Məhkəmə qərarları › İş №3(066)-73/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-73/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-73/2025 04.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə2, tələbkar "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.2003-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, himayəsində bir az yaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Samux Rayonu, Tatlı kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə2 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1213/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 1065,35 manat pul alınıb "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi 14 noyabr 2024-cü il tarixdə Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları göndərilmişdir. 28 noyabr 2024-cü il tarixdə həmin qərar və bildirişi almışdır. 20 dekabr 2024-cü il tarixdə Şəxs yaşadığı ünvana baxış keçirilərkən onun həmin ünvanda yaşamadığı məlum olmuşdur. Bu barədə rəsmi arayış alındıqdan sonra borclu axtarışa verilmişdir. Bu günkü tarixdə borclu polis əməkdaşları tərəfindən gətirilərək icra şöbəsinə təhvil verilmişdir. Borclu hal-hazıradək borcundan heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, icra şöbəsindən göndərilən tələbin könüllü icrası barədə bildirişi almış, icra sənədindən məlumatı olmuşdur. Hazırda heç bir yerdə işləmədiyindən və xəstəliyi ilə əlaqədar borcundan ödəniş edə bilməmişdir. Hər ay borcundan ödənişlər edəcəyini bildirərək protokolun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirdi ki, müdafiəçisi olduğu Şəxs xəstəliyi ilə əlaqədar borcunu ödəməyə maddi imkanı olmamışdır. Aldığı telefonun borcundan əvvəllər ödənişlər etmişdir. Sonradan müalicəsi ilə əlaqədar telefonu satmışdır. Himayəsində azyaşlı uşağının olmasını, xəstəlikdən əziyyət çəkməsinin nəzərə alınmasını xahiş etmişdir. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında borcludan şikayətçi olmasını, borcun ödənilməsi üçün dəfələrlə borclunun yaxınları ilə əlaqə saxlamasını lakin, heç bir ödəniş edilməməsini bildirərək borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, tələbkarın nümayəndəsini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və onun müdafiəçisini dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1213/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 941,84 manat ödənilməmiş hissə, 93,16 manat cərimə olmaqla cəmi 1035 manat və 30.35 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borcluya tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmiş, izahatı alınmışdır. Borclu tərəfindən icra sənədi üzürlü bir səbəb olmadan icra edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu icra qeydi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözü gedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədinin icrasına yönələn heç bir hərəkətin edilməməsi, işə baxılan zaman borclunun icra sənədinin icrasını təmin etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmasını, himayəsində azyaşlı uşağı olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar