Məhkəmə qərarları › İş №3(066)-370/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-370/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-370/2024 17.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl RPŞ-in İTB-nin sahə rəisi, polis baş leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Daşkəsən rayonu, Əmirvar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Daşkəsən rayonu, Əmirvar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Göygöl RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı barəsində Göygöl RPŞ-in İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək material baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024–cü il tarixdə tanışları İntiqam, Elnur və Röyalla birlikdə Göygöl rayonunda yerləşən “Mal bazarında” adlanan “qumar” oyunu oynamışlar. Bu hərəkətləri ilə X5 Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-in İTB-nin sahə rəisi, polis baş leytenantı X4 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Göygöl RPŞ-nin İTB-nin rəsisi, polis kapitanı Şahid ilə Göygöl rayonu Mal bazarı adlanan yerdə xidmətdə olan zaman adları sonradan məlum olan X3, Şəxs, X5 və Şəxs ** BZ *** dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobildə qumar oynamaları ilə bağlı avtomobilə yaxınlaşan zaman adları qeyd olunan şəxslərin nəqliyyat vasitəsinin daxilində əllərində qumar oynamaq üçün oyun kartaları və ortada pullar olması aşkar olunaraq götürülmüş və qeyd oluna faktla bağlı həmin şəxslər Göygöl RPŞ-nə gətirilərək barələrində İXM-nin 525-ci maddəsinə əsasən protokol tərtib edilmiş və həmin şəxslər PŞ-də olarkən pulla qumar oynamalarını, qonaqlıqdan qumar oynadıqlarını bildirdilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də onun etdiyi əməl şahid ifadələri və götürülümş oyun kartaları və pul əskinasları ilə öz təsdiqini tapmışdır. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə törədilmiş inzbati xətada özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o xx.xx.2024-cü il tarixdə Göygöl rayonu “Mal bazarı” deyilən yerə heyvan və kartof satmağa getmişdir. O bazara Elnurun maşını ilə getmişdir. Onlar səhərə qədər yuxusuz heyvanlarının yanlarında olmuşlar, sabah yuxuları gəlməsin deyə başlarını qatmaq üçün avtomobildə durakı oynamağa başlamışlar. Kartın kimin kartı olmasını və kimin tərəfindən gətirilməsinin bilmir. Onlar durakını baş qatmaq üçün heç bir uduş olmadan oynamışlar. Avtomobildə o qabaqda oturmuş, onun oturacağında pul olmamış, sürət qutusunun yanında xırda 2-3 manat pul olmuşdur. O durakıda neçə kart olmasını bilmir. Neçə oyun oynamalarını xatırlamır. Onlar durakını qonaqlıqdan və araqdan oynamamışlar. Onlar neçə oyun oynamalarını xatırlamır. Video görüntüdə olan xırda pulların onun yanında niyə olmasını bilmir. Onlar durakını qoltuq altının üzərinə qoyub oynamışlar. Digərləri durakını qonaqlıqdan oynamalarını bildirsələrdə qonaqlıqdan oynamamışlar. Onlar puldan durakı oynanamışlar başlarını qatmaq üçün oynamışlar, neçə kartla və neçə oyun durakı oynamaları yadında deyil, polis əməkdaşları onlardan kartları götürdükdən sonra maşında kart qalmış lakin neçə kart qalmasını bilmir. Onlar 21 oynamamışlar, durakı oynamışlar. Onlar 6 kartdan durakı oynamışlar. Onun ayağının yanında olan pul sürücüyə aid olmuş, belə ki müştəri aparıb düşürmüş və onu da həmin müştəri vermişdir. Həm xırda pulları həmdə 5 manatlığı müştəri qoymuşdur. Şahidin ifadəsində göstərdikləri ilə bağlı oda bildirmişdir ki, qoltuq altının üzərində pul olmuş lakin həmin pul sürücünün olmuşdur, lakin durakını onlar qonaqlıqdan oynamamışlar. Onlar avtomobili heyvanlar olan saxlanc yerinin yanında saxlamışlar. Onlar qumar oynamamışlar. O işin yekunlaşmasını istəyir, ifadəsinə əlavəsi yoxdur. İnzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl Rayon Polis Şöbəsinin İTBnin rəisi, polis kapitanı Şahid izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə “Mal bazarı” adlanan yerdə xidmətdə olan zaman ** BZ *** dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobildə qumar oynanması ilə bağlı ona məlumat gəlmiş, o məlumat əsasında həmin avtomobilə yaxınlaşmış və bu zaman məlumatın doğru olması, avtomobildə ortada oyun kartları və pul olması video çəkilişlə aşkar edilmiş. Həmin şəxslərdə nə etdikləri soruşulduqda onlar qumar oynamamalarını durakı oynamalarını bildirmişlər. Daha sonra həmin yerə Göygöl RPŞ-in İTB-nin sahə rəisi, polis baş leytenantı X4 yaxınlaşmışdır. Həmin şəxslər Göygöl RPŞ-nə gətirilmiş, şöbədə şəxsiyyətləri müəyyən olunmuş bundan sonra sənədləşdirilmə aparılmışdır. Əlavə olaraq bildirdi ki, o maşına yaxınlaşan zaman ortada qoltuq altının üzərində pul olmuşdur. Onların hamısı qumar oynamadıqlarını durakı oynadıqlarını bildirmişlər. O isə gedək şöbədə izahatınızda durakı oynadıqlarını göstərmələrini bildirmişdir. Göygöl Rayon Məhkəməsinin 3(066)-369/2024 saylı inizabati iş materiallarına əlavə edilmiş 01 ədəd CD diskdə olan görüntülərdən görünür ki, X3, Şəxs, X5 və Şəxs ** BZ *** dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobildə əyləşmişlər, onların aralarında oyun kartları və pul əskinasları vardır. İşdə olan Göygöl Rayon Məhkəməsinin 3(066)-369/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 21 ədəd oyun kartı və 2 manat pul vəsaitin müsadirə edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən qərarda oyun ləvazimatı olan 21 ədəd oyun kartı və 2 manat pul vəsaiti müsadirə edildiyindən, hazırki inzibati işdə bu hissəyə münasibət bildirilməməlidir. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Göygöl Rayon Məhkəməsinin 3(066)-369/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 21 ədəd oyun kartı və 2 manat pul vəsaitin müsadirə edilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar