Məhkəmə qərarları › İş №3(066)-237/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-237/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-237/2025 03.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1, tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Göyçay şəhəri, Heydər Əliyev prospekti, ev 207, mənzil 9-da qeydiyyatda olan və Göygöl rayonu Üçtəpə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə1 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə1 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs barəsində olan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(117)- 1001/2023 saylı icra vərəqəsi xx.xx.2025-ci ildə Göygöl rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, tələbin könüllü icrası ilə bağlı borcluya vaxt verilmiş, telefon vasitəsilə tələbin icra edilməsi ilə bağlı borclu ilə əlaqə saxlanılaraq şöbəyə dəvət edilmişdir. Lakin borclu tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Borclu icra sənədini icra etməkdən yayındığına və icra məmurunun dəvəti ilə şöbəyə gəlmədiyinə görə, həmçinin yaşadığı yerdə tapılmadığına görə barəsində axtarış elan edilmiş və polis əməkdaşları tərəfindən tapılaraq borclu icra şöbəsinə təhvil verilmişdir. Bundan sonra borclunun barəsində inzibati xəta ilə bağlı protokol tərtib olunmuşdur. Hazırda borclunun icra sənədi üzrə 2500 manata yaxın borcu var. Bugünkü tarixdə borclu icra sənədi üzrə borcu tam şəkildə ödəyə bilmədiyinə görə barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Əlavə olaraq bildirdi ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(117)-1001/2023 saylı icra vərəqəsi üzrə borclu Şəxs tələbkara 3747 manat əsas və 60 manat rüsum borcu olmuşdur. Borclu həmin icra sənədi üzrə bugünədək 300, 300 və 50 manat olmaqla cəmi 650 manat məbləğində ödəniş etmişdir. İnzibati xəta ilə bağlı protokolu müdafiə edərək borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, icra sənədi üzrə bugünədək ayda 300 manat məbləğində qismən ödənişlər etmiş, lakin himayəsində 2 azyaşlı uşağı olduğuna görə ödənişlərini tam şəkildə həyata keçirə bilməmişdir. Bugünkü tarixdə icra sənədi üzrə borcundan 1000 manat məbləğində ödəniş edə bilir. Yerdə qalan borcunu isə 2-3 ay ərzində bağlayacağını bildirdi. Məhkəmədən borcun hissə-hissə ödənilməsi ilə bağlı ona vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, borclunun barəsində ilkin məhkəmə icraatı Göyçay Rayon Məhkəməsində həyata keçirilmişdir. Həmin vaxtda borclunun yaxınları borclunun tutulmamasını ondan xahiş edərək borcun tam şəkildə ödəniləcəyi barədə ona söz vermişlər. Borclu 10 gün müddətində 1000 manat məbləğində ödəniş etməyi, yerdə qalan borcunu isə hissə-hissə ödəməyi öhdəsinə götürmüş, beləcə razılığa gəlmişlər. Lakin, həmin vaxt gəlib çatan zaman borclu tərəfindən söz verilmiş öhdəlik yerinə yetirilməmişdir. O bununla bağlı borcluya cavabdeh duran şəxslərə müraciət edən zaman həmin şəxslər məsələyə biganə qalmışlar. Bundan sonra borclu qeydiyyat ünvanını dəyişdiyinə görə icra tələbi ilə bağlı məsələyə Ucar Rayon Məhkəməsində baxılmış və borclu 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Borclu ilə təkrar borcun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Lakin, borclu icra sənədi üzrə borcundan cəmi 3 dəfə 300, 300 və 50 manat olmaqla ümumilikdə 650 manat ödəniş etmişdir. Daha sonra 06 mart 2025-ci il tarixdə borclu 10 gün müddətində borcundan 1000-1500 manat ödəniş edəcəyini bildirmiş, həmin ərəfədə verilən möhlətdən istifadə edərək qeydiyyatını Göygöl rayonuna dəyişmişdir. Hazırda borclu borcun hissə-hissə ödənilməsi ilə bağlı təkrar eyni vədləri ilə razılaşmadığını bildirdi. Odur ki, inzibati xəta ilə bağlı protokolun təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(117)-1001/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3747 manat borc və 60 manat mediasiya xərci tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi qərara alınmışdır. Göyçay rayon İcra və Probasiya şöbəsinin “icraata başlamaq haqqında” qərarının surətindən görünür ki, 2024-cü ilin yanvar ayında Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(117)-1001/2023 saylı icra vərəqəsi üzrə icraatın başlanması qərara alınmışdır. Ucar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, borclu Şəxs Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(117)- 1001/2023 saylı icra vərəqəsi üzrə göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi, əks halda icra sənədinin icrasının məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(117)- 1001/2023 saylı icra sənədinin icra olunması üçün Göygöl Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. Göygöl rayon İcra və Probaasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərarına əsasən borclu 1997-07-06-cı il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Borclu Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, o, halhazırda ünvan 3 ünvanında qeydiyyatda olmaqla Göygöl rayonu Üçtəpə kəndində yaşayır. Məhkəmə qərarından məlumatlıdır. Ona qərar bildiriş şəxsən təqdim olunmuş, icra məmuru tərəfindən yaranmış borcunun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Hal-hazırda heç yerdə işləmir, heç bir gəliri yoxdur. Qətnamə üzrə yaranmış borcdan bu günə qədər 650 manat ödəniş etmişdir. Bu gün heç bir ödəniş edə bilmir. Ödənişi hissə-hissə olmaqla hər ay 250-300 manat arası edə bilər. Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(117)-1001/2023 saylı sənədi üzrə borclu Şəxs 3807 manat pul vəsaitinin alınaraq tələbkar Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi, 57.47 manatın isə Dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Şəxs bugünə qalıq borcu 3214 manat təşkil edir. Göründüyü kimi Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(117)- 1001/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 3747 manat borc və 60 manat mediasiya xərci tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi qərara alınmışdır. Sözügedən icra sənədi Göygöl RİPŞ-yə daxil olmuş və Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri könüllü qaydada yerinə yetirməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra sənədi üzrə hazırda 3214 manat borcu vardır. Borclunun izahatı alınarkən o, halhazırda heç yerdə işləmədiyini, heç bir gəliri olmadığını, qətnamə üzrə yaranmış borcdan bu günə qədər 650 manat ödəniş etdiyini, bu gün heç bir ödəniş edə bilmədiyini, ödənişi hissə-hissə olmaqla hər ay 250-300 manat arası edə biləcəyini bildirmişdir. Məhkəmə tərəfindən borcluya ödənişin tam edilməsi təklif edilməsinə baxmayaraq ödəniş edilməmişdir. Bununla belə borclunun 2023-cü ildə qəbul edilmiş icra sənədi üzrə 3807 manat borcundan bugünədək cəmi 650 manat ödəniş etməsi, icra məmurunun çağırışlarına gəlməməsi, barəsində axtarışla bağlı qərar qəbul edilərək gətirilməsi, hazırkı işlə bağlı eyni inzibati xəta üzrə barəsində bundan əvvəl Ucar Rayon Məhkəməsində inzibati tənbeh tətbiq edilməsi, həmin inzibati xəta üzrə 2 dəfə Göyçay Rayon Məhkəməsində iş üzrə icraata xitam verilməsi halı onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi və tələbkarın nümayəndəsini dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarından aydın olur ki, sözügedən icra sənədlərinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması onu deməyə əsas verir ki, borclunun icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəyə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəyə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəyə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmaqla, borcun tam şəkildə ödənməsini tələb etməsini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar