Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-518/2025 02.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə qəbul edilmiş EQ 31649741 nömrəli 30 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati qaydada tənbeh vermə haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş EQ 31649741 nömrəli 30 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından Göygöl Rayon Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, barəsində tərtib edilmiş İnzibati Tənbehvermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 31649741 nömrəli Elektron Qərar tam qanunsuz, əsassızdır və ləğv edilməlidir. Belə ki, İXM-nin 346.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilmişdir. O, Gəncə şəhərində qeydiyyatda olsa da, Elektron Qərarda qərarın çıxarıldığı yer kimi M2, E60 AH5 Bakı-Ələt-Qazax-Gürcüstan yolu 374 (yəni, Göygöl rayonu ərazisi (Balçılı kəndi)) göstərilmişdir. İlk növbədə qeyd edir ki, şikayətinə əlavə etdiyi elektron qərardakı fotoşəkillərdən hansı nəqliyyat vasitəsinin cərimə edilməsi məlum deyildir. Avtomobilin çox uzaq məsafədən mənşəyi, tipi və markası məlum olmayan texniki vasitə ilə çəkilmiş üç ədəd şəkli inzibati xətanın kim tərəfindən törədilməsini naməlum edir. İkinci olaraq bildirir ki, İXM-in 346.4-cü maddəsi;-Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - Qeyd olunan yolda və istiqamətdə o, avtomobilini daim idarə edir. Əgər fotoşəkildəki maşın ona məxsus avtomobildirsə, şəkildə də göründüyü kimi nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmamışdır və durmamışdır. O, avtomobilini saxlamamışdır, daim içərisində olmuşdur. Dayanma-durma yox hərəkət etmişəm. Qarşıda yük maşını manevr etdiyi üçün onun hərəkətini başa çatdırmasını gözləmişdir. Sonra isə hərəkətə davam edib. Sürətli yol olduğu üçün sol zolağa keçməmiş qarşıdakı avtomobilin tormozlaması səbəbindən o da avtomobilini yavaşlatmışdır. Üçüncü olaraq bildirir ki, hazırki inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, həmin qərar İXM-in tələblərinə tam olaraq cavab vermir. Müşahidə kamerası müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmamış, kameranın müvafiq sertifikatı yoxdur və metroloji sınaqdan keçməmişdir. Buna görə də, çəkilən fotoşəkillər keyfiyyətsizdir. Təqsir olması və ya təqsirkar müəyyən edilmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada dəfələrlə məlumat verilmiş lakin, qərardan şikayət verən şəxs X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, EQ 31649741 nömrəli 30 oktyabr 2025-ci il tarixli qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. Şikayətə əlavə edilmiş EQ 31649741 nömrəli 30 oktyabr 2025-ci il tarixli qərarın surətindən məlum olur ki, qərara əsasən M2, E60, AH 5 Bakı-Ələt-Qazax-Gürcüstan yolunda xx.xx.2025-ci il tarixdə saat 11:34-də NİSSAN NAVARA MİNİK markalı 20DR042 dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın (Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması) törədilməsinə görə 80 manat inzibati cərimə edilmişdir. Qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Məhkəmə qeyd edir ki, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş ölçü cihazları xüsusi texniki vasitələr hesab edilir. Belə xüsusi texniki vasitələrlə inzibati xətanın aşkar edilməsi iş üzrə icraata başlamağa səbəbdir. Lakin iş materiallarına əlavə edilmiş EQ 31649741 nömrəli 30 oktyabr 2025-ci il tarixli qərarda inzibati xətanı bilavasitə aşkar edən xüsusi texniki vasitə haqqında hər hansı məlumat göstərilməmiş, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında qərarda qeyd edilməmiş, habelə əlavə edilmiş foto materialda avtomobilin eyniləşdirmə məlumatlarını müəyyən etmək mümkün olmamış, dövlət nişanı əks olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, göstərilən məsələlər inzibati orqan tərəfindən araşdırılmalı və bunun üçün inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə qəbul edilmiş EQ 31649741 nömrəli 30 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-518/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-518/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver