Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-224/2025 24.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Göygöl rayonu, Topalhəsənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göygöl rayonu Topalhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Göygöl rayon prokurorunun “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 22 may 2025-ci il tarixli qərarı və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Göygöl rayon prokuroru, baş ədliyyə müşaviri Rəsul Həsənov tərəfindən “inzibati xəta haqqında iş üzrə icraata başlanması barədə” qərar və ona əlavə edilmiş sənədlər xx.xx.2025-ci il tarixdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Qərarda qeyd olunur ki, Fiziki şəxs Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mərhum babasına məxsus olan mülki silah hesab edilən 1 ədəd “Toz-16” markalı, yivsiz ov silahını özündə saxlayaraq vaxtında müvafiq icra hakimiyyəti orqanına təqdim etməməklə Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxs tərəfindən mülki silahın saxlanılması inzibati xətasını törətmişdir. Şəxs izahatında mərhum X1ndan yadigar qalmış sənədsiz, nömrəsi silinmiş, “TOZ-16” markalı, 16 çaplı, yivsiz, tək lüləli ov tüfəngini bir müddət evdə saxladığını, sonradan istifadə olunmadığı üçün xx.xx.2025- ci il tarixdə Göygöl RPŞ-ya ərizə ilə müraciət edərək həmin silahı təhvil verdiyini bildirmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Şəxs xüsusi icazəsi olmadan mülki silah hesab edilən “TOZ-16” markalı tüfəngi özündə saxlamaqla Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsində göstərilmişdir ki, həmin məcəllənin 590.2-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta haqqında işlərə məhkəmələr tərəfindən baxılır. Göygöl rayon X8 Bölməsinin təhqiqatçısı Nizami Şəbəndəyev tərəfindən 30 yanvar 2025-ci il tarixdə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət hadisəsinin olması müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanması rədd edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən, fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. İnzibati qərar qəbul edən orqan Göygöl Rayon Prokurorluğuna məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada bildiriş göndərilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, yararsız və paslı vəziyyətdə olan, ortadan qırılmış silahı özü həyətdə işləyərkən görmüş, dərhal könüllü şəkildə sahə polisinə məlumat verərək təhvil vermişdir. Silahın nə vaxtdan orada olması barədə məlumatı yoxdur və əvvəllər heç vaxt görməmişdir. İş materiallarında olan: “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Göygöl RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Nizami Şəbəndəyev tərəfindən 30 yanvar 2025-ci il tarixli qərarda qeyd olunur ki, Göygöl rayonu Zurnabad kəndində yaşayan Şəxs Göygöl RPŞ-nə ərizə ilə müraciət edərək mərhum X1ndan qalmış bir ədəd sənətsiz, Toz 16 kalibirli, tək lüləli, nömrəsi silinmiş ov silahı qaldığını, o, həmin silahdan heç vaxt istifadə etmədiyini və yadigar kimi həmin silahı saxladığını, həmin silahı Göygöl rayon Polis Şöbəsinə təhvil vermək qərarına gələrək silahı Polis Şöbəsinə gətirdiyini bildirmişdir. Həmin ərizə xx.xx.2025-ci il tarixdə Göygöl RPŞ-də HK-1/130 nömrə ilə qeydiyyata alınaraq icrası ona həvalə edilmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə Göygöl RPŞ-nin İTB-nin polis sahə rəisi, Polis leytenantı Elnur Hacıyev raportla Göygöl RPŞ-nin rəisinə məruzə edərək xx.xx.2025-ci il tarixdə Göygöl rayonu Zurnabad kəndində Göygöl RPŞ- nin İTB-nin sahənin polis nəfəri, Polis baş serjantı Fariz Bayramov ilə birlikdə xidmətdə olarkən Göygöl rayonu Zurnabad kəndində yaşayan Şəxs ilə profilaktiki söhbətlər aparan zaman Şəxs mərhum X1ndan bir ədəd sənətsiz, Toz 16 kalibirli, tək lüləli, nömrəsi silinmiş ov silahı qaldığını bildirərək həmin silahı Polis şöbəsinə təhvil vermək istədiyini bildirmişdir. Onlar həmin vətəndaşı silahı ilə birlikdə Polis şöbəsinə dəvət edərək gətirmişdir. Həmin raport xx.xx.2025-ci il tarixdə Göygöl RPŞ-də qeydiyyata alınaraq HK-1/130 nömrəli materiala əlavə edilmişdir. Araşdırma zamanı Şəxs təqdim etdiyi mərhum X1na məxsus Toz 16 kalibirli, tək lüləli, nömrəsi silinmiş ov silahına baxış keçirilərək foto şəkilləri çəkilmiş və baxış protokoluna əlavə olunmuşdur. Material üzrə izahatı alınmış Şəxs izahatında bildirmişdir ki, o, Göygöl rayonu Zurnabad kəndində ailəsi ilə yaşayır, X1 bir neçə il əvvəl rəhmətə getmişdir, babası rəhmətə getdikdən sonra babasından bir ədəd sənətsiz, Toz 16 kalibirli, tək lüləli, nömrəsi silinmiş ov silahı qalmışdır. O, həmin silahdan heç vaxt istifadə etməmişdir və həmin silah bir neçə ildir evin zirzəmisində qalmışdır.Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, Göygöl rayonu Zurnabad kəndində yaşayan Şəxs xx.xx.2025-cİ il tarixdə mərhum X1ndan qalmış Toz 16 kalibirli, tək lüləli. nömrəsi silinmiş yivsiz ov silahının qeydiyyatsız olmasını müəyyən edərək silahı təhvil vermək üçün Göygöl RPŞ-nə gətirmişdir. Belə ki, Şəxs xx.xx.2025-ci il tarixdə mərhum X1ndan qalmış Toz 16 kalibirli, tək lüləli, nömrəsi silinmiş yivsiz ov silahını könüllü olaraq Göygöl RPŞ-nə təhvil verməsi ilə bağlı hər hansı bir cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Şəxs götürülmüş Toz 16 kalibirli, tək lüləli, nömrəsi silinmiş yivsiz ov silahının aidiyyəti üzrə Azərbaycan Respublikası DİNin MTTBİ-nin silah anbarına təhvil verilməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilməlidir. Şəxs tərəfindən təqdim edilmiş ərizədə qeyd olunur: “Mən həmin silahdan heç vaxt istifadə etməmişəm və yadigar kimi həmin silahı saxlayırdım. Mən həmin silahı Göygöl rayon Polis Şöbəsinə təhvil vermək qərarına gələrək silahı Polis Şöbəsinə gətirdim. Odur ki, Toz 16 kalibirli, tək lüləli, nömrəsi silinmiş ov silahının təhvil götürülməsini Sizdən xahiş edirəm”. Şəxs xx.xx.2025-ci il tarixli Göygöl rayon Polis şöbəsində izahatında bildirir: “X1 bir neçə il əvvəl rəhmətə getmişdir. Babam rəhmətə gedəndən sonra mənə bir ədəd sənədsiz 16 kalibrli tək lüləli, nömrəsi silinmiş silah qalmışdır. Mən həmin silahdan heç vaxt istifadə etməmişəm”. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçısının izahatına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati xətanın obyektiv tərəf “xüsusi icazə almamış şəxslər” tərəfindən mülki silahın və onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasında ifadə olunur. İXM-in 590.1 və 590.2-ci maddələrində göstərilən inzibati xətaların predmeti mülki silah və onun üçün olan döyüş sursatıdır. Qeyd edilməsi vacibdir ki, qanunvericilik yivsiz ov silahının əldə olunması, saxlanması və satışı barədə icazə vermə qaydasını nəzərdə tutur. Odlu silahın əldə olunması, saxlanması və istifadə edilməsi qaydaları “Xidməti və mülki silah haqqında” 30 dekabr 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Adı çəkilən qanuna müvafiq olaraq, yivsiz odlu silahın əldə olunması, saxlanması, verilməsi və satılması üçün silah sahibi müvafiq icazə almalıdır. Məhz İXM-in 590-cı maddəsində göstərilən inzibati xəta subyektiv tərəfdən təqsirin qəsd forması ilə xarakterizə edilir. Həmin maddənin hüquqi təbiəti deməyə əsas verir ki, bu inzibati xətanı törədən şəxs başa düşür ki, müvafiq dövlət orqanının icazəsi olmadan silahı əldə etmək, saxlamaq, başqa şəxslərə vermək, satmaq qadağandır. Hazırki halda barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən polis şöbəsinə könüllü şəkildə təqdim edilən silaha sahibliyi həyata keçirmək istəməmiş, bu əsasdan İXMnin 590.2-ci maddəsinin dispozisiyasında qeyd edilən alternativ tərkibli xətalardan hər hansı birini törətməsi müəyyən olunmur. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-224/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-224/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver