Məhkəmə qərarları › İş №3(066)-359/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-359/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-359/2024 26.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞ-nin İTBnin sahə rəisi, polis kapitanı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Kəlbəcər rayonu, Zəylik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Yenikənd kənd tam orta məktəbində müəllim işləyən, Kəlbəcər rayonu, Zəylik kəndində qeydiyyatda olmaqla, Goranboy rayonu, Börü kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə göstərdi ki, Əsədov X3 rayonundan Göygöl rayonu istiqamətinə gələn zaman Kəlbəcər rayonu ilə Göygöl rayonu arasında olan stasionar posta saxlanılmış və avtomobilə baxış keçirilən zaman onun avtomobilində ov silahı aşkarlanmış və bununla bağlı Göygöl RPŞ-nin Sarısı PB-nə raportla müraciət edilmişdir. Şəxs Polis Şöbəsinə gətirilərkən ov silahının dayısı tərəfindən verildiyini və ov silahına aid heç bir sənədin olmamasını etiraf etmişdir. Bundan sonra Göygöl RPŞ-nin təhqiqatçısı, polis kapitanı Nizami Şəbəndəyev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilmiş və barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, o özünü təqsirli bilir. Əməlindən səmimi peşmandır. Həmin silah ona dayısından yadigar qalmışdır. Onun dayısı 2017-ci ildə ov silahını ona vermişdir. Silahın patronları olmayıb. Onların özünə aid Kəlbəcər rayonunda təsərüffatları var. O silahı Kəlbəcər rayonuna aparanda atla aparmış və həmin vaxt polislər bilməmişlər, lakin qayıdanda avtomobillə qayıtmış bu zaman isə ov silahı polislər tərəfindən aşkar edilmişdir. Silahdan atəş açmamışdır. Həmin silahdan istifadə etməyib. Patronlar və onların veşlərinin bəziləri Kəlbəcərdə dağda qalmış və o bu səbəbdən patronları orada tullamışdır. Hazırda əməlindən peşimandır. Silahın müsadirə edilməsinə heç bir etirazı yoxdur. Məhkəmədən cərimə növündə inzibati tənbeh edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib iş üzrə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. İşdə olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi ağ rəngli “Mitsubishi” markalı ** BE *** nömrəli avtomobilin yük hissəsində olan əşyaların arasından aşkar edilmiş silah 1957-ci il istehsalı olan toz-16 markalı, 16 kalibirli, tək lüləli, yivsiz, qundaq hissədə nömrə olmayan digər lülə və bala qundaq hissələrdə K99563 nömrəli ov silahı aşkar olunmuşdur. Həmin silah bir qədər paslı və qundaq hissəsi qara rəngli izaliyasiya lenti ilə sarınmışdır. Baxış gecə vaxtı suni işıqlandırma şəraitində keçirilmiş, şəkillər çəkilərək fotocədvəl hazırlanaraq protokola əlavə olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli silaha baxış keçirilməsi haqqında aktdan görünür ki, Göygöl RPŞ-nin təhqiqatçısı polis kapitanı Nizami Şəbəndəyev, KTQ-nun baş inspektor-kriminalisti polis kapitanı Rafiq Hüseynov və Sarısu PB-nin polis sahə rəisi polis kapitanı Nümayəndə iştirakı ilə, Göygöl RPŞ-nin X4 əməkdaşları tərəfindən Goranboy rayonu Börü kəndində yaşayan Şəxs aşkar edilərək götürülmüş silaha baxış keçirilmiş, baxış zamanı silaha hər hansı kustar üsulla müdaxilə edilməsi halı aşkar edilməmişdir. Belə ki, Şəxs etirafı ilə yanaşı, iş materialları ilə də müəyyən olunur ki, o, Kəlbəcər rayonunda müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan K99563 nömrəli 1 ədəd 1957-ci il istehsalı olan, toz-16 markalı, 16 kalibrli, tək lüləli, yivsiz, qundaq hissədə nömrəsi olmayan ov silahı saxlamışdır. Qeyd edilən əmələ görə Göygöl RPŞ-nin TB-nin təhqiqatçısının xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların, habelə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanları və işin digər hallarını nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirini tətbiq edilməsi mümkündür. Məhkəmə həmçinin əlavə tənbeh tədbiri kimi Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxladığı K99563 nömrəli 1 ədəd 1957-ci il istehsalı olan, toz-16 markalı, 16 kalibrli, tək lüləli, yivsiz, qundaq hissədə nömrəsi olmayan ov silahı qərar qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilməli olmasını zəruri hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut olan Göygöl RPŞ-nə saxlanca verilmiş, K99563 nömrəli 1 ədəd 1957-ci il istehsalı olan, toz-16 markalı, 16 kalibrli, tək lüləli, yivsiz, qundaq hissədə nömrəsi olmayan ov silahı dövlət nəfinə müsadirə olunsun və qərar qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Qərаrın icrаsı Göygöl Rayon İcra və Probasiya Şöbəsinə, Goranboy Rayon İcra və Probasiya Şöbəsinə və Göygöl rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar