Məhkəmə qərarları › İş №3(066)-64/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-64/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-64/2025 31.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Xanlar rayonu, Əlibayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, İİ qrup əlil, fərdi əməklə məşğul olan, Göygöl rayonu Mollacəlilli kəndində qeydiyyatda olan və Göygöl şəhəri Aşıq Şəmşir küçəsi ev 32-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Göygöl Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş 31 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2025-ci il tarixdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə izahatında bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1992/2024 saylı 17 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 2200 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İcra sənədi 24 dekabr 2024-cü il tarixdə Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdən tərəflərindən qərar və bidiriş qəbul edilərək borclunun ünvanına göndərilmişdir. 29 dekabr 2024-cü il tarixdə “SMS” bildiriş borcluya göndərilmiş və icra şöbəsinə dəvət edilmişdir. Borclu icra şöbəsində dünən olmuşdur. On gün könüllü müddət bitdikdən sonra tərəflərindən elektoran icra sistemi vasitəsilə borclunun əmlak və gəlirlərinə baxış keçirilmiş və bu zaman borclunun 220 manat pensiya aldığı məlum olmuşdur. Tərəflərindən həmin tarixdə borclunun aldığı pensiyanın 50 faizi məbləğində, yəni 110 manat tələbkarın xeyrinə tutulma edilmişdir. Borclunun pensiyasından tutulma cəmi 1 dəfə edilmişdir. Hazırda borclunun 2120 manat borcu qalmışdır. Tələbin könüllü icrası barədə bildirişin borcluya təqdim edilməsi barədə xəbərnamə təqdim edə bilmirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, borcun icra edilməsi ilə bağlı bildirişi 29 yanvar 2025-ci il tarixdə almışdır. Göygöl Rayon Məhkəməsində onun işi ilə bağlı olan məhkəmə qərarında 1030 manat məbləğində pul tutulmuşdur, həmin məbləğin ödənilməsi ilə bağlı da pensiyasından hər ay 50 manat tutulmasına razılıq vermişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəmənin həmin qərarından apellyasiya şikayəti vermiş və onun iştirakı olmadan apellyasiya məhkəməsində Zərərçəkmiş şəxs xeyrinə qərar qəbul edilmişdir. Apellyasiya məhkəməsinin sözügedən qərarından 29 yanvar 2025-ci il tarixdə xəbəri olmuşdur. Elə dünən də icra şöbəsinə gələrək məsələni mübahisələndirmişdir. Daha əvvəllər icra və probasiya şöbəsində olmamış, icra və probasiya şöbəsi tərəfindən göndərilən bildiriş ona çatmamışdır. Poçt vasitəsilə ona ünvanlanmış sənəd Göygöl rayonu Mollacəlilli kəndinə getmiş, o özü isə Xanlarda olmuş, sənədləri ona çatdıran olmamışdır. Dünən yox, ondan əvvəlki gün zəng olunaraq ona məktublar göndərildiyi bildirilmişdir. O da həmin günü sənədləri götürəndə görmüşdür ki, Zərərçəkmiş şəxs 2200 manat məbləğində pul ödəməlidir. Əlavə olaraq bildirdi ki, ona heç bir sms gəlməmişdir. İcra Şöbəsi tərəfindən sms göndərildiyini bildirdikləri nömrə neçə ildir ki bağlıdır və işləmir. Onun borcdan 29 yanvarda xəbəri olmuş, 30 yanvarda da icra və probasiya şöbəsinə gəlmişdir, həmin vaxtadək icra və probasiya şöbəsində olmamışdır. Onun barəsində olan Göygöl Rayon Məhkəməsinin 1030 manat məbləğində olan qərarını pensiyasından hər ay 50 manat tutulması yolu ilə ödəməyə razıdır. O, hazırda kirayə pulu verir, azyaşlı uşağa baxır. Odur ki, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onu təhqir etmişdir. Hazırkı işlə bağlı icra və probasiya şöbəsinə dəfələrlə gəlmişdir. O pulunun düzgün şəkildə alınıb verilməsini istəyir. Onun tələb etdiyi pulun Şəxs alınıb verilməsini xahiş etdi. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1992/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs ümumilikdə 2200 manat pul və 30 manat məbləğində dövlət rüsumu alınarq alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları ilə müəyyən olunur ki, borclu Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1992/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişin şəxsən borclu tərəfindən alınması və ya ailə üzvlərinə təqdim edilməsi, poçt vsaitəsi ilə borcluya göndərilməsinə dair heç bir sübut icra işində olmamaqla yanaşı, məhkəmə iclasında inzibati işə baxılarkən də icra məmuru tərəfindən məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə iclasında müəyyən edilmişdir, tələbin könüllü icrası barədə bildiriş borcluya şəxsən təqdim edildikdən bir gün sonra barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İcra haqqında Qanunun 8.2-ci maddəsinə əsasən, İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3.-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 10.3.-ci maddəsinə əsasən, İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir. Həmin Qanunun 29-cu maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Bundan əlavə qeyd edilməlidir, icra məmuru borclunun daimi yaşayış yerini müəyyən etmədən, tələbin könüllü icrası barədə bildirişi və inzibati məsuliyyət barədə xəbərdarlığı təqdim etmədən, tələbkarın və borclunun icra sənədi üzrə ödənişlər və borc məbləğini araşdırmadan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edərək baxılması üçün məhkəməyə verməklə icra haqqında qanunvericiliyin tələblərini nəzərə almamışdır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar