Məhkəmə qərarları › İş №3(066)-545/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-545/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-545/2023 13.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkı ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Mingəçevir şəhəri, N.B.Vəzirov küçəsi, ev 5, mənzil 8də yaşayan Şəxs (AZE ********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1 və 333.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Göygöl rayonu Yol patrul xidməti inspektoru tərəfindən İXM-nin 327.1-ci və 333.1-ci maddələri ilə inzibаti xətа haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 09:21-də Göygöl rayonu, Quşqara yolunda “Renault Logan minik» markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 327.1ci və 333.1-ci maddələrində göstərilmiş hallara yol vermişdir. Ona görə də onun barəsində İXM-nin 327.1-ci və 333.1-ci maddələri ilə inzibаti xətа haqqında prtokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də Göygöl rayon polis şöbəsinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.1-ci və 333.1-ci maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 09:21-də Göygöl rayonu, Quşqara yolunda «Renault Logan minik» markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərəkən Göygöl rayonu Yol patrul xidməti inspektoru tərəfindən saxla işarəsi verilərək idarə etdiyi avtomobil saxlanılmışdır. Onu alkotester müayinəsindən keçirərək avtomobili sərxoş vəziyyətdə idarə etməsi bildirilmişdir. O isə bununla razılaşmamış, heç bir spirtli içki qəbul etmədiyini bildirmiş və sərxoşluq vəziyyətini müəyyən etmək üçün həkim müayinəsindən keçirilməsini tələb etmişdir. Buna baxmayaraq YPX inspektoru heç bir əsas olmadan barəsində qanunsuz olaraq İXM-nin 327.1 və 333.1-ci maddələri ilə inzibati protokol tərtib etmişdir. Hadisə vaxtı avtomobili heç bir xəta törətmədən və ayıq vəziyyətdə idarə etmişdir. Ona görə də protokolla razı olmamış və həmin gün polis şöbəsindən çıxan kimi Gəncə şəhərində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserində həkim narkoloqun tibbi müayinəsindən keçmiş və həmin vaxt onun ayıq olması müəyyən olmuşdur. Bununla bağlı ona tibbi müayinə protokolu da təqdim olunmuşdur. Aldığı 3521/2023 saylı, xx.xx.2023-cü il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 11:10-da onda heç bir sərxoşluq əlaməti aşkar edilməmişdir. Ona görə də əsassız və qanunsuz olduğundan barəsində olan inzbati materialın icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs əməlində İXM-nin 333.1-ci maddələrinin tərkibi yoxdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni avtomobili sərxoş halda idarə etməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İş materiallarında olan 3521/2023 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə protokolunun surətindən müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:10-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Narkoloji Dispanserində tibbi müayinədən keçmiş və onda hər hansı sərxoşluq əlaməti aşkar edilməmişdir. İXM-nin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:21də Göygöl rayonu, Quşqara yolunda “Renault Logan minik» markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili İXM-nin 327.1-ci və 333.1-ci maddələrində göstərilmiş hallara yol verməklə idarə etməsi göstərilmiş və ona görə də Şəxs barəsində İXM-nin 327.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib olunmuşdur. Lakin Şəxs hadisə vaxtı avtomobili heç bir xəta törətmədən və ayıq vəziyyətdə idarə etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 333.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. Belə ki, hadisə xx.xx.2023-cü il tarixdə saat 09:21-də baş vermişdir. Həmçinin məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3521/2023 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2023-də saat 11:10-da ayıq olmuşdur. Həmçinin inzibati xəta haqqında protokola əlavə edilmiş alkotester kağızından heç bir məlumat əldə etmək olmur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-nin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 209 №-li qərarının 2.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, ayaq üstə sərbəst dayana bilmədikdə və özünü idarə edə bilmədikdə həyata keçirilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin qərarın 2.6-cı maddəsinə əsasən, müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Həmin qərarın 2.7-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olubolmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin qərarın 3.1-ci maddəsinə əsasən, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin qərarın 3.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Həmin qərarın 3.4-cü maddəsinə əsasən, müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan» sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı» Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı» işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. İşdən isə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında İXP № ******* saylı protolkolda Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:21-də Göygöl rayonu, Quşqara yolunda “Renault Logan minik» markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 327.1-ci və 333.1-ci maddələrinin tələblərini pozması göstərilsə də bu barədə məhkəməyə qərar tərtib etmiş orqan tərəfindən heç bir dəlil və ya sübut – hər hansı sənəd, şəkil və ya video təqdim edilməmişdir. Göründüyü kimi Şəxs İXM-nin 333.1-ci maddəsi ilə təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun həmin maddə ilə təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda Şəxs İXM-nin 333.1-ci maddəsi ilə təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməlində məhz İXM-nin 333.1-ci maddəsinin tərkibi yoxdur. İXM-nin 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta tərkibinin olmamasına görə həmin hissədə iş üzrə icraata xitam verməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə yanaşı, həmçinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən, İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə münasibətdə baxılması üçün Göygöl rayon polis şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə münasibətdə baxılması üçün Göygöl rayon polis şöbəsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Əyyub Kərimov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ ___ _________________________________________ ___ __ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan _ İş № 3(066)-545/2023 13 dekabr 2023-cü il Göygöl rayon polis şöbəsinə Göygöl şəhəri, A.Hacıyev küçəsi, 93 Surəti: Şəxs Mingəçevir şəhəri, N.B.Vəzirov küçəsi, ev 5, mənzil 8 Göygöl Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 3(066)-545/2023 nömrəli qərarının surəti məlumat üçün sizə göndərilir. Qoşma: qərarın surəti “ « səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar