Məhkəmə qərarları › İş №3(066)-561/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-561/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-561/2023 07.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, X3 AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarından vermiş olduğu şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı ilə X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 Şəhər Məhkəməsinə şikayət verərək, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-2565/2023 saylı qərardadı ilə, şikayət baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-2565/2023 saylı qərarı onunla əsaslandırılmışdır ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs X3 törətdiyi inzibati xəta hadisəsi Göygöl rayonu ərazisində baş vermişdir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aidiyyət məsələsinin həll edilməsi üçün inzibati iş Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində işə baxılarkən aidiyyətın mübahisələndirilməsinə dair norma nəzərdə tutulmadığından, yəni bu məsələ İXM ilə tənzimlənmədiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarına istinad etməklə, aidiyyət məsələsi mübahisələndirilə bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İXM-nin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İşin faktiki halları ilə müəyyən olunur ki, inzibati xəta hadisəsi Göygöl rayonunda törədilsə də X2 şəhərində yaşayır. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 qanunla ona verilmiş hüquqdan istifadə edərək müvafiq qərardan özünün yaşayış yeri üzrə aidiyyəti məhkəməyə şikayət vermişdir. Göründüyü kimi X3 faktiki yaşayış yeri Gəncə şəhəridir. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Oxşar normalar həmçinin, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrində də nəzərdə tutulmuşlar. Qeyd olunan normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. xüsusi elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq, məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Qanunvericiliyə əsasən məhkəmə aidiyyəti üç prinsip - ərazi üzrə məhkəmə aidiyyəti, predmet üzrə məhkəmə aidiyyəti, həmçinin şəxsi aidiyyət prinsipləri əsasında müəyyən edilir. Bu prinsiplər müstəsna və ya elektiv (seçimli) qaydada tətbiq olunur. Bu səbəbdən də, X3 AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarından verilmiş şikayətə Gəncə Şəhər Məhkəməsində baxılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs faktiki yaşadığı ünvan Gəncə şəhəri olduğundan və şikayətçi tərəfindən Gəncə Şəhər Məhkəməsinə müraciət edildiyindən hazırkı işə Göygöl Rayon Məhkəməsində baxıla bilməz. Odur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 118 maddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarından şikayətçi X6 tərəfindən verilmiş şikayətə dair material aidiyyət məsələsinin həll edilməsi üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Əyyub Kərimov. AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-23-84 Ünvan: Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Elektron poçtu:mailto:goygolcourt@gmail.comElektron ünvan İş № 3(066)-561/2023 «07» dekabr 2023-cü il X5 ünvan: Gəncə şəhəri, Yeni qəsəbə 2. Göygöl Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 3(066)-561/2023 nömrəli qərardadının surəti və digər sənədlər Sizə göndərilir. Qoşma: qərardadın surəti və digər sənədlər “ ” vərəqə Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar