Məhkəmə qərarları › İş №3(066)-292/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-292/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-292/2025 29.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X3 iclas katibliyi, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.1980-ci ildə Göygöl rayonu Quşqara kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Göygöl rayonu Quşqara kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən fiziki şəxs Şəxs barəsində AR İXM-in və 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması, qərar və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, fiziki şəxs Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X4 2024-cü ilin oktyabr ayının əvvəllərindən 27 oktyabr 2024-cü il tarixədək Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən mebel təmiri sexində taxta kəsən dəzgahda taxta kəsmə və digər işlərə cəlb etmiş, həmçinin texniki təhlükəsizlik qaydalarına riayət etməli və sexdə təhlükəsiz iş şəraitinin yaradılmasına cavabdeh olan şəxs kimi 12.2.003-91 "istehsalat avadanlığı’’ DÜST-nın 1.2ci bəndinin 5, 8-ci abzaslarının, 2.1, 2.1.5-ci bəndlərinin tələblərinə əsasən təhlükə mənbəyi olan hərəkətli hissəsinə işçinin toxunmasını istisna edən, yaxud zədələnmələrin qarşısını alan qoruyucu vasitələrlə təmin edilməmiş taxta kəsən dəzgahın istismarına yol verməməli olduğu halda, qeyd edilən tələbləri yerinə yetirmədiyindən həmin sexdə taxta kəsmə və digər işlərə cəlb etdiyi X6 27 oktyabr 2024-cü il tarixdə taxta kəsən dəzgahda taxta kəsərkən sağ əlinin taxta kəsən dəzgahın kəsici hissəsinə ilişməsi nəticəsində dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid "sağ əlin İV-V barmaqlarının travmatik amputasiyası, sağ əlin ll-llİ barmaqlarının kəsilmiş yaraları” xəsarətlərini almış, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar X2, Şahid və Qanuni nümayəndə izahatları, hadisə yerinə baxış aparılması haqqında protokol, məhkəmə-tibbi ekspertizasının 20 noyabr 2024-cü il tarixli, 684 nömrəli və məhkəmə texniki-təhlükəsizlik ekspertizasının 08 may 2024-cü il tarixli, 10/2058 nömrəli rəyləri ilə öz təsdiqini tapmışdır. Şəxs izahatında qeyd edilən sexi işlətmədiyini göstərsə də, izahatları alınmış X6, Şahid və Qanuni nümayəndə izahatları, eləcə də digər sübutlarla Şəxs həmin sexi işlətməsi öz təsdiqini tapmışdır. X6 izahatında göstərmişdir ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində atası Qanuni nümayəndə məxsus mebel təmiri sexi vardır. Əvvəllər atası Nazim həmin sexi özü işlətsə də səhhətində problemlər olduğu üçün sonradan işləməmiş, sex istifadəsiz qalmışdır. 2024-cü ilin oktyabr ayında mebel təmiri işi ilə məşğul olan şəxs kimi tanıdığı həmkəndlisi Şəxs atası Qanuni nümayəndəla şifahi razılığa gələrək sexi işlətməyə başlamış, bu müddətdə o gündəlik 15-20 manat ödəniş qarşılığında Şəxs köməklik etmişdir. 27 oktyabr 2024-cü il tarixdə o, sexdə yerləşən dəzgahda taxta kəsərkən sağ əlinin dəzgahın kəsici hissəsinə ilişməsi nəticəsində xəsarət almışdır. Məhkəmə-tibbi ekspertizasının 20 noyabr 2024-cü il tarixli, 684 nömrəli rəyində göstərilmişdir ki, azyaşlı X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlin İV-V barmaqlarının travmatik amputasiyası, sağ əlin ll-lll barmaqlarının kəsilmiş yaraları - kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edimişdir. Məhkəmə texniki-təhlükəsizlik ekspertizasının 08 may 2024-cü il tarixli, 10/2058 nömrəli rəyində göstərilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar, 12.2.003-91 "İstehalat avadanlığı” DÜST-nın 1.2-ci bəndinin 5, 8-ci abzaslarının, 2.1, 2.1.5-ci bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki səbəbi olmuşdur. Göygöl rayonu, Quşqara kəndində X2 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən mebel sexində, təhlükə mənbəyi olan hərəkətli hissəsinə işçinin toxunmasını istisna edən, yaxud zədələnmələrin qarşısını alan qoruyucu vasitələrlə təmin edilməmiş taxta kəsən dəzgahın istismarına yol verildiyinə görə, 12.2.003-91 “İstehalat avadanlığı" DÜST-nın 1.2-ci bəndinin 5, 8-ci abzaslarının, 2.1, 2.1.5-ci bəndlərinin tələbləri sexdə təhlükəsiz iş şəraitinin yaradılmasına cavabdeh olan şəxs tərəfindən pozulmuşdur (konkret şəxs istintaq tərəfindən müəyyən edilə bilər). Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, zərərçəkmiş X6 tərəfindən qayda və təlimatların pozulması halı müəyyən edilməmişdir. “X1 Sistemi”ndə Şəxs işəgötürən kimi X6 ilə emək müqaviləsi bağlamasına dair məlumat aşkar edilməmişdir. Göygöl rayon prokurorunun köməkçisi, kiçik ədliyyə müşaviri Niyaməddin Bağırlı tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 27 oktyabr 2024-cü il tarixdə Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən mebel təmiri sexində iş vaxtı xəsarət alması ilə bağlı araşdırma aparılaraq hər hansı şəxsin əməlində hər hansı cinayət tərkibinin olması müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1, 198.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Göygöl Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında qərar və ona əlavə edilmiş 1108xid/25 nömrəli iş materialı Göygöl Rayon Prokurorluğuna araşdırılmanın tam aparılması üçün Göygöl Rayon Məhkəməsinin 09 iyul 2025-ci il tarixli qərardadı ilə qaytarılmış, Bundan sonra AR İXM-nin 198.3-cü maddəsi ilə inzibati icraat baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında göstərdi ki, o, xəstə olan zaman Şəxs zəng edərək ona məxsus sexdə laminatın birinə 5 manat ödəniş etmək şərtilə doğrama-kəsmə işləri görməsi ilə bağlı icazə istəmişdir. Şəxs onunla qonşu olduğu üçün etiraz etməmiş, Ramalın təklifinə razı olmuşdur. Əməliyyat olunduğundan 2-3 gün keçmiş idi ki, əməliyyatlı halda evində uzanıb yatan zaman oğlunun qışqırtı səsinə yaralı halda ayağa durub çölə çıxmış və oğlunun əlinin qan içində olduğunu görmüşdür. Həmin vaxtı yanlarında olan Ayxan adlı şəxs və qızı köməklik edib oğlunun əlini sarıyaraq onu Göygöl rayonundakı xəstəxanaya aparmışlar. Lakin həmin xəstəxanada oğluna köməklik edə bilməyəcəkləri deyiləndən sonra X7 şəhərində yerləşən Beynəlxalq Xəstəxanaya aparmışdır. Həmin xəstəxanada tibb bacısı tərəfindən Emin Məmmədzadəyə ilkin tibbi yardım göstərilməsi üçün 200 manat məbləğində ödəniş həyata keçirilmiş, daha sonra oğlunun əlinin əməliyyat olunması üçün 3000 manat vəsait tələb olunmuşdur. O, bununla bağlı məsələni Şəxs bildirən zaman Ramal həmin vaxtı pulu olmadığını, borc tapıb oğlunun əlini əməliyyat etdirməsini, təxmini 20 gün müddətini həmin borcu ödəyəcəyini bildirmişdir. Beləcə onlar sələm götürüb Şəxs yanında 3000 manat məbləğində xəstəxanaya ödəniş edərək oğlunun əlinin əməliyyat etdirmişlər. Əlavə olaraq bildirdi ki, həmin sexdə oğlu yaşlarında Ayxan adlı şəxs fəhlə kimi işləmişdir. Oğlu Emin də arada həmin sexə gedərək Ayxanın yanında olmuşdur. Şəxs ilə aralarında sexin işlədilməsi ilə bağlı şifahi razılaşma təqribi hadisə yaşanandan 20 gün əvvəl olmuşdur. Hadisə ilə bağlı hadisə yerinə sadəcə müstəntiq gəlmiş, əmək müfəttişliyindən həmin yerə gələn olmamışdır. X8 əlinin əməliyyat olunması ilə bağlı Şəxs tərəfindən heç bir maddi yardım göstərilməmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, hadisə baş verən günü sexdə olmuş və sexdən çıxıb evə getmək istəyən zaman Şəxs şəhərə getməli olduğunu ona bildirərək laminatın doğranılmasına köməklik göstərməsini istəmişdir. O da Ramalın sözünü yerə salmaq istəmədiyi üçün razılaşmışdır. Laminatı doğrayan zaman ani fikri yayındığı üçün stanok əl barmaqlarını kəsmişdir. Həmin ərəfədə yanında işləyən Ayxan köməklik göstərərək onun qapılarına gətirmiş, daha sonra atası gil köməklik göstərərək onu xəstəxanaya aparmışlar. Əlavə olaraq bildirdi ki, sexdə Ayxan adlı şəxsə və ona Şəxs başqa nəzarət edən şəxs olmamışdır. Məhkəmə araşdırılması zamanı Şahid məhkəmə iclasının yeri vaxtı barədə məlumatlandırılmış, onunla məhkəmə iclasında iştirak etməyi barədə telefon vasitəsi ilə əlaqə saxlandıqda özü və atası səhhətinin yaxşı olmaması, yataq şəraitində olması səbəbindən iştirak edə bilməyəcəyi bildirilmişdir. İş materiallarında olan: X6 tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, Göygöl rayonu Quşqara kəndində ailəsi ilə yaşayır, Göygöl rayon Quşqara kənd tam orta məktəbin 9-cu sinif şagirdidir, izahat verməsinin səbəbi ona tam aydındır. Onların özünə məxsus evlərinin həyətyanı sahəsində yerləşən mebel təmir sexi vardır. Əvvəllər həmin sexi atası Qanuni nümayəndə işlətmişdir. Sonralar isə atası belində qirija yarandığı üçün işləyə bilməmişdir. Atası işləyə bilməməklə yanaşı əməliyyatlar keçirmişdir və iş qabiliyyətini itirmişdir. Bundan sonra ailəsini dolandırmaq anasının öhdəliyinə düşmüşdür. O da evin dolanışığına kömək etmək qərarına gəlmişdir. Həmin ərəfədə kənd sakini olan Xəyyam kimi tanıdıqları Şəxs atasından sexdə iş görmək üçün müəyyən vaxtlarda icazə almışdır. Ramal da həmin vaxtlarda işlədiyi işə görə atasına 20-30 manat hörmət etmişdir. Həmçinin Ramal işlədiyi vaxtlarda onu çağırıb fəhlə kimi işlədərək ona gündəlik 15-20 manat vermişdir. O, Ramala 2 dəfə kömək etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Ramal gəlib onların qapılarındakı özlərinə məxsus sexdən istifadə edərkən ona işləməyi təklif etmişdir. Onun Ramal ilə razılaşmasına görə Ramal ona 20 manat verməli imiş. Həmin gün ondan başqa bir nəfər kənd sakini olan Arzu adlı şəxsin oğlu Ayxan da onunla işləmişdir. Onlar işləyən zaman Ramal onlara işi olduğunu, Gəncə şəhərinə gedib qayıdacağını deyərək, həmin vaxt ərzində onların taxdaları kəsmələrini istəmişdir. Ramal getdikdən sonra Ayxan ilə o işləməyə başlamışdır. Onlar bir qədər işlədikdən sonra o, “Yatar” adlı texnikanın qarşısında durub taxtanı aparata kəsdirirmiş. Ayxan da həmin kəsilmiş taxtalara digər aparatla kant vururmuş. O işləyən zaman ani vaxtda ehtiyatsızlıq etmiş və taxtanı aparata salan zaman əli mişar daşına keçmişdir. Bir anlıq barmaqlarının kəsildiyini və yerə düşdüyünü, əlindən qan açıldığını görmüşdür. Bundan sonra o qorxaraq qışqırmağa başlamışdır. Bu zaman Ayxan onun yanına gəlmiş və onu qolundan tutaraq sexdən çıxarmışdır. Daha sonra evdə xəstə yatağında olan atası da səsini eşidib evdən çıxıb onu görmüş və həmin vəziyyətdə avtomobillərini idarə edərək onu xəstəxanaya aparmışdır. Qanuni nümayəndə tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, Göygöl rayonu Quşqara kəndində ailəsi ilə yaşayır, onların özlərinə məxsus evin həyətyanı sahəsində yerləşən mebel təmir sexləri vardır. O, əvvəllər həmin sexi özü işlətmişdir. Sonradan belində qrija yaranmışdır və o, iş qabiliyyətini itirmişdir, O, bir neçə dəfə əməliyyat keçirmişdir. O, iş qabiliyyətini itirdiyi üçün sexi işlədə bilməmişdir. Həmin ərəfədə Xəyyam kimi tanıdığı Şəxs onun sexindən istifadə etmək istədiyini və hər istifadə edəndə 20-30 manat verəcəyini, həmçinin kamunal xidmətləri ödəyəcəyini demişdir. O, Ramalın təklifi ilə razılaşmışdır. Daha sonra Ramal bir neçə dəfə sexindən və aparatlarından istifadə edib zakaz götürdüyü mebelləri hazırlamışdır. Həmin işlədiyi günlərə görə hər dəfəsində ona 20-30 manat verirniş. O, xəstə olub yatdığı üçün Ramal işlədiyi vaxtlarda fəhləsi olmayanda oğlu Eminə də təklif edərək onu işçi kimi işlətmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Ramal sexində işləyən zaman oğlu Emini də özünə fəhlə kimi işlətmişdir. Uşağı işləyən zaman o da evdə yatırmış. Həmin gün oğlu Eminin həyətdə qışqırmağını eşidib birtəhər evdən çölə çıxmışdır. Bu zaman Ayxan adlı şəxsin oğlunun qolundan tutmasını və oğlunun əlinin qanlar içində olduğunu görmüşdür. O dərhal avtomobilini əməliyyatlı formada idarə edib oğlunu xəstəxanaya aparmışdır. Şahid tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, Göygöl rayonu Quşqara kəndində ailəsi ilə yaşayır, izahat verməsinin səbəbi ona tam aydındır. O, Xəyyam kimi tanıdığı həmkəndlisi Şəxs ilə birlikdə mebel təmiri işləri görmüşdür. Həmin işə görə Ramal ona qazancın 40 faizini verirmiş. Şəxs özünün mebel təmir sexi yoxdur, Ramal iş olduqca onu çağırmış, ya kiminsə sexində işləri görürmüşlər, ya da sifariş verənin ünvanında iş görmüşlər. O, Ramal ilə birlikdə işləyən zaman Ramal həmkəndlisi Qanuni nümayəndə ilə danışaraq onun həyətyanı sahəsində yerləşən mebel təmir sexindən istifadə etməyə razılıq almışdır. Onlar təxminən 10-15 gün Ramalın qəbul etdiyi sifarişləri həmin mebel sexində hazırlamışlar. Həmin sexdən istifadəyə görə Ramal Nazimə hər kəsilən laminata görə beş manat yəni təxminən hər işlədikləri günə görə 20-30 manat verirmiş. Həmçinin, Ramal kammunal xərcləri də ödəyirmiş. Nazimin oğlu Emin xx.xx.2024-cü il tarixdə həmin sexdə iş görürmüş. O isə Eminin kəsdiyi taxtalara bir qədər aralıda başqa texnika ilə kant vururmuş. Həmin vaxt Eminin qışqırtı səsini eşitmş və dərhal işini dayandırıb Eminin yanına getmişdir. O, Eminin yanında olan zaman Eminin əlinin qanlar içində olmasını və işlədiyi texnikanın mişarının Eminin barmaqlarını kəsməsini görmüşdür. Bundan sonra o, Eminə kömək edərək onu sexdən çıxarmışdır. Emin evlərinin həyətində qışqırdığı üçün atası əsa ilə qapıya çıxmış və oğlunun əlinin kəsilməsini görərək avtomobilinə Emini qoyub xəstəxanaya aparmışdır. Şəxs tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, 2024-cü ilin oktyabr ayında Nazim adlı şəxsin mebel sexində onun heç bir fəaliyyəti olmamışdır. O, mebel ustasıdır. Onun istehsal üçün heç bir sexi yoxdur. Ona müştərilər tərəfindən verilən sifarişlərə əsasən qırıq-sökük köhnə mebellərin təmiri sifariş olunmuş, arada yeni mebel sifarişi də olunmuşdur ki, onu da Gəncə şəhərində olan müxtəlif kəsim sexlərinə ölçüləri sifariş etmiş və aparıb müştəriyə təhvil vermişdir. Bir gün Nazim adlı qonşusu ona sexi olduğunu bildirərək ölçüləri verəcəyi halda kəsim işləri görə biləcəyini söyləmişdir. O da Nazimlə razılaşaraq sifariş olunan zaman Nazimə materialları alıb vermiş, Nazim isə həmin materiallar üzərində öz sexində kəsim işləri görmüşdür. Lakin Nazimin həmin işləri kimlərlə birlikdə gördüyünü bilməmişdir. Bir gün Nazim ona zəng edərək onun 14 yaşlı uşağının barmaqlarını kəsdiyini bildirmiş və ondan borc pul istəmiş, o da vermişdir. Daha sonra bir neçə gün keçəndən sonra Nazim ona az-az aldığı borcları ona qaytarmayacağını bildirmiş, onu polisə şikayət etməklə hədələmişdir. Əlavə olaraq bildirmişdir ki, o, heç bir sexi icarəyə götürməmişdir. Hadisə yerinə baxış keçirilməsi ilə bağlı 20 noyabr 2024-cü il tarixli protokolun surətindən görünür ki, Baxış Göygöl Rayonu Quşqara kəndində keçirilmişdir. Baxış zamanı hadisənin baş verdiyi yerin Qanuni nümayəndə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən mebel təmiri sexində olması müəyyən olunmuşdur. Fərdi yaşayış evinin küçədən giriş qapısı qara rəngli olmaqla sarı naxışlıdır, ev 1 mərtəbəli köhnə tikilidir, həyətyanı sahəyə girişdən sonra düz çınqıl daşlı sahə vardır, girişdən sonra açıq balkonu olan ev yerləşir, evdən sonra bir mərtəbəli giriş qapısı paslı boz darvaza olan mebel təmir sexinin içərisində müxtəlif avadanlıqlar və mebel hissələri vardır. Emin Məmmədzadənin əlini kəsən texnika girişdən sağda orta hissədə yerləşir. Həmin aparatın üzərində əşyaları kəsmək üçün mişarı vardır, həmçinin yerdə qan ləkələri qurumuş və tozlanmış halda görsənir. Baxış gündüz vaxtı təbii işıqlandırma şəraitində keçirilmişdir. “Məhkəmə -Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 684 nömrəli ekspert rəyinə əsasən, azyaşlı X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ əlin İV-V barmaqlarının travmatik amputasiyası, sağ əlin İİ-İİİ barmaqlarının kəsilmiş yaraları – kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəldiyi, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il rarixə uyğun gəldiyi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edildiyi müəyyən edilmişdir. “Əmək təhlükəsizliyinin tədqiqi ekspertizası” ilə bağlı Məhkəmə Ekspertizasının 08 may 2025-ci il tarixli, HK-1/2381 nömrəli ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar, 12.2.003-91 "İstehalat avadanlığı” DÜST-nın 1.2-ci bəndinin 5, 8-ci abzaslarının, 2.1, 2.1.5-ci bəndlərinin tələbləri pozulmuşdur kı, bu da hadisənin baş verməsinin texniki səbəbi olmuşdur. Göygöl rayonu, Quşqara kəndində X2 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən mebel sexində, təhlükə mənbəyi olan hərəkətli hissəsinə işçinin toxunmasını istisna edən, yaxud zədələnmələrin qarşısını alan qoruyucu vasitələrlə təmin edilməmiş taxta kəsən dəzgahın istismarına yol verildiyinə görə, 12.2.003-91 “İstehalat avadanlığı" DÜST-nın 1.2-ci bəndinin 5, 8-ci abzaslarının, 2.1, 2.1.5-ci bəndlərinin tələbləri sexdə təhlükəsiz iş şəraitinin yaradılmasına cavabdeh olan şəxs tərəfindən pozulmuşdur (konkret şəxs istintaq tərəfindən müəyyən edilə bilər). Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, zərərçəkmiş X6 tərəfindən qayda və təlimatların pozulması halı müəyyən edilməmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 iyun 2025-ci il tarixli qərara əsasən əməldə cinayət tərkibi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası 39.1.2-ci maddəsinə əsasən 79-c/25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin portal çıxarışından görünür ki, fiziki şəxs Şəxs məxsus ********** nömrəli VÖEN hazırda “fəaliyyətini müvəqqəti dayandırılmış” vəziyyətdədir. 18 iyun 2025-ci il tarixli arayışdan görünür ki, “X1 Sistemi”ndə X2 əmək müqaviləsi məlumatları axtarılarkən bu barədə hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 10-cu bəndinə əsasən əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicəprofilaktika tədbirləri, normaları və standartları sistemidir; 43-cü maddəsinin 2-ci hissəsinin “ə)” yarımbəndinə əsasən işçinin əmək şəraitinin şərtləri- iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunmasıdır; 54-cü maddəsinin 1-ci bəndinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir; 207-ci maddəsinə əsasən işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir; 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini, binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini, bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini, əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini, normal əmək və istirahət rejiminə riayət edilməsini, işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini, kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini təmin etməlidirlər; 222-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir. 222-ci maddəsinin 2-ci bəndinə əsasən işəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir. 312-ci maddəsinə əsasən əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər fiziki şəxslər İXM-də nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Məhkəmənin mövqeyi və gəldiyi nəticə: Məhkəmə qeyd edir ki, İXM-in 198.3-cü maddəsinin dispozisiyası blanket xarakterli olduğu üçün bu maddə ilə inzibati məsuliyyətin həll edilməsi zamanı əməyin mühafizəsinin məhz hansı qaydalarının pozulması aydınlaşdırılmalıdır. Həmin inzibati xəta obyektiv cəhətdən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasında ifadə olunur. İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər məcmu halında mövcud olmalıdır:

1. texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydaları pozulmalıdır;

2. texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmalıdır;

3. texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması ilə az ağır zərər vurulması arasında səbəbli əlaqə olmalıdır. Göstərilən hər üç şərtin mövcud olması şəxsin İnzibati Xətalar Məcəlləsinin 198.3cü maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı inzibati məsuliyyətə cəlb olunmasını ehtiva edir. İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İXM-in yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilər. Şəxsin qanunla nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə qanunla müəyyən edilmiş qaydada əldə edilmiş sübutlarla təsdiq edilməlidir. Hazırki halda “Məhkəmə -Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 684 nömrəli ekspert rəyi ilə şəxsin sağlamlığına dəymiş zərər, “Əmək təhlükəsizliyinin tədqiqi ekspertizası” ilə bağlı Məhkəmə Ekspertizasının 08 may 2025-ci il tarixli, HK-1/2381 nömrəli ekspert rəyi ilə isə zərərin əməyin mühafizə qaydalarının pozulması nəticəsində əmələ gəlməsinə dair səbəbli əlaqə müəyyən olunur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhz həmin sexdə əməyin mühafizəsini həyata keçirməli olan məsul şəxs olması iş üzrə verilmiş şahid və zərərçəkmiş ifadələri ilə təsdiq edilir. Belə ki, şifahi razılıq əsasında sexin R.Nəzərəov tərəfindən istifadə edilməsi şəxsin özünün dolayısı ifadəsində, habelə zərərçəkmiş və qanuni nümayəndəsinin ifadəsində əks olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2025-ci il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq

qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar