Məhkəmə qərarları › İş №3(066)-56/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-56/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-56/2025 24.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə2, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Nümayəndə1 iştirakları ilə, xx.xx.1990-cı ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göygöl rayonu, Yeni Qızılca kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 26-cı küçə, ev 1 yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə2 izahatında bildirdi ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(066)-36/2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2013-cü il təvəllüdlü X2 adlı övladı ilə məhkəmənin icraatında olan “nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment” tələbinə dair 2(066)-829/2024 saylı mülkü iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, uşağı götürdüyü yerə qaytarmaq şərti ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 17:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olması qərara alınmışdır. İcra vərəqəsi icraata daxil olduğu tarixdə Zərərçəkmiş şəxs ilə şifahi olaraq telefon əlaqəsi saxlanılmış və barəsiondə icra sənədinin daxil olması bildirilərək ona icra sənədində göstərilənlər izah edilmişdir. Borclu Zərərçəkmiş şəxs heç bir etiraz etməmişdir. Daha sonra Şəxs ilə telefon vasitəsilə əlaqə saxlayaraq uşaqla görüşə biləcəyini ona bildirmişdir. Həftənin şənbə günü yəni, 21 dekabr 2024-cü il tarixdə saat 10:00-da Şəxs övladını Natiqin yaşadığı ünvandan götürmüşdür. 22 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs telefonla zəng edərək anasının uşağı geri qaytarmamasını bildirmişdir. O, Şəxs ilə əlaqə saxlayarkən Şəxs uşağın qayıtmaq istəmədiyini bildirmişdir. Bu zaman o Şəxs 23 dekabr 2024-cü il tarixdə İcra Şöbəsinə gəlməsini bildirmişdir. Şəxs övladı ilə birlikdə icra Şöbəsinə gəlmişdir. O Zərərçəkmiş şəxsla əlaqə saxlayaraq gəlib uşağı götürməsini bildirmişdir. Lakin, Zərərçəkmiş şəxs hərbiçi olduğundan gələ bilməyəcəyini bildirdi. O, Şəxs izahat alaraq ona bildirmişdir ki, uşağı icra şöbəsinə yox götürdüyü ünvana aparıb təhvil verməlidir. Əfasanə Həsənova izahatında uşağı aparıb təhvil verəcəyini bildirdi. Daha sonra Zərərçəkmiş şəxs zəng edərək uşağıln yenə gəlməməsini bildirmişdir. O yenidən Şəxs ilə telefon əlaqəsi saxlamış və Əfsanə ona uşağı aparmasını lakin, Natiqin yaşadığı küçənin başında uşaq ağlayaraq getmək istəmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, özünü təqsirli bilmir. 21 dekabr 2024-cü il tarixdə Rabil adlı övladını Natiqin yaşadığı ünvandan götürmüşdür. 22 dekabr 2024-cü il tarixdə saat 17:00-da uşağı qaytarmış Natiqin evinə lakin evdə heç kim olmamışdır. Uşaq ağlayaraq ona getmək istəmədiyini bildirmişdir. 23 dekabr 2024-cü il tarixdə uşaqla birlikdə icra şöbəsinə gələrək uşağı vermək istədiyini bildirmiş, lakin icra məmuru Natiqə zəng etdikdə Natiq işdə olduğundan gələ bilməyəcəyini bildirmişdir. O uşağı Natiqin evinə aparmış evin qapısı bağlı olduğundan qaynanasına zəng etmiş, qaynanasıda evdə olmadığını bildirmişdir. Sonra evə gəldikdə uşağın burnu qanamış, bu səbəbdən o uşağı həkimə aparmışdır. Hazırda uşağın atasına getməsinə heç bir etirazı yoxdur. Qeyd olunanları nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, icra məmuru ona telefon vasitəsilə zəng edərək məhkəmə qərarı barədə məlumat vermişdir. Həmin vaxt o heç bir etirazının olmadığını bildirmişdir. 21 dekabr 2024-cü il tarixdə gəlib uşağı götürmüşlər. 22 dekabr 2024-cü il tarxidə saat 17:00-da uşağı gətirmədiklərindən o zəng etmişdir. Ona uşağın gəlmək istəmədiyini bildirmişlər. O icra məmuruna zəng edərək məlumat vermişdir. 23 dekabr 2024-cü il tarixdə icra məmuru ona zəng etdikdə o işi ilə əlaqədar gələ bilməyəcəyini bildirmişdir. Anası daima evdə olmuş, uşağı gətirməmişlər. Götürdükləri gündən bu günə qədər uşağı qaytarmayıblar. əlavə olaraq bildirdi ki, azyaşlı uşağı ilə icra şöbəsində ünsiyyətdə olmuş, lakin uşaq onunla gəlmək istəmədiyini bildirmişdir. Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən tərəflərin birgə ailə münasibətindən doğulan xx.xx.2013-cü il təvəllüdlü uşaqları X2 bildirdi ki, anası dekabr ayında onu iki dəfə atasına təhvil vermək üçün aparmış, ancaq o getmək istəməmişdir. Bacısından ayrı qalmaq istəmədiyi üçün atasının yanına getmək isdəmir. Nə atası, nə dəki anası ona pis baxmır, ancaq o anası ilə qalmaq istəyir. Anası ona heç bir təsir göstərməyib. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs vəkili Nümayəndə1 izahatında bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilmişdir ki, icra məmurunun tələbini üzrsüz səbəbdən icra etməmə həmin maddənin pozulması sayılır. Şəxs icra məmurunun tələblərini icra etmişdir. Burada anlaşılan olmayan odur ki, uşağı tələb edirlər və Şəxs uşağı gətirməkdən imtina etmir, uşaq qaytarılmaq şərti ilə verilib. Şəxs əməlində inzibati xəta pozuntusu yoxdur. Məhkəmədən uşağın fikrinin nəzərə alınmasını və ona uyğun hüquqi qiymət verilməsini xahiş edir. Məhkəmə iş materiallarına, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, hazırki məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(066)-36/2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2013-cü il təvəllüdlü X2 adlı övladı ilə məhkəmənin icraatında olan “nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment” tələbinə dair 2(066)-829/2024 saylı mülkü iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, uşağı götürdüyü yerə qaytarmaq şərti ilə hər həftənin şənbə günü saat 10:00dan bazar günü saat 17:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olması qərara alınmışdır. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Göründüyü kimi, borclu icra sənədini icra etməyə çalışmış, belə ki iş üzrə tərəflərin birgə nikahından anadan olmuş X2 bildirmişdir ki, anası dekabr ayında onu iki dəfə atasına təhvil vermək üçün aparmış, ancaq uşaq atasına getmək istəməmişdir. Həmçinin Şəxs uşağı atasına təhvil verməsi üçün icra şöbəsinə və həmçinin məhkəməyə gətirmiş, lakin hər iki halda uşaq atasına getmək istəmədiyini bildirmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, borclunun icranı qərəzli olaraq icra etməməsindən və əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. X3 Hüquqları Məhkəməsi “Kərimov və qeyriləri Azərbaycana qarşı” işdə bildirmişdir ki, borclunun maddi öhdəliklərini yerinə yetirə bilməməsini əsaslandırmaq üçün göstərdiyi səbəblər cinayət məsuliyyətinə cəlb edilməsindən imtina üçün əsas ola bildiyinə görə, cinayət əməlinin törədilməsi faktının müəyyən edilməsi üçün həlledici əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında borcluların maddi vəziyyətinin və onların vəzifələrinin icra etməmələrində qərəzliliyin müəyyən olunmasına fərdi yanaşmanın vacibliyi vurğulanmışdır. Borclunun həqiqətən maddi imkanı olduğu halda, üzərinə qoyulmuş vəzifəyə zidd olaraq borcu ödəməkdən boyun qaçırdığını sübut etmək vəzifəsi cinayət mühakimə icraatında müvafiq ittihamı irəli sürmüş tərəf üzərinə düşür. Belə olan halda aydındır ki, 27 dekabr 2001-ci il tarixli Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş şərtə bilavasitə aid olduğuna görə, ərizəçilərin yerli məhkəmələrdə qaldırdığı, xüsusilə də onların öz öhdəliklərini maddi imkansızlıqdan icra edə bilməməsi barədə dəlillərinin mahiyyəti üzrə araşdırılıb həqiqətə uyğun olub-olmadığının müəyyən edilməsini tələb edirdi. Bununla bağlı Avropa Məhkəməsi xatırlatmışdır ki, icra etməmə maddi imkansızlıqla bağlı olduğu halda, “heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” müddəasını nəzərdə tutulan Konvensiyanın 4-cü Protokolun 1-ci maddəsinə uyğun məsələ ortaya çıxa bilər. Yerli məhkəmələr tərəfindən icra etməmənin səbəbinin araşdırılmaması o cəhətdən də ziddiyyətli görünür ki, qərarlarda mürəkkəb maliyyə vəziyyətinə istinad edilsə belə, borcun məhz maliyyə çətinlikləri ilə üzləşməsindən ödənilmədiyi ehtimalı nəzərdən keçirilməmişdir. Avropa Məhkəməsi həmçinin nəzərə almışdır ki, işlərə mahiyyəti üzrə baxan məhkəmələr, məhkəmə qərarlarının icrası ilə bağlı məsuliyyətə cəlb edilməsi məsələsinə baxarkən işin faktiki, o cümlədən əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsi hallarının hərtərəfli araşdırmasının təmin edilməsi barədə Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə əməl etməmişlər. Nəticədə Avropa Məhkəməsi hesab etmişdir ki, qərəzliliyin müəyyən edilməsi ilə bağlı dəlil əhəmiyyətli xarakterli olaraq məhkəmə baxışının nəticələri üçün həlledici rol daşımış, müvafiq olaraq yerli məhkəmələrin həmin dəlillə bağlı əsaslandırılmış qərarın verməməsi isə Konvensiyanın 6cı maddəsinin pozuntusunu təşkil etmişdir (bax, Kərimov və Qeyriləri Azərbaycana qarşı, №№ 24219/16 və s., §§ 31-34, 22 iyul 2021). Hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İXM-nin 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə, yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar