Məhkəmə qərarları › İş №3(066)-269/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-269/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-269/2025 19.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Göygöl rayonu, Balçılı Ə/D, Balçılı kəndində qeydiyyatda olan, Gəncə şəhəri Ş.İ.Xətai pr. 50, ev 60-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 3100 manat pul və ödənilmiş 50 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi 13 aprel 2023-cü il tarixdə Göygöl Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə tərəflərindən icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Tərəflərindən borclu Şəxs adına X2 vasitəsilə borclunun adına müvafiq sorğular verilmiş, lakin borclunun rəsmi gəlir yeri və adına daşınmaz əmlak aşkar edilməmişdir. Bugünkü tarixə Şəxs 1350 manat ödənilməmiş borcu qalmışdır. Borclu izahatında da qeyd etdiyi kimi qalıq borcunu hər ay 100 manat məbləğində hissə-hissə ödəyəcəyini bildirmişdir. Tələbkar Zərərçəkmiş şəxs dəfələrlə İcra şöbəsinə şifahi və rəsmi qaydada müraciət etmiş, qalıq borcun ödənilməsi ilə bağlı zəruri tədbirlərin görülməsini xahiş etmişdir. Bununla da tərəflərindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə İnzibati Xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Əlavə olaraq bildirdi ki, borclu Şəxs tələbin könüllü icrası ilə bağlı bildiriş təqdim edilmiş, borcun ödənilməsi ilə bağlı şifahi və yazılı xəbərdarlıq edilmişdir. Borclu şəxs tərəfindən tələbkarın kart hesabına hər ay qismən ödənişlər edilmiş, həmçinin borclunun barəsində 24 sentyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş, lakin məhkəmə iclasında tələbar ərizə ilə müraciət edərək borclunun barəsində aparılan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh hər ay 100 manat məbləğində tələbkara ödənişlər etmiş, lakin borclunun son ödənişi 2025-ci ilin mart ayında olmuş, həmin vaxtdan bugünə kimi borclu Şəxs borcundan ödənişlər etməmiş, bununla bağlı tələbkar Zərərçəkmiş şəxs İcra şöbəsinə rəsmi qaydada müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, borcun tam ödənilməsini həyata keçirə bilməyəcək, əgər vaxt verilsə 200 manat ödəniş edə bilər. Məhkəmə iclasında dindirilən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu onun borcunu verməməklə süründürür, bu icra işi ilə bağlı üç dəfə məhkəməyə gəlmişlər, hər dəfə borclu vəd etmiş, inanmışdır. Yaxın vaxtlarda ev satmış, həmin vaxt borclu ona borcunu ödəyəcəyini bildirmişdir. Hər dəfə icra işi üzrə gedib-gəldikcə borcun ödənilməsini vəd etsə də yerinə yetirmir, borcun tam ödənilməsini istəyir. İş materiallarında olan: Göygöl Rayon Məhkəməsinin xx.xx.20242-ci il tarixli, 2(066)-903/2022 nömrəli icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı pul tələb dair iddiası üzrə qəbul eilmiş qətnamə icraya yönəlmiş, cavabdeh Şəxs 3100 manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumunu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-903/2022 nömrəli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraat başlanmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-903/2022 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi, əks halda icranın məcburi qaydada təmin ediləcəyi barədə məlumat verilmişdir. Borclunun izahatın surətindən görünür ki, Şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-903/2022 nömrəli icra vərəqəsi üzrə qalan məbləğdən hissəhissə 100 manat ödəyəcəyinə söz vermişdir. Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-903/2022 nömrəli icra vərəqəsinə əsasən Şəxs 3100 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu məhkəmə qətnaməsi ilə yaranmış borc məbləğindən 1350 manat ödəməmişdir, hissə-hissə hər ay 100 manat ödəyəcəyini izahatında bildirmişdir. Göründüyü kimi Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)- 903/2022 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 3100 manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumunu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Sözügedən icra sənədi Göygöl RİPŞ-yə daxil olmuş və Şəxsnun barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri könüllü qaydada yerinə yetirməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Şəxsnun icra sənədi üzrə hazırda 1350 manat borcu vardır. Borclunun izahatı alınarkən o, hazırda borcundan ödəniş borcunu bağlaya bilməyəcəyini bildirmişdir. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilmiş, bununla bağlı fikri dinlənmişdir. Buna baxmayaraq ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. Məhkəmə araşdırılması zamanı əldə edilmiş Göygöl Rayon Məhkəməsinin 3(066)- 215/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.20242-ci il tarixli, 2(066)-903/2022 nömrəli icra vərəqəsi əsasında başlanmış icra işi üzrə borclu Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xətaya dair protokolun baxılması üçün məhkəmə icraatına təqdim edilmiş, borclunun qismən-400 manat ödəniş edəcəyi qeyd edilərək iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin 3(066)-501/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.20242-ci il tarixli, 2(066)-903/2022 nömrəli icra vərəqəsi əsasında başlanmış icra işi üzrə borclu Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xətaya dair protokolun baxılması üçün məhkəmə icraatına təqdim edilmiş, borclunun qismən-300 manat ödəniş edəcəyi qeyd edilərək iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin 3(066)-353/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, eyni icra işi üzrə yenidən borclu Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xətaya dair protokolun baxılması üçün məhkəmə icraatına təqdim edilmiş, məhkəmə araşdırmsı gedişində borclunun ilkin olaraq 400 manat, hər ay 100 manat olmaqla ödəniş edəcəyi təklifinə tələbkar Zərərçəkmiş şəxs razılıq vermiş, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi Göygöl Rayon Məhkəməsinin xx.xx.20242-ci il tarixli, 2(066)-903/2022 nömrəli icra vərəqəsi əsasında müxtəlif zaman kəsiklərində borclunun AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi dair protokola baxılmış, borclu Şəxs pediodik olaraq ödənişlər edəcəyi vədi vermişdir. Eyni zamanda “Elektron məhkəmə” informasiya sistemi və “Elektron icra” informasiya sistemlərindən əldə edilən çıxarışlardan görünür ki, Şəxs “borclu” statusunda olduğu digər məhkəmə qətnamələri və bu əsasla icra işləri də vardır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarından aydın olur ki, sözügedən icra sənədlərinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, şəxs nəinki qanunlara əməl edilməsi ruhunda tərbiyələnmiş, hətta belə hüquqazidd halı vərdiş halına çevirmişdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəyə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəyə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəyə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki halda borclu Şəxs şəxsiyyətini, işin hallarını, icra vərəqəsinin verilməsindən keçən zaman kəsiyini, müxtəlif vaxtlarda şəxs barəsində başlanmış inzibati xəta törətməsinə dair protokollara dair məhkəmə qərarlarını, şəxsiin AR İXM-nin 528.1-ci maddəsinə nəzərdə tutulmuş məhz inzibati həbs tənbeh tətbirinin tətbiqi ilə islahının mümkün olması qənaətinə gəlinir.Eyni zamanda AR İXM-nin 30-cu maddəsinə uyğun olaraq inzibati həbs tənbeh tətbirinin tətbiqini məhudlaşdıran hal mövcud olmamışdır. İşin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli xx.xx.2025-ci il tarixdən saat 18:30-dan hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar