Məhkəmə qərarları › İş №3(066)-369/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-369/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-369/2024 16.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X4 iştirakları ilə, xx.xx.1999-cu ildə Daşkəsən rayonu, Gurbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Daşkəsən rayonu, Gurbulaq kəndində qeydiyyatda olmaqla, Daşkəsən rayonu, Əhmədli kəndində yaşayan Şəxs barəsində Göygöl RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı barəsində Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X7 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə tanışları İntiqam, Elvin və Röyalla birlikdə Göygöl rayonunda yerləşən “Mal Bazarında” qumar oynamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-in İTB-nin sahə rəisi, polis baş leytenantı X7 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Göygöl RPŞ-nin İTB-nin rəsisi, polis kapitanı Şahid1 ilə Göygöl rayonu Mal bazarı adlanan yerdə xidmətdə olan zaman adları sonradan məlum olan Şəxs, Şahid2, X8 və X5 ** BZ *** dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobildə qumar oynamaları ilə bağlı avtomobilə yaxınlaşan zaman adları qeyd olunan şəxslərin nəqliyyat vasitəsinin daxilində əllərində qumar oynamaq üçün oyun kartaları və ortada pullar olması aşkar olunaraq götürülmüş və qeyd oluna faktla bağlı həmin şəxslər Göygöl RPŞ-nə gətirilərək barələrində İXM-nin 525-ci maddəsinə əsasən protokol tərtib edilmiş və həmin şəxslər PŞ-də olarkən pulla qumar oynamalarını, qonaqlıqdan qumar oynadıqlarını bildirdilər. Əlavə olaraq bildirdi ki, qumar oynamalarını Şahid1 şakar etmiş və ona məlumat verdikdən sonra oda həmin yerə getmişdir. Həmin vaxt saat təxminən 11-12 radələri olmuşdur. Video görüntünü Şahid1 qeyd etmişdir. Onun tərəfindən inzibati xəta törtətmiş şəxslərin hər biri dinlənilmiş və onların dediklərinə uyğun izahatları yazılmışdır. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə törədilmiş inzbati xətada özünü təqsirli bilərək izahatında göstərdi ki, o baş qatmaq üçün durakı oynamış, lakin pulla kart oynamamışdır. 29 sentyabr 2024-cü il tarixdə Göygöl rayonunda yerləşən Mal Bazarında olarkən İntiqam, Elvin və Röyalla birlikdə avtomobildə baş qatmaq üçün duraki oyunu oynamışlar. Ortada pul olmamışdır. Onlar durakini puldan oynamamışlar. Avtomobildə olan 3 manat pul əvvəlcə taksi kimi avtomobili ilə apardığı müştəridən aldığı pul olmuşdur. Oyun kartlarını onların dördü də pul verib 1 manata almışdır. Pul avtomobilin sürət qutusunun yanında olmuşdur. Avtomobilin sükanında o, yanında Elvin, Elvinin arxasında İntiqam, onun arxasında isə Röyal oturmuşdur. Onlar kartı qonaqlıqdan oynamamışlar, heç nədən baş qatmaq üçün oynamışlar. Əlavə olaraq bildirdi ki, polis əməkdaşı düzgün danışmır onlar qumar oynamamışlar, o kartları saymamış bu səbəbdən kartın sayını bilmir. O baş qatmaq üçün durakı oynamışdır. Polisdə izahatını oxumadan qol çəkmişdir. Onların qumar oynamalarında ortada heç bir maraq olmamış, sadəcə baş qatmaq üçün oynamışlar. Polis əməkdaşları gələnədək onlar təxminən 1-2 oyun durakı oynamışlar. Onlardan kimin udmasını o xatırlamır. Bir oyunu o udmuş, digərini isə kim udmasını bilmir. O bazardan bir müştəri götürmüş, həmin müştərini aparıb Gəncə şəhəri, Bağman deyilən yerə düşürmüş həmin müştəri isə ona 2 manat pul vermiş, o isə həmin pulu avtomobildə sürət qutusunun yanına qoymuş həmin pulda orda qalmışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl Rayon Polis Şöbəsinin İTBnin rəisi, polis kapitanı Şahid1 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə “Mal bazarı”adlanan yerdə xidmətdə olan zaman ** BZ *** dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobildə qumar oynanması ilə bağlı ona məlumat gəlmiş, o məlumat əsasında həmin avtomobilə yaxınlaşmış və bu zaman məlumatın doğru olması, avtomobildə ortada oyun kartları və pul olması video çəkilişlə aşkar edilmiş. Həmin şəxslərdə nə etdikləri soruşulduqda onlar qumar oynamamalarını durakı oynamalarını bildirmişlər. Daha sonra həmin yerə Göygöl RPŞ-in İTB-nin sahə rəisi, polis baş leytenantı X7 yaxınlaşmışdır. Həmin şəxslər Göygöl RPŞ-nə gətirilmiş, şöbədə şəxsiyyətləri müəyyən olunmuş bundan sonra sənədləşdirilmə aparılmışdır. Həmin vaxt onların hər biri mal bazarında heyvanlarının və kartoflarının olmasını bildirmiş, sənədləşmə aparıldıqdan sonra onlar bazara aparılmış və malları onlara təhvil verilmişdir. Əlavə olaraq bildirdi ki, həmin şəxslərin qumar oynamaları birbaşa onun tərəfindən aşkar edilmiş, ona daxil olmuş məlumata əsasən aşkar edilmişdir. O həmin məlumatın mənbəyini məxfi olduğu üçün deyə bilməz. Həmin günü bazar günü olduğundan və o həmin bazarda oğurluqlar olduğu üçün polis sahə nəfərləri həmin ərazidə mülki formada xidmət etmişlər. O həmin xidməti yoxlamağa gedərkən ona telefon vasitəsi ilə qumar məlumatı daxil olmuş, o məlumatı yoxlamaq üçün getdikdə doğru olmasını aşkar etmişdir. Video çəkiliş zamanı ortada pullar olmuşdur. Onların üzərində həmin vaxt elektron portal olmamış, bu səbəbdən həmin şəxslərin şəxsiyyətlərini yoxlamaq üçün PŞ-nə aparılmışlar. İzahatları Göygöl RPŞ-in İTBnin sahə rəisi, polis baş leytenantı X7 almışdır. Həmin şəxslərin özləri ilkin olaraq qumar oynamadıqlarını durakı oynadıqlarını bildirmişlər. O avtomobilə yaxınlaşanda sol arxa qapısını açmışdır. O çəkilişin ona kifayət edəcəyini düşündüyü üçün və o tək olduğu və digər qapıdan bir nəfərin getmək istəməsi səbəbindən videonu dayandırmışdır. Həmin vaxt onlar qumar oynamadıqlarını, durakı oynadıqlarını və qonaqlıqdan oynadıqlarını bildirdilər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirmişdir ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə heç bir ədavəti və qohumluğu yoxdur. o xx.xx.2024-cü il tarixdə Göygöl rayonu “Mal bazarı”deyilən yerə heyvan və kartof satmağa getmişdir. Həmin vaxt o maşında Şəxs, X8 və X9 ilə oturmuşdur. Həmin vaxt onlar baş qatmaqdan ötrü durakı oynamışlar, kart onun kartı olamamış, kimin tərəfindən almasını bilmir. Onlar 2-3 oyun durakı oynamışlar. Oyunu kimin udması onun yadında qalmayıb. O maşında harda oturmasını xatırlamır. Ortada olan pulun nə olamasını bilmir. Əlavə olaraq bildirdi ki, onun üzərində pul olmamışdır. Ortada olan pul yəqinki avtomobil sahibinin olmuşdur. Durakı oynamaq üçün 36 ədəd oyun kartı lazımdır. Onlar durakını qonaqlıqdan oynamamışlar, o oxuyub yazma bilmədiyi üçün izahatını oxumadan polisdə imzalamışdır. Onlar izahatı tək-tək vermişlər. O polis əməkdaşına oxuyub yazmasını bilmədiyini demişdir. Ortada olan pulun nə pulu olmasını və kimin pulu olmasını bilmir. O bazara kartov və quzu satmaq üçün getmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X1 Elnur Fərman oğlunun əməlində inzibati xəta tərkibi olmamasını, Elvin ifadəsində özünü təqsirli bilməsini bildirsədə təqsirin nə olmasını bilməməsini, həmçinin ifadəsində qumar oynamamasını baş qat qatmaq üçün duraki oynamasını bildirmişdir. Odur ki, onun əməlinin sübuta yetirilmədiyindən inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. İş materiallarına əlavə edilmiş 01 ədəd CD diskdə olan görüntülərdən görünür ki, Şəxs, Şahid2, X8 və X5 ** BZ *** dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobildə əyləşmişlər, onların aralarında oyun kartları və pul əskinasları vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, oyun ləvazimatı olan 21 ədəd oyun kartı və 2 manat pul vəsaiti müsadirə edilməklə, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 21 ədəd oyun kartı və 2 manat pul vəsaiti müsadirə edilməklə, 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Video görüntülərin qeydə alındığı 01 ədəd cd disk inzibati işin materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar