Məhkəmə qərarları › İş №3(066)-389/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-389/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-389/2025 01.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Göygöl rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsi ilə 19 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 700 manat, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 700 manat olmaqla cəmi Şəxs 1400 manat borcu vardır, işləmədiyi üçün ödəniş edə bilmədiyi qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi Nümayəndə çıxışında protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ağır işlərdə işləməyə qüvvəsi olmadığını dedi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında 31 mart 2021-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, Şəxs Göygöl RMTM-nin Zurnabad meşəbəyliyinin 2 saylı meşə dolayısından 6 (altı) ədəd yaş ağacları kəsmiş 1,91 kub metr həcmdə 55 manat 12 qəpik məbləğində DMFna ziyan vurmuşdur. Azərbaycan Respublikası İXM-in 253.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. xx.xx.2021-ci il tarixli (daxilolma xx.xx.2021) məktubla Göygöl rayon İcra və Probasiya şöbəsinə 31 mart 2021-ci il tarixli MN ******* nömrəli qərar məcburi icra olunması üçün göndərilmişdir. İnzibati tənbeh vermə haqqında 28 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərardan görünür ki, Şəxs Göygöl RMTM-nin Zurnabad meşəbəyliyinin 2 saylı meşə dolayısından 7 (yeddi) ədəd yaş ağacları kəsmiş, 700 məbləğində DMF-na ziyan vurmuşdur. Azərbaycan Respublikası İXM-in 253.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixli (daxilolma xx.xx.2025) məktubla Göygöl rayon İcra və Probasiya şöbəsinə 28 dekabr 2024-cü il tarixli MN ******* nömrəli qərar məcburi icra olunması üçün göndərilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinin ******* saylı, xx.xx.2024-cü il tarixl icra vərəqi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsində nəzərdə tutulan dörd aylıq müddətin keçməsi ilə əlaqədar inzibati məsuliyyətdən azad edilməli olduğuna görə İXM-in 53.1.6-cı maddəsinə əsasən Şəxs barəsində həmin Məcəllənin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 150.7-ci maddəsinə əsasən barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. 150.10-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9 və 529.1- ci maddələrinə uyğun olaraq, müvafiq inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdə, həmin Məcəllənin 38.1, 53 və 109.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1 və ya 529.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilmədikdə onun barəsində qəbul edilmiş inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. Şəxsin inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq isə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun bilavasitə vəzifəsidir. Həmin Qanunun 11-ci maddəsinə müvafiq olaraq isə icra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunduğu kimi, inzibati cərimə növündə tənbeh tətbiq etmə barədə səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin məcburi icraya yönəldilmiş qərarı müvafiq olaraq 2 ay və ya 15 gün müddətində icra edilmədikdə, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolu tərtib edir. İnzibati Xətalar Məcəlləsinin 150.10-cu maddəsinə görə isə inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə, yəni məcburi icra üçün müəyyən edilmiş müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Sadalanan maddələrdən göründüyü kimi, qanunverici inzibati cərimənin tətbiqi haqqında qərarın icrasını təmin etmək üçün müxtəlif qanuni vasitələr nəzərdə tutmuş və icra məmurlarının üzərinə bu vasitələrdən istifadə etməklə qərarların vaxtında icrasının təmin edilməsi vəzifəsini qoymuşdur. Dövlət orqanlarının üzərinə qoyulmuş vəzifələrin vaxtında və layiqincə icrası isə cəmiyyətin hər bir üzvünün maraqlarının qorunmasına xidmət etməklə yanaşı, ictimai qaydanın mühafizəsini də təmin etmiş olur. Əks hal barəsində inzibati tənbeh tətbiq edilmiş şəxslərdə tənbehin icrasından yayınmağın mümkünlüyü düşüncəsini yaratmaqla, inzibati xətalar qanunvericiliyinin qarşısında duran vəzifələrin həyata keçirilməsinə xələl gətirmiş olar. Göründüyü kimi barəsində icraat aparılan şəxs tərəfindən inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarının 2 ay müddətində icra olunmadığı və həmin 2 aylıq müddətin başa çatdığı və icra məmuru tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.1- ci maddəsi ilə inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilərək məhkəməyə göndərilməli olduğu halda, müddət ötürməklə göndərilmişdir. Bununla da müəyyən olunur ki, inzibati xətaya görə məsuliyyətə cəlb edilmə müddəti keçmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunun tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhi və işin faktiki hallarını nəzərə alaraq qənaətə gəlir ki, Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən Şəxs barəsində İXM-in 529.1-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Habelə, məhkəmə səlahiyyətli orqanın diqqətinin hazırkı qərarın təsviriəsaslandırıcı hissəsində qeyd edilənlərə cəlb edilməsini zəruri hesab edərək nəzərlərinə çatdırır ki, müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməli olan şəxsin inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraat materialının məhkəməyə göndərilməsi ilə şəxsin hüquqlarının pozulmasına yol verilməməli, belə hallarda iş məhkəməyə göndərilmədən şəxsin bu hüququnun təmin edilməsi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmamalı, başlanmış icraata orqanın özü tərəfindən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.1.6, 48-51, 105, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar