Məhkəmə qərarları › İş №3(066)-72/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-72/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-72/2025 10.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçisi Vəkil və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Göygöl rayonu, Haça Qaya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Göygöl rayonu Qırıqlı Ə/D, Haça Qaya kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 bildirdi ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-1011/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən Şəxs 27 dekabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi 08 yanvar 2025-ci ildə icraatına daxil olmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəfindən borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Lakin borclu öhdəliyini tam yerinə yetirməmiş, icra sənədi üzrə 1630 manat borcu qalmış və öhdəliyinin icrasından yayınmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta ilə bağlı özünü təqsirli bilərək bildirdi ki, aliment borcundan 15 yanvar 2025-ci il tarixdə məlumatı olmuşdur. Xəstə olduğu və işləyə bilmədiyi üçün borcunu ödəyə bilməmişdir. Borclu olduğu gündən hazıradək cəmi 1070 manat borcu könüllü ödəmişdir, bundan sonra da qalan borcundan hər ay 350 manat ödəməyə söz verərək, barəsində olan inzibati inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, hazırda iş üzrə borclu Şəxs ilə aralarında razılığa gəlmişlər, borclu hər ay borcundan 350 manat məbləğində ödəniş edəcəyinə dair ona söz verib. Odur ki, məhkəmədən borclunun barəsində olan hazırkı inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil borclunun aliment borcundan məlumatı olduqdan sonra borcundan hissə-hissə olmaqla cəmi 1070 manat ödəniş etmişdir. Hazırda tələbkarla razılığa gəlmişlər hər ay borcundan 350 manat ödəməyə söz vermişdir. Odur ki, Şəxs barəsində olan inzibati inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol inzibati xəta haqqında protokola xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Goranboy Rayon Məhkəməsinin 2(045)- 1011/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş 27 dekabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borcluya tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilmiş, izahatı alınmışdır. Tələbkarla borclu öz aralarında aliment borcunun ödənilməsi barədə razılığa gələrək inzibati işə xitam verilməsini xahiş etmişlər. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, tələbkar Zərərçəkmiş şəxs ilə aralarında razılığa gəlmişlər. Belə ki, borclu bugünədək tələbkara olan borcundan 1070 manat məbləğində ödəniş etmiş, bundan sonra da hər ay 350 manat məbləğində ödəniş edəcəkdir. İşdə olan tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, borclu Şəxs ilə razılığa gəlmiş, Şəxs hər ay ona olan borcundan 350 manat məbləğində ödəniş edəcəyinə söz vermişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Göründüyü kimi, tələbkar və borclu öz aralarında borcun hissə-hissə ödənilməsi barədə razılıq əldə olunmuş və borclunun hazırda kifayət qədər vəsaitə malik olmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar