Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-3/2025 14.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqda icraat aparılan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göygöl X3 Mərkəzinin nümayəndəsi Nümayəndə2 və Göygöl rayon Polis Şöbəsinin DYPB-nin İnzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göygöl X3 Mərkəzi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli 10 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göygöl X3 Mərkəzi 05 noyabr 2024-cü il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində təqdim etməmişdir. Bununla da hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göygöl X3 Mərkəzinin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, sənədləşmə işinə icra edən işçi həmin vaxtlar işdən azad edildiyi üçün Göygöl Rayon Polis Şöbəsinin ünvanlandığı sorğu gecikmişdir. Sonradan sürücü barədə məlumatları vermişlər və 25 dekabr 2024-cü il tarixdə inzibati cəriməni ödəmişlər. Məhkəmədən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Nümayəndə1 protokol məzmununa uyğun çıxış edərək əlavə olaraq göstərdi ki, 14 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göygöl X3 Mərkəzinə inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmiş şəxs barəsində məlumat verilməsi üçün bildiriş göndərilmişdir. Lakin, məktub qəbul edilsə də 5 gün müddətində cavab verilməmişdir. İnzibati xəta haqqında protokol tərtib edildikdən sonra sürücü barədə məlumat verilmişdir. Odur ki, qanun tələblərinə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, Göygöl Rayon Polis Şöbəsinin DYPB tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göygöl X3 Mərkəzinə sorğu məktubu ünvanlanmış və həmin məktubda xx.xx.2024-cü il tarixdə saat 08:39-da Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göygöl X3 Mərkəzinin mülkiyyətində olan “CHERY” MİNİK” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə 5 gün müddətində rəsmi məlumat verilməsi, əks halda hüquqi şəxsin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı qeyd olunmuşdur. İş materiallarında olan həmin məktuba əlavə edilmiş poçt xəbərnaməsinin surətindən görünür ki, həmin xəbərnamədə sorğunun “Şəhla Yusifova” adlı şəxsə imza etdirilməklə xx.xx.2024-cü il tarixdə təqdim edilməsi qeyd olunmuşdur. İşdə olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, EQ 25216423 nömrəli və EQ 25216424 nömrəli inzibati qərarlar üzrə cərimələr 25 dekabr 2024-cü il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXMnin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsin müvafiq vəzifəli şəxsinə təqdim olunmalı və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. Hazırkı iş üzrə Göygöl Rayon Polis Şöbəsinin DYPB-nin sorğu məktubu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göygöl X3 Mərkəzinə ünvanlansa da, həmin bildirişin faktiki olaraq hüquqi şəxsə göndərilməsini və hüquqi şəxsin vəzifəli şəxsi tərəfindən qəbul olunmasını təsdiq edən mötəbər sənəd əlavə olunmamışdır. Belə ki, poçt xəbərnaməsində sorğunun “Şəhla Yusifova” adlı şəxsə imza etdirilməklə təqdim edilməsi qeyd olunsa da, “Şəhla Yusifova” adlı şəxsin hüquqi şəxsdə hansı vəzifəni tutması göstərilməmiş, onun hüquqi şəxsə hər hansı aidiyyətinin olmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə iclasında Göygöl Rayon Polis Şöbəsinin DYPB tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göygöl X3 Mərkəzinə bildirişin göndərilməsi və müvafiq vəzifəli şəxsi tərəfindən qəbul olunması sübut olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göygöl X3 Mərkəzinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göygöl X3 Mərkəzinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-3/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-3/2025
14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver