Məhkəmə qərarları › İş №3(066)-77/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-77/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-77/2025 06.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1, tələbkar "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Göygöl rayon Hacıməlik qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə1 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə1 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-7113/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1741,32 manat pul alınıb "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi 03 iyul 2023-cü il tarixdə Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları göndərilmişdir. Tərəflərindən borcun ödətdirilməsi ilə bağlı müvafiq sorğular edilməsinə baxmayaraq borclunun adına heç bir əmlak və rəsmi gəlir əldə edilməmişdir. 21 oktyabr 2024cü il tarixdə icra şöbəsində olmuş tələbin könüllü icrası barədə qərar və bildiriş ona təqdim edilmişdir. 2024-cü ilin oktyabr ayında borclunun barəsində inzibati protokol verilmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə inzibati protokola xitam verilmişdir. Bu günədək borcundan heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, başqa banka olan borcunu ödədiyindən hazırkı borcunu ödəyə bilməmişdir. Məhkəmə tərəfindən ona bir həfdə vaxt verilərsə borcundan ödəniş edə bilər. Dəfələrlə tələbkardan ona yeni ödəniş cədvəli verilməsini istəmiş, lakin ona cədvəl verilməmişdir. Protokolun təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında dindirilən tələbkar "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 bildirdi ki, borcun ödənilməsi üçün dəfələrlə borcluya məlumat verilməsinə baxmayaraq borcundan heç bir ödəniş etməmişdir. Barəsində əvvəl protokol verilmiş lakin, icra şöbəsi tərəfindən qərar və bildirişin surəti borcluya təqdim edilmədiyindən məhkəmə inzibati protokola xitam vermişdir. Borclunun ödəniş etmək üçün ona vaxt verilməsi barədə təklifi ilə razılaşmır. Borclu ödəniş etmək üçün ona yeni ödəniş cədvəl verilməsini istəsə də məhkəmə qətnaməsi çıxdığından onların yeni ödəniş cədvəli tərtib etmələrinə hüquqları yoxdur. Odur ki, məhkəmə qərarının icrasının təmin edilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(066)-711/2023 nömrəli, 15 may 2023-cü il tarixli icra vərəqəsinin sürətindən görünür ki, borclu Şəxs 1702,70 manat borc pul və 38,62 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənməlidir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 3(066)-410/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, Göygöl Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 21 oktyabr 2024-cü il tarixdə borclu Şəxs barəsində məhkəməyə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol verilmiş lakin, tələbin könüllü icrası barədə bildirişlər borcluya təqdim edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-711/2023 nömrəli, 15 may 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 1702,70 manat borc pul və 38,62 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Şəxs borcundan heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-711/2023 nömrəli, 15 may 2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraat başlanmışdır. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarilxi borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Göygöl rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Şəxs barəsində Göygöl Rayon Polis Şöbəsində axtarış işi açılmışdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-711/2023 nömrəli, 15 may 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1702,70 (bir min yeddi yüz iki manat yetmiş qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun 38,62 manatı alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Sözügedən icra sənədləri Göygöl RİPŞ-yə daxil olmuş və Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri yerinə yetirmək üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra sənədi üzrə hazırda 1741,32 manat borcu vardır. Borclunun izahatı alınarkən borclu işləmədiyi üçün borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Borclu bu günədək borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq heç bir ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədlərinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarların şikayətçi olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 16:35-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar