Məhkəmə qərarları › İş №3(066)-317/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-317/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-317/2023 07.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ İş № 3(066)-317/2023 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏRAR (inzibati xəta haqqinda iş üzrə) Göygöl Rayon Məhkəməsi 07 avqust 2023-cü il Göygöl şəhəri. Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1994-cü ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göygöl rayonu, Balçılı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 329.1, 332.1 və 333.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Göygöl rayon Polis Şöbəsinin DYPB-nin Yol patrul xidməti inspektoru tərəfindən İXM-nin 329.1, 332.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində idarə etdiyi avtomobildə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol patrul xidməti inspektoru tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməməsi, nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsinin olmaması və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi məlum olmuşdur. Ona görə də onun barəsində İXM-nin 329.1, 332.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında prtokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon polis şöbəsinin X9 X6 Xidməti inspektoru polis baş serjantı X4 protokolu müdafiə edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Göygöl rayonu Balçılı kəndi ərazisində xidmətdə olarkən “KİA CADENZA” minik markalı, **-SZ-*** dövlət nömrə nişanlı avtomobili idarə edən sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsini görüb ona saxla işarəsi vermişdir. Sənədlərə baxış keçirərkən sürücünün avtomobili idarə etmək üçün etibarnaməsinin olmaması və sürücüdən spirtli içki iyi gəlməsi məlum olmuşdur. Sürücünün sərxoşluğunu müəyyən etmək üçün alkotester müayinəsindən keçirtmişdir. Alkotesterdən keçirtdikdən sonra onun sərxoşluq dərəcəsinin 0.418% olması müəyyən edilmişdir. Həmin vaxt sürücüyə həkim müayinəsindən keçməsini təkllif etmişlər. Lakin, sürücü həkim müayinəsindən keşməyə heç bir ehtiyyacın olmamasını, spitli içki içməsini səmimi etiraf etmişdir. Onun səmimi etirafının videogörüntüləri vardır. Bu səbəbədən Şəxs barəsində İXM-nin 329.1, 332.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11-30 radələrində “KİA CADENZA” minik markalı, **-SZ-*** dövlət nömrə nişanlı avtomobili idarə etməsini, həmin avtomobilin qonağına məxsus olmasını, avtomobili kölgədə saxlamaq üçün yolun sağından soluna tərəf idarə etməsini, polis əməkdaşlarının onu saxlamasını, həmin gün spirtli içki qəbul etməməsini, həmin gündən bir gün qabaq 2-3 bakal piyvə içməsini, polis əməkdaçları onu alkotesterlə yoxlayan zaman onda sərxoşluq müəyyən edilməsini, daha sonra özünün gedib həkim müayinəsindən keçməsini, həkim müayinə edərkən sərxoşluğun təyin edilməməsini, həkim tərəfindən onun tam ayıq olması barədə xx.xx.2023-cü il tarixli protokol verilməsini bildirərək barəsində olan inzibati xəta haqqında materialın icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil inzibati xəta haqqında protokola etiraz edərək, protokolun qanunsuz olaraq tərtib edilməsini, Şəxs avtomobil idarə edərkən ayıq olmasına dair həkim arayışının olmasını, polis əməkdaşları alkotesterlə yoxladıqdan 45 dəqiqə sonra həkim müayinəsindən keçməsini, bu gün əvvəl piyvə içməsini, piyvənin təsirinini zəif olmasını, içdikdən 24 saat sonra polis əməkdaşları tərəfindən saxlanılmasını, həmin alkotesterin texniki cəhətdən saz vəziyyətdə olmasının məlum olmamasını, S.İsmayılovun əməlində inzibati xətanın əlamətlərinin olmamasını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Göygöl rayon Polis Şöbəsinin DYPB-nin Yol patrul xidməti inspektoru polis baş serjantı X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Göygöl rayonu Balçılı kəndi ərazisində xidmətdə olarkən “KİA CADENZA” minik markalı, **-SZ-*** dövlət nömrə nişanlı avtomobili idarə edən sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsini görüb ona saxla işarəsi vermişlər. Sənədlərə baxış keçirərkən sürücünün avtomobili idarə etmək üçün etibarnaməsinin olmaması və sürücünün spirtli içki qəbul edərək avtomobil idarə etməsi məlum olmuşdur. Sürücünün sərxoşluğunu müəyyən etmək üçün onu alkotester müayinəsindən keçirtmişlər. Alkotesterdən keçirtdikdən sonra onun sərxoşluq dərəcəsinin 0.418% olması məlum olmuşdur. Həmin vaxt sürücüyə həkim müayinəsindən keçməsini təklif etmişlər. Lakin, sürücü həkim müayinəsinə heç bir ehtiyyacın olmamasını, spitli içki içməsini səmimi etiraf etmişdir. Onun səmimi etirafının videogörüntüləri vardır. Bu səbəbədən Şəxs barəsində İXM-nin 329.1, 332.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-nin 329.1, 332.1 və 333.1-ci maddələri ilə inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 329.1, 332.1 və 333.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibati iş materiallarına əlavə edilmiş: İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokoldan müəyyən olunur ki, Şəxs 02 iyul 2023-cü il tarixdə saat 12:07-də Göygöl rayonu Balçılı kəndi ərazisində “KİA CADENZA” minik markalı, **-SZ-*** dövlət nömrə nişanlı avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən, avtomobil idarə etmək üçün etibarnamə olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Alkotester qəbzindən görünür ki, xx.xx.2023-cü ildə saat 11:50-də keçirilən alkotester yoxlaması zamanı Şəxs alkoqolun miqdarı 0.418 promil olması müəyyən olunmuşdur. İşdə olan videogörüntüyə tərəflərin iştirakı ilə baxış keçirilərkən barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan şəxsin spirtli içki qəbul etməsini etiraf etməsi məlum olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 02 iyul 2023-cü il tarixdə saat 11:30da Göygöl rayonu Balçılı kəndi ərazisində “KİA CADENZA” minik markalı, **-SZ-*** dövlət nömrə nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də onun barəsində İXM-nin 333.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 209 №-li qərarının 2.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, ayaq üstə sərbəst dayana bilmədikdə və özünü idarə edə bilmədikdə həyata keçirilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin qərarın 2.6-cı maddəsinə əsasən, müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Həmin qərarın 2.7-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin qərarın 3.1-ci maddəsinə əsasən, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin qərarın 3.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Həmin qərarın 3.4-cü maddəsinə əsasən, müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. Məhkəmə Şəxs hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, ona təqsirli olduğu İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə yanaşı, həmçinin 329.1 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən, İXM-nin 329.1 və 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.1-ci maddələrinə münasibətdə baxılması üçün Göygöl rayon polis şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti inzibati xəta törətmiş şəxsə onun müdafiəçisinə və protokol tərtib etmiş şəxsə göndərilsin. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.1-ci maddələrinə münasibətdə baxılması üçün Göygöl rayon polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ___ ___________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-317/2023 07 avqust 2023-cü il Göygöl rayon polis şöbəsinə Göygöl şəhəri, A.Hacıyev küçəsi, 93 Surəti: Şəxs Göygöl rayonu, Balçılı kəndi Vəkil Bakı şəhəri 9 saylı Vəkil Bürosu Göygöl Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 3(066)-317/2023 nömrəli qərarının surəti məlumat və icra edilməsi üçün sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar