Məhkəmə qərarları › İş №3(066)-318/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-318/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-318/2024 27.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, material, baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 05 avqust 2024-cü il tarixdə tərtib olunmuş EP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 1886280.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 09 iyul 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt protokolo əlavə edilmiş sənədlər (bank tərəfindən təqdim edilmiş məktub, köçürmə haqqında ərizə, köçürmənin təyinatını əks etdirən müqavilə və.s) ilə təsdiq edilir. "xxxx" ASC-dən (Bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs MMC 1886280.00 Rusiya rublu məbləğində olan vəsaiti "xxxx" ASC vasitəsi ilə hesabından 08 iyul 2022-ci il tarixində qabaqcadan ödəniş aparılmışdır. “Azərbaycan Respublikası rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmamış və ya xeyrinə qabaqcadan ödənilmiş məbləğ müştərilərin "xxxx" ASC-də olan hesablarına geri qaytarılmamışdır. Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında səhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini və nəzərə alınmasını xahiş etmişdir. Həmçinin protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsini iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aşağıdakı hüquqlara malikdir «inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq», «izahat vermək», «sübutlar təqdim etmək», «vəsatət və etirazlar vermək», «işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək» və s. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər». Eyni Məcəllənin 61.3-cü maddəsinə əsasən «İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun». Azərbaycan Respublikası İXM-nin 64.1-ci maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir». Həmin Məcəllənin 64.3-cü maddəsinə əsasən «Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair» 03 may 2019-cu il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə «İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati xətalar haqqında işlər üzrə icraat ümumi qaydada xüsusi mərhələlərlə aparılır. Bu mərhələlərə aşağıdakıları aid etmək olar: • inzibati xəta haqqında iş üzrə icraatın başlanması; • inzibati araşdırma; • protokola (prokurorun qərarına) baxılması; • inzibati xətalar haqqında işlərə apelyasiya qaydasında baxılması; • qərarın icrası (inzibati tənbehin tətbiqinə dair icraat)». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası İXM-nin yuxarıda istinad edilən 61-ci və 64-cü maddələrində təsbit olunmuş hüquqları inzibati xətalar haqqında işlər üzrə icraatın bütün mərhələlərinə, o cümlədən inzibati xətalar qanunvericiliyi ilə rayon (şəhər) məhkəmələrinin aid edilmiş işlər üzrə məhkəməyədək icraat dövrünə də aiddir. Bununla əlaqədar nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki və ya hüquqi şəxsin (nümayəndəsinin) inzibati xəta haqqında işin materialları ilə tanış olmaq, izahatlar vermək, sübutlar təqdim etmək, vəsatətlər və etirazlar vermək, müdafiəçinin (vəkilin) hüquqi yardımından istifadə etməklə bağlı hüquqlarının təmin edilməsi praktik baxımdan yalnız onun icraat barədə lazımi qaydada məlumatlandırılması və icraatda iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi yolu ilə mümkündür. Məhkəmə göstərilən hüquqların məhkəməyədək icraat dövrünə də aid olmalarının (məhkəməyədək icraat dövründə də təmin edilməli olmalarının) təsdiqi kimi Azərbaycan Respublikası İXM-nin inzibati xəta haqqında protokolun formasını və məzmununu təsbit edən 100-cü maddəsinə nəzər yetirməyi zəruri sayır (məlum olduğu kimi, inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə məhkəməyədək icraat dövründə və məhkəməyədək icraatın nəticəsi olaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən tərtib edilir). Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları» göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən «Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır». Eyni Məcəllənin 100.3-cü maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir...». Azərbaycan Respublikası İXM-nin 100.4-cü maddəsinə əsasən «Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 19 dekabr 2019-cu il tarixli Qərarında aşağıdakılar qeyd olunur «Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar». Beləliklə, qüvvədə olan inzibati xətalar qanunvericiliyi inzibati xəta haqqında iş üzrə icraatı aparan səlahiyyətli orqanın vəzifəli şəxsin üzərinə qanunvericiliyin tələblərinə ciddi riayət etmək, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki və ya hüquqi şəxsin qanunvericilikdə təsbit olunmuş hüquqlarını təmin etmək vəzifəsini qoyur. Əks yanaşma şəxsin hüquqlarının xüsusilə də müdafiə hüququnun məhkəməyədək icraat dövründə kobud şəkildə pozulması ilə nəticələnə bilər. Məhkəmə məsələ ilə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır. Hazırkı iş üzrə EP № ******* saylı inzibati xəta haqqında protokol «İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 466 nömrəli Qərarı ilə təsdiq edilmiş forma (1 nömrəli əlavə) üzərində tərtib olunub. Bu formada, o cümlədən hazırkı iş üzrə EP № ******* saylı inzibati xəta haqqında protokolda • barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinin) izahatının göstərilməli olduğunu; • barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə (hüquqi şəxsin nümayəndəsinə), habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqlarının və vəzifələrinin izah edilməli olduğunu nəzərdə tutan bölmələr mövcuddur. Həmin formada, o cümlədən hazırkı iş üzrə EP № ******* saylı inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinin) imzası üçün yer nəzərdə tutulub. Eyni formada və hazırkı iş üzrə EP № ******* saylı nömrəli inzibati xəta haqqında protokolda «Qeyd» kimi aşağıdakılar da göstərilir: «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs (hüquqi şəxsin nümayəndəsi) Protokolu imzalamaqdan imtina etdikdə, bu barədə Protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinin) izahatlar və Protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə Protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri Protokola əlavə olunur». Yuxarıda göstərilən formada və hazırkı iş üzrə EP № ******* saylı inzibati xəta haqqında protokolda həmçinin inzibati xəta haqqında protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə (hüquqi şəxsin nümayəndəsinə) verilməli olduğunu təsbit edən bölmə də mövcuddur. Göründüyü kimi, İXM-nin müvafiq normalarından irəli gələn tələblərin nəzərə alınmalı olduğu Mərkəzi Bankın səlahiyyətli vəzifəli şəxsinin tərtib etdiyi protokolun özündə belə təsbit edilib. EP № ******* saylı inzibati xəta haqqında protokol üzrə materialı nəzərdən keçirərək məhkəmə qeyd edir ki, material üzrə məhkəməyədək icraat dövründə Şəxs MMC-nin inzibati xətalar qanunvericiliyinin yuxarıda istinad edilən və s. aidiyyəti normalarından irəli gələn hüquqları təmin edilməmiş, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim olunmuş məlumatda müvafiq hüquqi şəxsin faktik ünvanı, «VÖEN»-i, səlahiyyətli şəxsinin adı və telefon nömrəsi barədə ətraflı məlumat olduğuna baxmayaraq (Şəxs MMC -yə xidmət göstərən "xxxx" ASC-də həmin hüquqi şəxs barədə digər zəruri əlaqə məlumatlarının (məsələn, e-mail ünvanı) olması halı da istisna deyil), hüquqi şəxsə inzibati xəta haqqında iş üzrə icraat barədə nəyinki yazılı, hətta şifahi məlumat verilməsi üçün belə ümumiyyətlə heç bir səy göstərilməmiş, bununla yanaşı Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinin tələbinə zidd olaraq inzibati xəta haqqında protokolun surəti Şəxs MMC-yə göndərilməmişdir. Şəxs MMC tərəfindən məhkəməyə göndərilmiş "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Şəxs MMC (VÖEN:**********) "xxxx" ASC-də olan AZ05AZEN******************** hesabında xx.xx.2022-ci il tarixdə 1,886,280 RUB məbləği köçürmə **********8109 saylı gömrük bəyannaməsi üzrə "xxxx" ASC tərəfindən tam icra olunmuş və qeyd olunan gömrük bəyannaməsi üzrə qalıq qalmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin hazırkı iş üzrə məhkəməyədək icraatda iştirakının və bununla da qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələn hüquqlarının təmin edilməsi üçün zəruri tədbirlərin görüldüyü və inzibati xətanın bütün tərkib əlamətlərinin mövcudluğu iş materialları ilə müəyyən olunmur (materialdan görünür ki, hüquqi şəxsin nümayəndəsi icraatda iştirak etməsi üçün ümumiyyətlə dəvət olunmayıb). Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hüquqları məhkəməyədək icraat dövründə pozulmuşdur. Bu səbəbdən inzibati xəta haqqında protokol düzgün tərtib edilmiş sayıla bilməz. Təqdim olunmuş sənədlərdən də görünür ki, X3 icraat və məhkəmə işləri şöbəsi tərəfindən tərtib olunmuş 05 avqust 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən və gömrük bəyannaməsi üzrə Şəxs MMC tərəfindən öhdəliyin icra edilib-edilməsi müəyyən edilmədən məhkəməyə verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X3 icraat və məhkəmə işləri şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər X3 icraat və məhkəmə işləri şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 52, 100, 109 və 118-ci maddələrini rəhbər tutaraq məhkmə, qəraraaldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər X3 icraat və məhkəmə işləri şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar