Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-536/2025 01.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş EQ 31545083 nömrəli 25 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh vermə haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş EQ 31545083 nömrəli 25 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından Göygöl Rayon Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 25 oktyabr 2025-ci il tarixdə Gəncə şəhər M.Abbaszadə küçəsində mülkiyyətində olan OPEL ASTRA minik markalı 99S0595 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisinə tərtib olunmuş EQ31545083 elektron qərar qanunun tələblərinə zidd olaraq tərtib edildiyindən əsasızdır və ləğv olunmalıdır. Birincisi ona görə ki, həmin pozuntu təhlükəsiz şəhər kamerası ilə qeydə alınıb. Məhz bu səbəbdən pozuntunun ünvanı olaraq kameranın yerləşdiyi ünvan göstərilir. Əslində isə ərazi sırf M.Abbaszadə küçəsində aiddir. TŞ kamerası isə yol ayrıcında yerləşən GTŞ 040-dır, hansı ki, fotosunu sizə təqdim edir. Bu da yolverilməzdir. İ,X,M-100.1.8 maddəsinə əsasən inzibati xəta aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vəsaitin tipi,markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamadan keçdiyi vaxt ( bunu təsdiq edən sənədin nömrəsi ,tarix) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. İkincisi şəhərin Məhrasə bağı istiqmətindən M.Abbaszadə küçəsinə girişdə uzun illər hərəkət bir istiqamətli olub, son abadlıq işlərindən sonra bu küçədə iki istiqamətli hərəkət müəyyən olunub. Bu haqda yol ayrıcında heç bir xəbərdar edici nişan yoxdur. Əksinə olaraq yol ayrıcında piyada keçidi və ona bitişik avtobus dayanacağı yolun hərəkət hissəsini görünməz edir. YHHQ maddə 61-də yol hərəkətinin nizamlayıcısı əsas vəsait yol nişanlarıdır. Həmin əraziyə girişdə isə yeni heç bir nişan quraşdırılmayıb və əksinə dayanacaq və piyada keçidi ilə yolun görünməsi məhdudlaşdırılıb. Üçüncüsü 99S0595 dövlət qeydiyyat nişanlı OPEL ASTRA minik markalı nəqliyyat vasitəsi oğlu X4 şəxsi mülkiyyətindədir. Oğlu həmin nəqliyyat vasitəsinə ona mülkü etibarnamə verib. O, isə öz növbəsində kürəkəni Sadiq Mirzəyevə sürmək üçün etibarnamə verib. 25 Oktyabr 2025-ci ildə nəqliyyat vasitəsini o idarə edib. Çəkiliş GTŞ 040 kamerası vasitəsilə həyata keçirildiyindən sürüçünün kimliyi müəyyən edilməyib və səhvən Sadiq Mirzəyevin adına tərtib edilib. Dördüncüsü M.Abbaszadə küçəsində hərəkətin ikitərəfli olması İİİ MDB oyunları ərəfəsində dəyişiklik olunub. Yuxarıda qeyd etdiyi kimi Məhrəsə bağı tərəfdən bu yolayrıcında heç bir xəbərdaredici yol nişanı yoxdur. Pərviz Səmədov küçəsindən isə yolayrıcında köhnə nişanlar durduğundan və bu dəyişiklikdən sonra birinci dəfə burada olduğundan və yol xətlənməsinin piyada keçidi və avtobus dayanacağının düzgün təyin edilmədiyindən dayanacaq hətta piyada yolunu tam kəsmişdir. Hansı ki, qeyri-qanunidir. Bütün bunlar onun günahı olmadan baş vermişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunub qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin yerdə könhə nişanlar sökülməmişdir. Bu hal sürücünü çaşdırır. Bununla bağlı fotoşəkilləri təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada dəfələrlə məlumat verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, EQ 31545083 nömrəli 25 oktyabr 2025-ci il tarixli qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. Şikayətə əlavə edilmiş EQ 31545083 nömrəli 25 oktyabr 2025-ci il tarixli qərarın surətindən məlum olur ki, qərara əsasən Gəncə şəhəri Atatürk prospekti ilə M.Abbaszadə küçəsi kəsişməsində xx.xx.2025-ci il tarixdə saat 12:00-da OPEL ASTRA MİNİK markalı 99SO595 dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın (əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması) törədilməsinə görə 100 manat inzibati cərimə edilmişdir. Qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Məhkəmə qeyd edir ki, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş ölçü cihazları xüsusi texniki vasitələr hesab edilir. Belə xüsusi texniki vasitələrlə inzibati xətanın aşkar edilməsi iş üzrə icraata başlamağa səbəbdir. Lakin iş materiallarına əlavə edilmiş EQ 31545083 nömrəli 25 oktyabr 2025-ci il tarixli qərarda inzibati xətanı bilavasitə aşkar edən xüsusi texniki vasitə haqqında hər hansı məlumat göstərilməmiş, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında qərarda qeyd edilməmiş, məhkəmənin sorğusuna əsasən inzibati xətanın törədilməsini təsdiq edən sübutlar inzibati tənbeh vermə haqda qərar qəbul etmiş vəzifəli şəxs və ya dövlət orqanı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən təqdim edilən fotoşəkillərdən inzibati xətanın törədildiyi yerdə hazırki halda fərqli tənzimləmə yol nişanlarının olması müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, göstərilən məsələlər inzibati orqan tərəfindən araşdırılmalı və bunun üçün inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxsə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş EQ 31545083 nömrəli 25 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №3(066)-536/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-536/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver