurulmuş yoldan keçməklə Bakı şəhərinə doğru hərəkət etmişdir. Həmin elektron tərəzilər nəqliyyat vasitəsi üzərindən keçərkən saxlamadan çəkisini müəyyən edir. Ağstafa və Ucar rayonlarından keçərkən həmin elektron tərəzilər onun nəqliyyat vasitəsində icazə veriləndən artıq çəki müəyyən etməmişdir. Lakin daha sonra hərəkətini davam etdirərkən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində, Qaradağ postundan keçərkən (M-2 47.9 km hissəsi) postun yaxınlığında quraşdırılmış elektron tərəzinin üzərindən keçmişdir. Bu zaman xx.xx.2025-ci il tarixdə ona elektron qaydada inzibati tənbeh vermə haqqında elektron qərar təqdim edilmişdir. Həmin qərarla İXM-nin 353.2-ci maddəsi ilə 600 manat məbləğdə cərimə olunmuşdur. Səbəb isə bu olmuşdur ki, guya nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisi icazə verilən maksimal çəkidən, yəni 40 tondan artıq, 42.840 kq olmuşdur. Lakin bu həqiqəti əks etdirmir. Belə ki, zavoddan 26.18 ton (26.180 kq) sement yüklənmişdir. Nəqliyyatın boş çəkisi 13.34 ton (13.340 kq), dolu çəkisi isə 39.52 ton (49.520 kq) təşkil etmişdir. Hərəkətdə olarkən nəqliyyat vasitəsinə əlavə yanacaq doldurduğundan nəqliyyatın çəkisi artaraq 39.72 ton (39.720) kq olmuşdur. Qaradağ postunda tərəziyə çıxarkən nəqliyyatın çəkisi faktiki olaraq 39.72 ton (39.720 kq) olmuşdur. Bu çəki də icazə verilən maksimal kütləni keçməmişdir. Qeyd etmişdir ki, Bakı-Qazax Magistral yolunun Qaradağ postu istiqamətindən keçən hissəsi üç zolaqlı olduğundan hər zolaqda elektron tərəzi quraşdırılmışdır. Onun nəqliyyat vasitəsi isə orta hərəkət zolağında quraşdırılan elektron tərəzi ilə çəkilmişdir. Ümumiyyətlə, həmin orta hərəkət zolağında quraşdırılan elektron tərəzi ilə bir neçə digər sürücü yoldaşların da nəqliyyat vasitələri çəkilmiş və çəki real çəkidən çox müəyyən edilmişdir və əsassız cərimə tətbiq olunmuşdur. Həmin əsassız cərimələr məhkəmələr tərəfindən silinmişdir. Səbəb isə budur ki, həqiqətən də həmin orta zolaqdakı elektron tərəzi texniki cəhətdən nasazdır və çəkini düzgün müəyyən etmir. Nəticədə sürücülərə əsassız cərimələr yazılır. Əlavə olaraq qeyd etmişdir ki, daşıdığı sementi Bakı şəhəri, Yasamal rayonunda MİDA-ya məxsus beton zavoda təhvil verərkən orada da nəqliyyat vasitəsi tərəzidə çəkilmiş və çəkisi 39.720 kq olması müəyyən edilmişdir. Bunu həmin tərəzi çeki və malı təhvil alan məsul şəxslə imzaladıqları əmtəə nəqliyyat qaiməsi də təsdiq edir. Əgər nəqliyyat vasitəsinin ümumi kütləsi 40 tonu keçsə idi elə həmin tərəzi də bunu müəyyən edərdi. Lakin əksinə həmin tərəzi çəkini 39.720 kq müəyyən etmişdir. Həmçinin, qeyd etmişdir ki, həmin orta zolaqda quraşdırılmış elektron tərəzi nəqliyyat vasitəsinin real çəkisindən 3 tondan artıq çəki müəyyən edir. Bu da onu deməyə əsas verir ki, həmin tərəzidə çox ciddi nasazlıq vardır. Göründüyü kimi barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuz və əsassızdır və ləğv edilməlidir. Məhkəmə iclası zamanı inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 məhkəməyə ərizə təqdim edərək şikayət ərizəsinə obyektiv, hər tərəfli baxılması üçün işin Qaradağ Rayon Məhkəməsinə aidiyyatı üzrə göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət baxılması üçün aidiyyəti üzrə düzgün verilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. - 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Şikayətdən və əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta haqqında protokolda qeyd edilən xətanı X3 M-2 47.9 km, Bakı istiqamətində hərəkət edən zaman Qaradağ rayonu, Səngəçal qəsəbəsində törətmişdir. Odur ki, xətanın törədildiyi yer Qaradağ rayonu hesab olunur, həmin yer isə Göygöl Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Hazırkı halda məhkəmə hesab edir ki, şikayət xətanın törədildiyi yer üzrə verilmədiyindən, həmçinin şikayət verən şəxsin ərizəsini nəzərə alaraq şikayət ərizəsinə tam, obyektiv və hər tərəfli baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. - 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 110, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 xx.xx.2025-ci il tarixli, EQ 27841631 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar