Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-448/2024 18.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin DYPB-nin YPX inspektoru, polis baş serjantı Nümayəndə, barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialına baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4, 333.1 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Göygöl rayonu Yol-Patrul Xidmətinin inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Həmin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokolun tərtib edilməsinə əsas kimi Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 07:46-da “QAZ 3302” yük markalı, **- BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.4, 333.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Nümayəndə verdiyi izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə səhər saat 08-09 radələrində xidmətdə olarkən Göygöl şəhər İcra Hakimiyyəti binasının qarşısında Şəxs əks istiqamətdə hərəkətdə olduğu üçün saxlanılmışdır. Saxlanılan zaman Şəxs sipirtli içki qəbul edilməsi aşkar edilmişdir. Onlar məhkəməyə 333.1-ci maddə ilə vermişlər, digər maddələr üzrə qərarlar onların tərəfindən sistemə daxil edilmişdir. Sərxoş olduğu müəyyən olunarkən sürücü xüsusi vasitı ilə müayinədən keçirilmiş, sürücüyə həkim müayinəsinə getməsi təklif edilmiş, lakin o etiraz edərək getmək istəməmişdir. Müayinə olunarkən onun nəfəsindən 0.4 probildən çox sipirt olduğu aşkar edilmişdir, həmin vaxt onlar sürücüyə həkim müayinəsindən keçməyi də təklif etmişlər, lakin sürücü onu yola vermələrini istəməmişdir. Sürücünün alkotsterlə müayinədən keçməsi ilə bağlı video görüntü mövcutdur. Sürücüyə şəxsən onun özü içkili vəziyyətdə avtomobil idarə etməsi ilə bağlı xəbərdarlıq etmişdir və sürücü heç nəyə məcbur edilməmişdir. Onların idarə etdiyi hər avtomobilə sərxoşluğun yoxlanması üçün xüsusi vasitə təhkim edilmişdir. Avtomobildə istehsalçının nəzərdə tutduğundan əlavə konsturuksiya dəyişikliyi vardır. Sürücünün idarə etdiyi avtomobil ancaq bortludur qalan hissəsi isə əlavə yığılmadır. Bu isə konsturuksiya dəyişikliyidir. Video görüntülərdə olan sürücünün etirafı vardır. Bu səbəbdən onun barəsində və ona həkimdən bəzi saxtalıqlara yol verilməklə alınmış rəy barədə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək və izahatını yazılı təqdim edərək göstərdi ki, o, Şəxs polis, məhkəmə və digər orqanlarla ünsiyyətdə olan zaman həyəcan hissi keçirir və sözlərini düzgün ifadə edə bilmir bu səbəbdən vermiş olduğu ərizəni məhkəməyə verdiyi ifadə kimi qəbul edilməsini xahiş edir. xx.xx.2024 cu il tarixində onu Göygöl rayon yol polisi əməkdaşları səhər saat 08:00 radələrində idarə etdiyi Qazel markalı avtomobilini saxlamışlar. Saxlanılan zaman ona içkili olduğunu bildirmişlər o, isə həyacan hissi ilə dünənki gün içdiyini bildirmiş amma son üç gün ərzində heç bir alkoqollu içki qəbul etməmişdir. Polis əməkdaşı aklotesterə üfürməyini istəmiş, o üfürmüş alkotesterin nə göstərdiyini ona göstərmədən içkili olduğunu bildirmişlər və ona imzalar atmasını tələb etmiş o isə heç yerə imza atmamışdır. Onlar öz başına onun maşınını idarə edib polis şöbəsinə aparmışdır. O, bundan bir neçə dəqiqə sonra internetdən sərxoşluğun yoxlanılma qaydasına baxmış və onu yoxlma üsullarının qanunsuz olduğunu müəyyən etmişdir. Beləki yoxlanılan zaman iki nəfər hal şahidinin olması mütləqdir eyni zamanda alkotesterin kağız daşıyıcısının bir nüsxəsini vətəndaşa təqdim etməlidirlər halbuki həmin polis bunlarin heç birini etməmişdir. Bu səbəblərə görə o müayinədən təkrar keçmək üçün polis şöbəsinə getmiş lakin ona həmin əməkdaşların ərazidə xidmət apardıqlarını və gəlməyəcəklərini bildirmişlər. O isə həkim müayinəsindən keçmək üçün sərxoşluğun müayinəsi məntəqəsinə gedib yoxlanılmış və sərxoş olmadığı haqqında ona arayış təqdim etmişlər. Sonradan onun avtomobili konsturuksiya dəyişikliyi bəhanəsi ilə üç gün şöbədə saxlanılmışdır. O ailəsini həmin maşınla dolandırdığını və heç bir qanun pozuntusu eləmədiyini bildirdikdə avtomobilin buraxılmasının yalnız onlar deyən sənədlərə imza edəcəyindən sonra mümkün olduğunu bildirmişlər, o isə məcbur qalaraq göstərdikləri sənədlərə imza atmışdır. Sonradan İXM-nin 333.1, 324.4 və 342.2.2 maddələri protokol yazıldığını öyrənmiş lakin o həmim maddələr üzrə heç bir qayda pozuntusu etməmişdir. Polis əməkdaşları ilə ünsiyyətdə olduğu zaman aparılan video görüntünü tam olaraq kəsilmə olmadan məhkəməyə təqdim etmələrinin tələb edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, qeyd olunan avtomobili etibarnamə əsasında idarə etmişdir. O protiv getməsini qəbul edir və həmin hissədə cərimə edilməsinə etirazı yoxdur. Lakin o içkili olmamışdır. Onu müayinə edən həkimin adını bilmir. Ona sərxoşluq vəziyyətinin tibbi müayinəsi ilə bağlı aktı kimin verməsini bilmir. O içkili olmamışdır. Ona görə də barəsində tərtib edilmiş protokolu qanunsuz və əsassız hesab edir. Odur ki, barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-nin 333.1-ci maddəsi ilə inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 333.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibаti iş mаteriаllarına əlаvə edilmiş: İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokoldan müəyyən olunur ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 07:46-da “QAZ 3302” yük markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməklə, normativ tələbləri pozmaqla avtomobilə avadanlıq quraşdırmış və avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, Şəxs məxsus «QAZ 3302» yük markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə saxlanca qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə həmin duracaqdan buraxılmışdır. Alkotester qəbzindən görünür ki, xx.xx.2024-cü ildə keçirilən alkotester yoxlaması zamanı Şəxs alkoqolun miqdarı 0.418 promill olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş 01 ədəd CD diskdə olan görüntülərdən görünür ki, Şəxs «QAZ 3302» yük markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə Göygöl şəhəri İcra Hakimiyyəti binasının qarşısında əks yola çıxmaqla idarə etmiş, yol polis əməkdaşları tərəfindən saxlanılmış və saxlanılarkən dünən gecədən toyda 2-3 rumka araq içməsini, alkotesterə üfərməsinin ehtiyac olmamasını üfürərsə alkol çıxacağını, işlərinin çox olmasını onun cərimə olunması və ya avtomobilinin duracağa qoyulmasının onlara nə xeyri olmasını bildirmiş və yol polis əməkdaşlarından onu yola vermələrini istəmiş və alkotester müayinəsi zamanı sipirtli içki qəbul etməsi aşkar edilmiş, muayinənin nəticəsi ilə razı olmamasını və həkim muayinəsindən təkrar keçrilməsini bildirməmişdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 10 noyabr 2024-cü il tarixdə saat 07:46-da Göygöl rayonu ərazisində QAZ 3302» yük markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqolun təsiri altında sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də onun barəsində İXM-nin 333.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında xx.xx.2024-cü il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etmədiyini, hadisə vaxtı ayıq olduğunu bildirmiş və məhkəməyə təqdim etdiyi 4599/2024 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyətinin tibbi müayinəsi aktında göstərilmişdir, Şəxs xx.xx.2024-cü il tarixdə saat 08:30-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X3ndə tibbi müayinədən keçmiş və onda hər hansı sərxoşluq əlaməti aşkar edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs video görüntülərdə axşamdan toyda 2-3 rumka araq içməsini bildirmiş və polis əməkdaşlarından onu yola vermələrini xahiş etmiş, Göygöl RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Nümayəndə tərəfindən keçirilən alkotester müayinəsi zamanı sipirtli içki qəbul etməsi aşkar edilmiş, muayinənin nəticəsi ilə razı olmamasını və həkim muayinəsindən təkrar keçirilməsini bildirməmişdir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X3 tərəfindən verilmiş 4599/2024 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyətinin tibbi müayinəsi aktınıda muayinəni keçirən tibb işçisinin şəxsiyyəti barədə heç bir qeyd aparılmamış, bununla belə muayinə olunan şəxsin müayinəyə BDYPnin 8-ci tağ İbarhimov Xəyal adlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə saat 08:30-da göndərildiyi göstərilmişdir. Bu səbəbdən məhkəmə rəyə tənqidi yanaşaraq qeyd edir ki, həmin X3 tərəfindən verilmiş 4599/2024 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyətinin tibbi müayinəsi aktı mötəbər sübut hesab edilə bilməz. Odur ki, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 209 №-li qərarının 2.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, ayaq üstə sərbəst dayana bilmədikdə və özünü idarə edə bilmədikdə həyata keçirilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin qərarın 2.6-cı maddəsinə əsasən, müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Həmin qərarın 2.7-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin qərarın 3.1-ci maddəsinə əsasən, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin qərarın 3.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Həmin qərarın 3.4-cü maddəsinə əsasən, müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. Məhkəmə Şəxs hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, ona təqsirli olduğu İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehi tətbiq edilməlidir. Eyni zamanda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə yanaşı, həmçinin 327.4 və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən, İXM-nin 327.4 və 342.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 və 342.2.2ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, dörd yüz manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4 və 342.2.2-ci maddələrinə münasibətdə baxılması üçün Göygöl rayon polis şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə q ə r a r a a l d ı: Şəxs оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimə məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4 və 342.2.2-ci maddələrinə münasibətdə baxılması üçün Göygöl rayon polis şöbəsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-448/2024
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-448/2024
18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver