Məhkəmə qərarları › İş №3(066)-572/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-572/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-572/2025 21.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı Nümayəndə, barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Yevlax rayonu Nemətabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Göygöl Rayonu Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan sərxoş halda idarə etdiyi “VAZ 21013” markalı, 10LN477 dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu Üçtəpə kəndi ərazisində hərəkətdə olarkən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarını pozaraq yolun sağında dayanmış “VAZ 2107” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerindən yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 327.6 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 327.6 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl Rayon PŞ-nin YNH inspektoru, polis baş leytenantı Nümayəndə protokolun dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, əməlindən çox peşmandır. Maşın bibisigilin maşını olub. Hadisə yerindən yayınanda çörək almaq üçün getdiyini ama səhv etdiyini bildirdi. Maddi imkanın zəif olduğunu bildirdi. Şəxs Göygöl rayon Polis Şöbəsinə verdiyi izahatında göstərmişdir ki, ona verilən suallara cavab olaraq bildirir ki, həqiqətən yuxarıda qeyd olunan ünvanda yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. İzahat verməyinin səbəbi ona tam aydındır. Bildirir ki, xx.xx.2025-ci il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində yerləşən “Çinar” restoranının yanında olan zaman yolun kənarında maşının dayandığını görüb və şüşədən içəri baxdıqda açarlarının üzərində olduğunu görüb. Sonra o, həmin maşını sürmək qərarına gəlib və heç kim bilmədən sürüb yerindı saxlayaram deyə düşünüb. Bu barədə heç kimə xəbər vermədən nəqliyyat vasitəsini sürüb və geri qayıdan zaman yolda içkili olduğu üçün başqa maşına dəyərək yol-nəqliyyat hadisəsi törədib. Sonra qorxduğu üçün dayanmadan maşını qaçırdığı yerdə saxlayıb və düşüb oradan uzaqlaşıb. X2 tərəfindən Göygöl rayon Polis Şöbəsinə verdiyi izahatında göstərmişdir ki, ona verilən suallara cavab olaraq bildirir ki, həqiqətən yuxarıda qeyd olunan ünvanda yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir izahat verməyinin səbəh ona tam aydındır. Bildirir ki, “VAZ 2107” markalı **-KA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi etibarnamə ilə ona məxsusdur. xx.xx.2025-cı il tarixdə Gəncə-Üçtəpə yolunda Üçtəpə kəndi istiqamətində hərəkətdə olan zaman yan güzgüdən arxadan nəqliyyat vasitəsinin gəldiyini və ötmə əməliyyatı həyata keçirdiyini görüb. Həmin nəqliyyat vasitəsi yanına çatan zaman, o, keçməmiş nəqliyyat vasitəsini onun üzərinə çəkib. O, öz nəqliyyat vasitəsini kənara çəkərək hadisədən yayınmaq istəsə də o, nəqliyyat vasitəsinin sol yan tərəfindən sürtərək yol-nəqliyyat hadisəsini törədib. O, 10-15 metr qabaqda yolun sağ çiynində dayanıb. O, dayansa da həmin nəqliyyat vasitəsi dayanmadan hadisə yerindən yayınaraq gedib. Sonra o, yoldan keçən taksiyə minərək həmin nəqliyyat vasitəsini axtarıb və hadisə yerindən bir qədər qabaqda, yolun sağ kənarında dayandığını görüb. Hadisəni törədən nəqliyyat vasitəsi “VAZ 21011” markalı **-LN-*** nömrə nişanlı nəqliyyat vasitəsi idi. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 sentyabr 2025-ci il tarixli protokola əsasən hadisə yerinə baxış keçirilmişdir. Samsung markalı rəqəmsal fotoaparatla hadisə yerini fotoşəkilləri çəkilmiş sxemi tərtib olunmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 oktyabr 2025-ci il tarixli qərara əsasən əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. 3727/2025 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokoluna əsasən Şəxs Vasif oğlu xx.xx.2025-ci il tarixdə saat 18:25-də müayinə olunmuş, sərxoş olduğu müəyyən edilmişdir. 3726/2025 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokoluna əsasən X2 xx.xx.2025-ci il tarixdə saat 18:10-da müayinə olunmuş, ayıq vəziyətdə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 334.3-cü maddəsinə əsasən Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Eyni zamanda Şəxs Vasif oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə yanaşı, həmçinin 332.1, 327.2 və 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən, İXM-nin 332.1, 327.2 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2, 327.6-cı maddələrinə münasibətdə baxılması üçün Göygöl Rayon Polis Şöbəsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar