Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-382/2025 14.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyəddin qızı, X2 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdim: X3 şikayət ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2025-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh tətbiqi haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 20:22 radələrində Gəncə şəhəri Molla-Cəlilli küçəsində yuxarıda göstərilən LADA NİVA minik markalı 90YM464 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman, Gəncə şəhər DYPŞ-nin YPX-nin əməkdaşları xidməti avtomaşınla saxlama nişanı veriblər. Avtomobili sağa hərəkət etdirərək qanuna müvafiq olaraq yol kənarında saxladığını bildirib. Polislərin xidməti avtomobili arxada dayanıb. Ərizəçi avtomobildən düşərək, saxlamanın səbəbini soruşub. Polislər ona təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildiriblər. Siz arxadan kəməri necə gördünüz dedikdə polislər əsəbləşərək, sənə xəta taparıq sözləri işlədərək, daha sonra avtomaşına kənardan baxış ediblər. Polislər baxış zamanı bildiriblər ki, avtomobildə olan işıq cihazları, modelə uyğun deyil. Ərizəçi izah edib ki, bu avtomobilə quraşdırılan cihaz aksesuarlara aiddir, normaya uyğundur. Buna baxmayaraq avtomobili cərimə meydançasına yerləşdiriblər, Həmçinin qanunsuz olaraq inzibati protokol tərtib edib, 150 manat məbləğində cərimə edibər. Şikayəti və iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. - 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. -126-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1 inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2 inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3 vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. 132.2. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1.-ci maddəsinin tələbinə görə, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2.-ci maddəsinə tələbinə görə, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3.-cü maddəsinə tələbinə görə, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, şikayətçi inzibati xəta haqqında qərardan şikayəti xətanın törədildiyi yer üzrə verməlidir. Habelə, mübahisələndirilən inzibati tənbeh tətbiqi haqqında qərardan qeyd edilən şikayət vermə müddətini ötürməməlidir. Şikayətdən və əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta haqqında protokolda qeyd edilən xətanı X1 şəhəri Molla Cəlilli küçəsində törətmişdir. Odur ki, xətanın törədildiyi yer Gəncə şəhəri hesab olunur. Şərh edilənlərə əsasən hesab edirəm ki, şikayət aidiyyatı üzrə düzgün verilmədiyindən və şikayətə qanunvericilikdə müəyyən edilmiş müddətdə məhkəmədə baxılması mümkün görünmədiyindən, X2 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh tətbiqinin ləğv edilməsi barədə şikayətinə məhkəmədə baxılması mümkün olmadığı üçün geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 110, 132-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Azərbaycan Respublikası DİN Gəncə RPŞ-nin DYPŞ-nin Yol patrul xidmətinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh tətbiqi haqqında qərarından X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-382/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-382/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver