Məhkəmə qərarları › İş №3(066)-389/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-389/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-389/2024 22.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Gəncə şəhəri Nizami rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Yeni Qəsəbə bina 15, mənzil 22 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Göygöl RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Prokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus Göygöl şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən evin pəncərələrini daşla sındıraraq 800 manat məbləğində qəsdən maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İХМ-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Göygöl RPŞ-nin İTB-nin sahə rəisi X3 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus Göygöl şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən evin pəncərələrini daşla sındıraraq və darvazasını zədələyərək ona 800 manat məbləğində qəsdən maddi ziyan vurmuşdur. Bu barədə təhqiqatçı araşdırma aparmış qərar qəbul etmiş və onun əsasında tərəfindən protokol tərtib edilmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs tərəfindən protokol tərtib ediləndə özünü təqsirli bilməmiş, izahat verməmiş və protokolu imzalamamışdır. O protokolu təhqiqatçının qərarı əsasında tərtib etmiş, inzibati icraat qaydasında heç bir araşdırma aparmamış, təhqiqatçının təqdim etdiyi materialla kifayətlənmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, atası ilə Zərərçəkmiş şəxs aralarında münasibətləri olmuşdur. xx.xx.2024-cü il tarixdə o, qardaşı Vahid və anası Reyhanla birlikdə Zərərçəkmiş şəxs evinə getmişlər. Həmin vaxt evin pəncərəsinin şüşələrini o sındırmamış, anası daşla vurmuşdur. O, Zərərçəkmiş şəxs evinə heç bir ziyan vurmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə evdə olmamışdır. Qonşusu Yusif ona zəng edərək iki nəfər oğlanın və bir nəfər qadının gəlib evinin pəncərələrini daşla vurub sındırmalarını bildirmişdir. O, evə gəldikdə evinin pəncərələrinin şüşələrinin sındırılmasını və darvazasının zədələnməsini görmüşdür. Həmin şəxslər qonşunun qapısında oturub çay içmişlər. O bu barədə polisə məlumat vermişdir. Polis gəlib evin şəkillərini çəkmişdir. Ona dəymiş ziyana görə 500 manat ödəniş ediblər. Lakin ona çox ziyan dəymişdir. Təhqiqatın qərarında ona dəymiş ziyanı düzgün yazılmayıb. Dəymiş ziyanla bağlı dəfələrlə polisə bildirsədə nəzərə alınmamışdır. Qonşuların deməsinə görə onun evinə Cavidlə birlikdə anası və qardaşıda daş atıblar. Onun evinin pəncərərləri, darvazı və dam örtüyü zədələnmiş və lakin ona vurulmuş ziyan düzgün hesblanmamışdır. O zərər məbləği ilə razı deyil. Məhkəmə, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, törədilmiş əməl tam araşdırılmadığından, əmələ düzgün hüquqi qiymət verilməsi üçün işin faktiki hallarını müəyyən edən heç bir sübut əlavə edilmədiyindən, protokol düzgün tərtib edilmədən, materiallar natamam olduğundan, barəsində inzibati protokol tərtib edilmiş şəxsin təqsirli olmasını təsdiq edən sübut və vurulmuş maddi ziyanın həcmini müəyyən edən sübutlar əlavə edilmədiyindən məhkəmə icraatı çərçivəsində isə tamamlanması mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin inzibati material nəzərdən keçirilərkən müəyyən olundu ki, Zərərçəkmiş şəxs məxsus olan evə ziyan vurulmasına dair edilmiş hərəkət və vurulmuş zərərin nədən ibarət olması müəyyən edilməməklə yanaşı, zərər məbləğinin necə müəyyən edilməsinə dair məhkəməyə təqdim edilmiş materialda münasibət bildirilməmiş, protokol tərtib etmiş şəxs məhkəmə iclasında inzibati icraat çərçivəsində heç bir araşdırma aparmadığını, təhqiqatçının təqdim etdiyi materialla kifayətləndiyini bilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106- 111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Göygöl RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar