Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-280/2025 22.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi ilə, X2 məhkəmə iclas katibliyi, Göygöl rayonu yol patrul xidməti inspektoru polis serjantı Nümayəndə iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1–ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1–ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Göygöl Rayon Polis Şöbəsinin polis X1 tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Barəsində qərar çıxarılmış şəxs X7 inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək xx.xx.2025-ci il tarixli Göygöl Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən barəsində tərtib olunmuş və 400 manat cərimə edilməsi haqqında inzibati xətaya dair qərarın ləğv edilməsinə, barəsində olan inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində Göygöl Rayon Aşıqlı kəndində (Hacıkənd ərazisi) Göygöl Rayon Polis Şöbəsinin əməkdaşı Polis X1 tərəfindən idarə etdiyi “Skoda Rapid’’ markalı, 77EJ083 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və guya alkoqollu vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyi iddia edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrinə əsasən 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq olunmuşdur. Lakin həmin gün-xx.xx.2025-ci il tarixdə, saat 15:38-də, müstəqil və rəsmi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində tibbi müayinədən keçmişdir. Müayinənin nəticəsinə dair tərtib olunmuş protokol №2287/2025 və AZS 155 saylı tibbi sənədə əsasən, qanında və nəfəsində alkoqolun mövcud olmadığı rəsmən təsdiqlənmişdir. Həmin sənədlər bu ərizəyə əlavə olunmuşdur. Polis əməkdaşı tərəfindən aparata üfürməsinə baxmayaraq, aparat 0.038 promil nəticə göstərmiş və ona heç bir hüquqi əsas olmadan hədə-qorxu gəlməklə etiraf yazısı imzalatdırılmışdır. Həmin etirafı maşınının cərimə ərazisinə aparmaqla hədələndiyi üçün yazmaq məcburiyyətində qalmışdır. Bu hal “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində nəzərdə tutulan könüllülük və obyektivlik prinsiplərinə ziddir. Yuxarıda qeyd edilənlərə və inzibati tənbeh tətbiqinə əsas verəcək heç bir sübutun olmamasına görə hesab etmişdir ki, barəsində çıxarılmış qərar əsassız və qanunsuzdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq, şikayət verən şəxs məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilir. Məhkəmə iclasında iştirak edən Göygöl rayonu yol patrul xidməti inspektoru polis serjantı Nümayəndə izahatında göstərdi ki, X7 barəsində “sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi” ilə bağlı inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Tərtib edilərkən şəxs alkotester müayinədən keçib, etirazı olmamamış, həkim müayinəsi tələb etməmişdir İş materiallarına əlavə edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə, saat 09.33 radələrində “Skoda Rapid” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Alkotester qəbzindən görünür ki, xx.xx.2025-ci ildə keçirilən alkotester yoxlaması zamanı X4 alkoqolun miqdarı 0.418 promill olması müəyyən olunmuşdur. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, X5 məxsus “Skoda Rapid” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saxlanca qəbul edilmiş və həmin tarixdə saxlandığı duracaqdan buraxılmışdır. Nəqliyyat vasitəsi saxlanca qəbul edilən zaman X7 narkoloji müayinəyə ehtiyac olmadığını qeyd etmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə ilə bağlı xx.xx.2025-ci il tarixli, 2287/2025 nömrəli protkoldan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə saat 15:38 radələrində özə şəxsi ərizəsi əsasında həkim müayinəsindən keçməklə sərxoş olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X7 xx.xx.2025-ci il tarixdə, saat 09:33 radələrində Göygöl rayonu ərazisində “Skoda Rapid” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqolun təsiri altında sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də onun barəsində İXM-nin 333.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X10 ərizəsində xx.xx.2025-ci il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etmədiyini, hadisə vaxtı ayıq olduğunu bildirmiş, bununla bağlı ərizəsinə əlavə etdiyi etdiyi xx.xx.2025ci il tarixli, 2287/2025 saylı sərxoşluq vəziyətinin tibbi müayinəsi aktında göstərilmişdir ki, X7 xx.xx.2025-ci il tarixdə saat 15:38-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Narkoloji Dispanserində tibbi müayinədən keçmiş və onda hər hansı sərxoşluq əlaməti aşkar edilməmişdir. Yəni tərtib edildikdən təxmini 4 saat sonra tibbi müayinədən keçərək sərxoş olmaması ilə bağlı həkim rəyi əldə etmiş və sözügedən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdə keçirilən alkotester müayinəsi zamanı sipirtli içki qəbul etməsi aşkar edilmiş, həmin şəxs həkim müayinəsindən keçməyə ehtiyac olmaması ilə bağlı avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktda müvafiq qeyd aparmışdır. Bununla belə inzibati xətanı törətmiş şəxsin hadisədən müəyyən müddət keçməsindən sonra polis əməkdaşının iştirakı olmadan şəxsən əldə etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2287/2025 saylı sərxoşluq vəziyətinin tibbi müayinəsi aktı mötəbər sübut hesab edilə bilməz. Odur ki, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X3 İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 96.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. 96.5-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 209 №-li qərarının 2.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, ayaq üstə sərbəst dayana bilmədikdə və özünü idarə edə bilmədikdə həyata keçirilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin qərarın 2.6-cı maddəsinə əsasən, müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Həmin qərarın 2.7-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin qərarın 3.1-ci maddəsinə əsasən, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin qərarın 3.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Həmin qərarın 3.4-cü maddəsinə əsasən, müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar xüsusi texniki vasitələrin köməyi ilə səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilmiş və məhkəmə iclasında öz təsdiqini tapmışdır. Beləliklə, X3 şikayəti əsassız olduğundan təmin edilməməli və xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1–ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Göygöl Rayon Polis Şöbəsinin polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan inzibati xətanın törədilməsində təqsirli bilinmiş X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-280/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-280/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver