Məhkəmə qərarları › İş №3(066)-68/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-68/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-68/2024 22.04.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X4 Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs Göygöl RPŞnin DYPB-nin YPX inspektoru, polis baş serjantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkı ilə, xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, Ə.Seyfi küçəsi, ev 51də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 329.3-cü və 333.1-ci maddələri ilə Göygöl rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialına baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Göygöl rayonu Yol- Patrul Xidmətinin inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Həmin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokolun tərtib edilməsinə əsas kimi Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə saat 11:52-də FORD Transit yük markalı, **- EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Məhkəmə iclasında Göygöl rayonu Yol-Patrul Xidmətinin inspektoru, polis baş serjantı X3 verdiyi izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində xidmətdə olan zaman müayinə zamanı başqa bir sürücü alkotester müayinəsindən keçirilmiş və həmin sürücünün alkoqol qəbul etməsi aşkar olunmuş, sürücü bunu qəbul etmədiyindən həmin sürücüyə nümunə göstərmək məqsədi ilə başqa bir sürücünü də saxlayıb alkotester müayinəsindən keçirtmiş, həmin sürücüdə alkoqolun miqdarı 0 % göstərmişdir. Bundan başqa həmin vaxt oradan keçən FORD Transit yük markalı, **-EK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə saxla işarəsi verərək avtomobilin sürücüsü Şəxs da saxla işarəsi verərək onu alkotester müayinəsindən keçməyə dəvət etmişlər. Bu zaman Şəxs işıq cihazlarından istifadə qaydalarını pozmuş, müayinədən keçməkdən imtina etməmişdir, müayinə zamanı onda alkoqolun miqdarının 0.345 promill olması müəyyən edilmişdir. Şəxs onlarla razılaşmamış və spirtli içki qəbul etmədiyini bildirmişdir. Ona görə də əlavə olaraq bir neçə avtomobili saxlayıb sürücülərini müayinədən keçirtmiş, digər sürücülərdə alkoqolun miqdarı 0 % göstərmişdir. Dialoq zamanı Şəxs ona şokolad verərək həmin şokoladı yeyib alkotesetrə üfürməsini xahiş etmişdir. Üzərində “Moskiviçka” yazılmış şokoladı yeyəndən sonra alkotesterə üfürəndən sonra onda da alkotesterin göstərici 0.38 % olmuşdur. Şəxs həkim müayinəsindən keçirilməsini tələb etdiyinə görə həmin gün onlar birlikdə Göygöl Rayon Polis idarəsinə gəlmişlər və avtomobili duracağa qoyduqdan sonra birlikdə saat 13:34-də o, Gəncə şəhərində yerləşən Narkoloji Dispanserdə sərxoşluqla bağlı həkim müayinəsindən keçirilmiş, həkim müayinəsində onda sərxoşluq halı aşkar olunmamışdır, buna səbəb isə müayindən bir-neçə saat keçməsi olmuşdur. Əlavə olaraq onu da qeyd edir ki, həmin konfeti yeyəndən sonra 30-40 dəqiqə ərzində insan bədənində alkoqolun təsiri qalır və Şəxs da avtomobili idarə edən zaman öz dediyinə görə bilmədən təkibində spirt olan konfet yediyindən yüngül dərəcəli sərxoş olmuşdur, yəni onda alkoqolun miqdarı 0.345 promill olmuşdur. Qeyd edilənləri nəzərə alınaraq Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, səhhətində problemlər olduğundan bir müddətdir spirtli içki qəbul etmir. Ümumiyyətlə xx.xx.2024-cü il tarixdə o, spirtli içki qəbul etməmişdir. Ancaq sükan arxasında oturmamışdan qabaq üzərində “Moskiviçka” yazılmış konfetlə az miqdarda çay içmiş və avtomobili idarə emişdir. Konfeti yeyən zaman tərkibində spirt olmasından xəbəri olmamışdır. Həmin vaxt YPX inspektoru onu saxlamış və müayinə zamanı onun alkoqol qəbul etməsi ona bildirilmişdir. Bununla razı olmadığından, təxminən bir saat yarım sonra həkim müayinəsindən keçirilmiş və həkim müayinəsi zamanı onun ayıq olması müəyyən olunmuşdur. Ona görə də barəsində tərtib edilmiş protokolu qanunsuz və əsassız hesab edir. Odur ki, barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-nin 333.1-ci maddəsi ilə inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 333.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibаti iş mаteriаllarına əlаvə edilmiş: İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:52-də Göygöl rayonu ərazisində «Ford Transit yük» markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili işıq cihazlarından istifadə qaydalarını pozmaqla və sərxoş vəziyyətdə idarə etmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, Şəxs məxsus «Ford Transit yük» markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə saxlanca qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə həmin duracaqdan buraxılmışdır. Alkotester qəbzindən görünür ki, xx.xx.2024-cü ildə keçirilən alkotester yoxlaması zamanı Şəxs alkoqolun miqdarı 0.345 promill olması müəyyən olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 20 fevral 2024-cü il tarixdə saat 11:52də Göygöl rayonu ərazisində «Ford Transit yük» markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqolun təsiri altında sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də onun barəsində İXM-nin 333.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında xx.xx.2024-cü il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etmədiyini və hadisə vaxtı ayıq olduğunu bildirmişdir. İş materiallarında olan 685/2024 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyətinin tibbi müayinəsi aktından müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:34-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Narkoloji Dispanserində tibbi müayinədən keçmiş və onda hər hansı sərxoşluq əlaməti aşkar edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hadisə törədiləndən az müddət əvvəl spirtli konfet yediyini, sonra isə avtomobili idarə etdiyini bildirmiş, hadisədən bir saat yarım sonra sərxoşluqla bağlı həkim müayinəsindən keçmiş və təkrar müayinə vaxtı ayıq olduğunu bildirmişdir. Bu səbəbdən məhkəmə rəyə tənqidi yanaşaraq qeyd edir ki, həmin müayinə alkotester müayinəsi aparılandan təxminən 1 saat 43 dəqiqə sonra keçirilmişdir. Bu müddət ərzində qandan alkoqolun miqdarının azalması mümkündür. Həmçinin məhkəmə baxışı zamanı Şəxs tərkibində alkoqol olan qidadan (konfetdən) istifadə edəndən sonra avtomobili idarə etdiyini etiraf etmişdir. Odur ki, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla və özünün etirafedici izahatı ilə tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 209 №-li qərarının 2.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, ayaq üstə sərbəst dayana bilmədikdə və özünü idarə edə bilmədikdə həyata keçirilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin qərarın 2.6-cı maddəsinə əsasən, müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Həmin qərarın 2.7-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin qərarın 3.1-ci maddəsinə əsasən, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin qərarın 3.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Həmin qərarın 3.4-cü maddəsinə əsasən, müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. Məhkəmə Şəxs hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, ona təqsirli olduğu İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehi tətbiq edilməlidir. Eyni zamanda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə yanaşı, həmçinin 329.3cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən, İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, dörd yüz manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə münasibətdə baxılması üçün Göygöl rayon polis şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimə məbləğinin 10 (on) faizi miqdarında ödənişindən azad edilsin. Qərаrın icrаsı Gəncə şəhəri üzrə İcra İdarəsinə həvаlə edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə münasibətdə baxılması üçün Göygöl rayon polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hаkim: Rəşad Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ-2500 Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A Tel: (0222) 5-23-84, Faks: (0222) 5-39-92 www.goygolcourt.gov.az Elektron ünvan İş № 3(066)-68/2024 xx.xx.2024-cü il Göygöl rayon polis şöbəsinin rəisi, polis polkovniki cənab Şəmşir Kazımova Surəti: Şəxs Gəncə şəhəri, Ə.Seyfi küçəsi, ev 51 Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(066)-68/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərar “ ” səhifə. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar