Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-517/2023 14.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X2 iclas katibliyi, X1nun iştirаkı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon polis şöbəsinin X13 bölməsinin yol patrul xidmətinin polis mayoru X4 xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X6 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon polis şöbəsinin X13 bölməsinin yol patrul xidməti baş inspektoru polis mayoru X4 xx.xx.2023-cü tarixli qərarı ilə X6 İXM-in 333.1 və 327.1-ci maddələri ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs X6 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon polis şöbəsinin X13 bölməsinin yol patrul xidməti baş inspektoru polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü tarixli, ******* saylı protokolun, qərarın əməlində inzibati xəta tərkibi olmadığına görə, inzibati xəta hadisəsi olmadığına görə, həmçinin spirtli içki qəbul etmədiyinə görə, bu barədə sübutu məhkəməyə təqdim etdiyinə görə tamamilə ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq, Samux RPŞ-nin DYPB nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 məhkəməyə şikayətin dəqiqləşdirilməsi barədə ərizə verərək şikayətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon polis şöbəsinin X13 bölməsinin yol patrul xidməti baş inspektoru polis mayoru X4 onun barəsində olan xx.xx.2023-cü tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi həcmində baxılmasını xahiş etmişdir. Məhkəmə X3 şikayətin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. Məhkəmə iclasında X1 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə barəsində DİN Samux RPŞ YPXB-nin inspektoru tərəfindən İXMnin 333.1 və 327.1-ci maddələri ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında Samux RPŞ YPXB-nin polis mayoru X7 tərəfindən barəsində 400 manat cərimə olunması barədə TP ******* saylı qərar qəbul edilmişdir. Həmin qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus "VAZ 21074" minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayonu, Zazalı yolunda hərəkətdə olarkən heç bir qayda pozuntusu etməməsinə baxmayaraq Samux RPŞ YPXB-nin inspektoru onu saxlatmış və onu alkotester müayinəsindən keçirərək ona avtomobili sərxoş vəziyyətdə idarə etdiyi bildirilmişdir. Lakin o, içkili olmadığından buna etiraz edərək ayıq olduğunu bildirmiş və sərxoşluqla bağlı həkim müayinəsindən keçirilməsini tələb etmişdir. Buna baxmayaraq avtomobili Samux RPŞ-yə gətirilərək cərimə meydançasına yerləşdirmişlər və şöbədə də həkim müayinəsindən keçirilməsini tələb etsə də onu həkim müayinəsindən keçirməyəcəklərini görüb özü Gəncə şəhərində yerləşən Narkoloji Dispanserdə həkim müayinəsindən keçmişdir. Həkim müayinəsində həqiqətən də onun ayıq olması məlum olmuşdur. Sərxoşluqla bağlı tibbi müayinə protokolunu özü ilə gətirib Samux RPŞ YPXB-yə təqdim edəndən sonra isə heç bir əsas olmadan barəsində İXM-nin 327.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında prtokol tərtib olunmuş və qərar çıxarılmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon polis şöbəsinin X13 bölməsinin yol patrul xidməti baş inspektoru polis mayoru X4 onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələrində nəzərə tutulmuş inzibati xəta haqqında xx.xx.2023-cü tarixdə tərtib etdiyi qərar qanunsuz, əsassız olduğu üçün ləğv edilməli və o, 400 manat inzibati cəriməni ödəməkdən azad edilməlidir. Odur ki, şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi Məhkəmə şikayətçini dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokoldan müəyyən olunur ki, X3 xx.xx.2023-cü il tarixdə, saat 09:45-də Samux rayonu, Zazalı yolunda “VAZ 21074 yük” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə İXM-nin 327.1 və 333.1-ci maddələrinin tələblərini pozması göstərilmişdir. Samux rayonu polis mayoru X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərar”ın surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə saat 09:45-də Samux rayonu, Zazalı yolunda “VAZ 21074 yük” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə İXM-nin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan 3169/2023 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun surətindən müəyyən olunur ki, X6 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Narkoloji Dispanserində tibbi müayinədən keçmiş və onda hər hansı sərxoşluq əlaməti aşkar edilməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Samux RPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli, İXP № ******* saylı protokolu əsasında inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 məhkəməyə şikayət verərək barəsində olan Azərbaycan Respublikası Daxili X10 rayon polis şöbəsinin X13 bölməsinin yol patrul xidməti baş inspektoru polis mayoru X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İXM-nin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, X3 əməlində İXM-nin 327.1 və 333.1-ci maddələrinin tərkibinin olması qənaətinə gəlmək olmur. Belə ki, işdən müəyyən edilir ki, hadisə xx.xx.2023-cü il tarixdə saat 09:45-də baş vermişdir. Həmçinin məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3169/2023 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə saat 12:41-də ayıq olmuşdur. Həmçinin şikayətə əlavə edilmiş alkotestr kağızından görünür ki, X6 xx.xx.2023-cü il tarixdə saat 12:41-də alkotestr müayinəsindən keçən zaman onda alkoqolun miqdarı 0.00 promill olmuşdur. Bundan başqa X3 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan qaydanı pozması ilə bağlı inzibati xəta haqqında protokol və qərar tərtib edilmiş orqan tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda X3 qeyd olunun inzibati xətaları törətməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X3 əməlində İXM-nin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. İşdən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında İXP № ******* saylı protolkolda və xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X3 xx.xx.2023-cü il tarixdə saat 09:45-də Samux rayonu, Zazalı yolunda “VAZ 21074 yük” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozması və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi göstərilsə də bu barədə məhkəməyə qərar tərtib etmiş orqan tərəfindən heç bir dəlil və ya sübut – hər hansı sənəd, şəkil və ya video təqdim edilməmişdir. Bundan başqa məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X6 bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmə qaydalarını pozmadan idarə etmişdir və həmin vaxt sərxoş olmamasına dair Narkoloji Dispanserin verdiyi müayinə protokolu da var. Göründüyü kimi X3 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda X3 təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. İXM-nin 53.1-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon polis şöbəsinin X13 bölməsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X3 barəsində İXM-nin 327.1-ci və 333.1-ci mаddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-nin 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. Samux rayon polis şöbəsinin X13 bölməsinin polis mayoru X4 X3 İXM-nin 327.1 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2023cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 333.1-ci mаddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-517/2023 «14» noyabr 2023-cü il X5 ünvan: (Göygöl rayonu, Hacıməlik qəsəbəsi) Samux RPŞ-nin DYPB-yə ünvan: (Samux şəhəri, Heydər Əliyev prospekti) Göygöl Rayon Məhkəməsinin 3(066)-517/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “___” vərəqə. Hörmətlə, hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-517/2023 «27» noyabr 2023-cü il Samux RPŞ-nin DYPB-yə ünvan: (Samux şəhəri, Heydər Əliyev prospekti) Göygöl Rayon Məhkəməsinin 3(066)-517/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(066)-517/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-517/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver