Məhkəmə qərarları › İş №3(066)-368/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-368/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-368/2025 11.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, tələbkar X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göygöl rayon Məhkəməsinin 3(066)- 151/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati həbs edilmiş, Göygöl rayonu S.Hacıyev küç, 56 ünvanında, qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-466/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X5 ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Şəxs adına müvafiq sorğular edilmiş, onun adına heç bir rəsmi gəlir, pensiya və daşınar-daşınmaz əmlak aşkar edilməmişdir. İcranı təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Protokol tərtib olunan tarixə borclunun icra sənədi üzrə cəmi 2600 (iki min altı yüz) manat borcu vardır. Vaxt verilməsinə baxmayaraq son dövrlərdə borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Borclu qeyd edilən icra sənədi üzrə Göygöl rayon Məhkəməsinin 3(066)-151/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə 528.1-ci maddədə göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, inzibati protokol üzrə özünü təqsirli bilir. O, avtoyumada işlədiyini bildirərək gəlirinin az olduğunu, ödənişləri vaxtında ödəyə bilmədiyini, gücü çatdığı qədər ödədiyini bildirdi. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X7 ərizəsinə uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini tələb etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-466/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit məbləğdə 200 manat aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(066)-151/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, onun barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-466/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit məbləğdə 200 manat aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmiş və izahatı alınmışdır. Borclu Şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(066)-151/2025 saylı qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Bundan sonrada borclu tərəfindən icra sənədləri üzürlü bir səbəb olmadan icra edilməmiş, hazırda borclunun icra sənədi üzrə cəmi 2600 (iki min altı yüz) manat borcu yaranmış, məhkəmə tərəfindən ödəniş edilməsi təklif edilməsinə baxmayaraq heç bir ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədlərinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi isə, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, icra sənədi icraata qəbul edildiyi vaxtadan keçən müddət ərzində borcun ödənilməməsi, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə hazırda borcunu ödəmək niyyəti yoxdur. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Habelə, borc məbləği xx.xx.2025-ci il tarixdə məhkəmə qərarı ilə inzibati tənbeh tətbiq edilyini dövrdəki məbləğdən çoxdur, bu müddət aralığında heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın işə baxıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 15:35-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar