Məhkəmə qərarları › İş №3(066)-277/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-277/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-277/2023 16.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkı ilə, xx.xx.1968-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Şeyxzamanov küçəsi, ev 2, mənzil 7-də yaşayan Şəxs (AA ********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 329.1, 329.3 və 333.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Göygöl rayonu Yol patrul xidməti inspektoru tərəfindən İXM-nin 329.1, 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibаti xətа haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 11:49-da Göygöl şəhərində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməsi, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozması hallarına yol vermiş və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də onun barəsində İXM-nin 329.1, 329.3 və 333.1-ci maddələri ilə inzibаti xətа haqqında prtokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon polis şöbəsinin X6 Yol Patrul Xidmətinin inspektoru polis serjantı X4 protokolu müdafiə edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 11:49-da Gəncə şəhər sakini Şəxs Göygöl rayonu ərazisində «VAZ 2108-01 minik» markalı, **-DP-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə və işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozduğuna görə idarə etdiyi avtomobil onun tərəfindən saxlanılmışdır. Həmin vaxt Şəxs avtomaşını sərxoş vəziyyətdə idarə etməsi məlum olmuş və alkotesterlə yoxlama zamanı onda alkoqolun miqdarının 4.177 promill olması müəyyən edilmişdir. Odur ki, tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Göygöl Rayon Məhkəməsinə gətirmişdir. Şəxs barəsində qanuni tənbehin seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan narazıdır. Hadisə vaxtı o, sərxoş olmamışdır və barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-nin 333.1-ci maddəsi ilə inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 333.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibаti iş mаteriаllarına əlаvə edilmiş: İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokoldan müəyyən olunur ki, Şəxs 23 may 2023-cü il tarixdə saat 11:49-da Göygöl rayonu ərazisində «VAZ 2108-01 minik» markalı, **-DP-*** dövlət nömrə nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmaqla sərxoş vəziyyətdə idarə etmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, Şəxs məxsus «VAZ 2108-01 minik» markalı, **-DP-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə saxlanca qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə həmin duracaqdan buraxılmışdır. Alkotester qəbzindən görünür ki, xx.xx.2023-cü ildə saat 11:43-də keçirilən alkotester yoxlaması zamanı Şəxs alkoqolun miqdarı 4.177 promil olması müəyyən olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 23 may 2023-cü il tarixdə saat 11:49da Göygöl rayonu ərazisində «VAZ 2108-01 minik» markalı, **-DP-*** dövlət nömrə nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də onun barəsində İXM-nin 333.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu təqdim edərək hadisə vaxtı ayıq olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hadisə törədiləndən xeyli müddət sonra sərxoşluqla bağlı həkim müayinəsindən keçmişdir. Məhkəmə həmin rəyi inandırıcı hesab etmir. Belə ki, həmin müayinə alkotester müayinəsi aparılandan təxminən 5 saat sonra keçirilmişdir. Həmçinin məhkəmə baxışı zamanı protokol tərtib etmiş şəxs tərəfindən təqdim edilmiş CD disk materialına da baxış keçirilmişdir. Baxış zamanı video görüntüdən məlum olmuşdur ki, Şəxs qayda pozduğunu, hadisədən əvvəl spirtli içki qəbul etdiyini və inzibati xəta törətdiyini etiraf edir. Qeyd olunan görüntüdən Şəxs sərxoş olması da müəyyən olur. Həmçinin inzibati materiala əlavə olunmuş alokotester qəbzindən Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş olması müəyyən olunur. Odur ki, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 209 №-li qərarının 2.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, ayaq üstə sərbəst dayana bilmədikdə və özünü idarə edə bilmədikdə həyata keçirilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin qərarın 2.6-cı maddəsinə əsasən, müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Həmin qərarın 2.7-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin qərarın 3.1-ci maddəsinə əsasən, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin qərarın 3.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Həmin qərarın 3.4-cü maddəsinə əsasən, müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. Məhkəmə Şəxs hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, ona təqsirli olduğu İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehi tətbiq edilməlidir. Eyni zamanda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə yanaşı, həmçinin 329.1ci və 329.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən, İXM-nin 329.1-ci və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 329.3cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, dörd yüz manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 329.3-cü maddəslərinə münasibətdə baxılması üçün Göygöl rayon polis şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin. Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci mаddəsi ilə bаrəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Gəncə şəhəri üzrə İcra İdarəsinə həvаlə edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 329.3-cü maddələrinə münasibətdə baxılması üçün Göygöl rayon polis şöbəsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Əyyub Kərimov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ___ _________________________________________ ___ __ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan _ İş № 3(066)-277/2023 16 iyun 2023-cü il Göygöl rayon polis şöbəsinə Göygöl şəhəri, A.Hacıyev küçəsi, 93 Surəti: Şəxs Gəncə şəhəri, Şeyxzamanov küçəsi, ev 2, mənzil 7 Göygöl Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 3(066)-277/2023 nömrəli qərarının surəti məlumat və icra edilməsi üçün sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar