Məhkəmə qərarları › İş №3(066)-548/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-548/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-548/2023 13.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs X2 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 329.3 və 343.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Göygöl rayonu Yol patrul xidməti inspektoru tərəfindən İXM-nin 327.2, 329.3 və 343.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibаti xətа haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 22:05-də Göygöl şəhəri, Aydın Hacıyev küçəsində “Mercedes Benz E240 minik” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması, səs siqnallarından istifadə qaydalarının pozulması və İXMnin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müayinə edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsi hallarına yol vermişdir. Ona görə də onun barəsində İXM-nin 327.2, 329.3 və 343.1-ci maddələri ilə inzibаti xətа haqqında prtokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Göygöl rayonu Yol patrul xidməti inspektoru X3 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:05-də “Mercedes Benz E240 minik” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Göygöl şəhəri, Aydın Hacıyev küçəsində İXM-nin 327.2, 329.3 və 343.1-ci maddələrinin tələblərini pozmuşdur. Ona görə də onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs bildirdi ki, o, heç bir xəta törətməmiş və ümumiyyətlə hadisə vaxtı orada olmamışdır. Əlavə olaraq bildirdi ki, o, müddətdən artıq xidmətdə olan hərbi qulluqçudur və hal-hazırda Kəlbəcər rayonunda hərbi xidmətini davam etdirir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati material aidiyyəti üzrə baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində işə baxılarkən aidiyyətın mübahisələndirilməsinə dair norma nəzərdə tutulmadığından, yəni bu məsələ İXM ilə tənzimlənmədiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarına istinad etməklə, aidiyyət məsələsi mübahisələndirilə bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. İşin faktiki halları ilə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta hadisəsini törədən zaman hərbi qulluqçu olmuşdur. İXM-nin 43.4-cü maddəsinə əsasən, bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. İXM-nin 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Oxşar normalar həmçinin, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrində də nəzərdə tutulmuşlar. Qeyd olunan normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. xüsusi elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq, məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Qanunvericiliyə əsasən məhkəmə aidiyyəti üç prinsip - ərazi üzrə məhkəmə aidiyyəti, predmet üzrə məhkəmə aidiyyəti, həmçinin şəxsi aidiyyət prinsipləri əsasında müəyyən edilir. Bu prinsiplər müstəsna və ya elektiv (seçimli) qaydada tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, inzibati material aidiyyəti üzrə baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 43 və 114 maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 329.3 və 343.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Əyyub Kərimov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Elektron poçtu:mailto:goygolcourt@gmail.comElektron ünvan İş № 3(066)-548/2023 «13» dekabr 2023-cü il Göygöl rayon polis şöbəsinə ünvan: Göygöl şəhəri, A.Kazımov küçəsi, 93 Şəxs ünvan: Göygöl rayonu, Çaykənd kəndi Göygöl Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 3(066)-548/2023 nömrəli qərardadının surəti məlumat üçün sizə göndərilir. Qoşma: qərardadın surəti “ ” vərəqə Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar