Məhkəmə qərarları › İş №3(066)-284/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-284/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-284/2024 06.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi və Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1979-cu ildə Göygöl rayonu, Əzgilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Göygöl rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Göygöl Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2827/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 12398 manat maddi ziyanın əvəzi, 1000 manat vəkilə ödənilən xidmət haqqının və 17,25 manat məbləğində notariat xərcinin əvəzi, cəmi 13.415 (on üç min dörd yüz on beş) manat, 25 (iyirmi beş) qəpik və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 140 manat müştərək qaydada tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs hal-hazıra kimi 13.415 (on üç min dörd yüz on beş) manat, 25 (iyirmi beş) qəpik pulu tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. Buna görə də Göygöl rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Göygöl şəhəri, Hummel küçəsi, ev 33 ünvanında qeydiyyatda olmaqla, yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2827/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 13.415 (on üç min dörd yüz on beş) manat, 25 (iyirmi beş) qəpik pul alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Hal-hazırda yaranmış olan borclarını birdəfəyə imkanı olmadığı üçün ödəyə bilməz. Himayəsində 6 nəfər azyaşlı uşaq vardır. Vaxt verilərsə hissə-hissə borclarını ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2827/2023 saylı icra sənədi şöbənin icraatına daxil olduqdan sonra borclu Şəxs tələbin könüllü icrası barədə icraata başlamaq haqqında bildiriş və rəsmi xəbərdarlıqlar göndərilmişdir. Borclu Şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 2827/2023 saylı icra sənədi üzrə 13.415 (on üç min dörd yüz on beş) manat, 25 (iyirmi beş) qəpik pulu ödəməkdən imtina etmişdir. İş materallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 15.12. 2023-cü il tarixli, 2(066)-2827/2023 saylı icra sənədindən məlum olur ki, borclu Şəxs 13.415 (on üç min dörd yüz on beş) manat, 25 (iyirmi beş) qəpik pul alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Göygöl rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar