Məhkəmə qərarları › İş №3(066)-485/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-485/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-485/2024 26.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X1 xx.xx.2024-cü il tarixli, EQ 25131972 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdim: X2 şikayət ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 25131972 nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş həmin tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 19 dekabr 2024-cü il tarixdə günorta saatlarında saat təxminən 13-44 radələrində idarə etdiyi “Mercedes Benz” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan qəsəbəsi “Binə” ticarət mərkəzinin qarşısından keçərkən avtomobilin mühərriki anidən 1-2 dəqiqəlik sönmüşdür. Bu zaman onu kamera çəkmişdir. Barəsində qəbul edilmiş qərar 6 saat sonra ona SMS vasitəsilə göndərilmişdir. Həmin protokol əsasında 2 bal və 80 manat məbləğində cərimə edilmişdir. Barəsində qəbul edilmiş qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, SMS radarında heç bir görüntü yoxdur və həmin vaxt avtomobildən yerə düşməmişdir. Heç bir yol hərəkəti qaydasını pozmamışdır. Şikayəti və iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət baxılması üçün aidiyyəti üzrə düzgün verilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 110.1-cimaddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. - 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Şikayətdən və əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta haqqında protokolda qeyd edilən xətanı X2 Bakı şəhəri, Lökbatan qəsəbəsi, Binə ticarət mərkəzinin qarşısında törətmişdir. Odur ki, xətanın törədildiyi yer Bakı şəhəri Qaradağ rayonu hesab olunur, həmin yer isə Göygöl Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarındakı mövqeyə əsasən şikayətçi ilk növbədə inzibati xəta haqqında qərardan şikayəti xətanın törədildiyi yer üzrə verməli, sonradan vəsatətlə müraciət edərək yaşadığı yer üzrə göndərilməsini xahiş etməlidir. Hazırkı halda hesab edirəm ki, şikayət xətanın törədildiyi yer üzrə verilmədiyindən baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. - 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 110, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: X1 xx.xx.2024-cü il tarixli, EQ 25131972 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar