Məhkəmə qərarları › İş №3(066)-87/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-87/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-87/2025 14.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə oğlunun, tələbkar Dursunova (Seyidova) Aidə Knyaz qızının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Rusiya Federasiyasının, Lipetsk vilayətinin, Qryazı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə Oruz qızı tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-657/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın saxlanması üçün cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq, Dursunova (Seyidova) Aidə Knyaz qızına ödənilməsi qərara alınmışdır. Şəxs Elektron İcra İnformasiya Sistemi vasitəsilə əmlak və gəlirlərinə baxış keçirilən zaman borclunun 80 manat aylıq veteran pulu aldığı müəyyən olunmuş, həmin pulun 70 faizinə tutqu aparılmış, lakin müəyyən səbəblərlə bağlı borcludan aylıq 56 manat məbləğində tutqunun aparılması bəzi aylarda mümkün olmamışdır. Hazırda Şəxs 5650 manat borcu vardır. Sonuncu dəfə şəxsin əmlak və gəlirlərinə baxış keçirilən zaman "xxxx" MMC-də işlədiyi məlum olmuş, tərəflərindən əmək haqqına yönəldilməsi barədə qərar qəbul edilərək, 23 yanvar tarixində aidiyyəti üzrə iş yerinə göndərilmiş, lakin sonradan iş yeri ilə şifahi əlaqə saxlanılan zaman şəxsin iş yerindən azad olduğu məlum olmuşdur. Bu günkü tarixdə də borclu axtarış vasitəsilə icra şöbəsinə gətirilmişdir. Borclu bundan əvvəl də 2024-cü ilin sentyabr ayında axtarış verilərək icra şöbəsinə gətirilmiş və həmin vaxt 1350 manat məbləğində ödəniş etmiş, həmin ay ərzində 4450 manat məbləğində aliment borcu qalmışdır. Borclu və tələbkarın yanında borc hesablanmış və müəyyən edilmişdir ki, hazırda 5650 manat məbləğində borc yaranmışdır. Borclu bundan əlavə bir dəfə dekabr ayında ödəniş etmiş, başqa heç bir ödəniş etməmişdir. Odur ki, inzibati xəta ilə bağlı protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs ilə nikahlarını 2019cu ildən pozmuşlar. Həmin vaxtdan ordu sistemində işlədiyi dövrdə onun maaşından 300 manat məbləğində aliment tutulmuşdur. Həmin 300 manat məbləğində alimenti 2021-ci ilə kimi ödəmişdir. Hətta sonuncu dəfə işdən azad olunduğu zaman aldığı sonuncu maaşı da Aidə xanıma əlbəəl təqdim etmişdir. İşlədiyi dövür ərzində aliment ödəməyi gecikdirməmişdir. Bundan sonra 2 il mina təmizləmə kursunu bitirərək mina təmizləmə şirkətində işləmiş, həmin dövrdə tələbkara təkrar yüksək məbləğdə aliment ödəmiş, hər hansı gecikdirməsi olmamışdır. Yəni işlədiyi dövrdə ödənişlərini etmiş, bacardığı qədər ödənişlərini gecikdirməmişdir. Hazırda işlədiyi iş yerlərinin çoxunda aldığı maaş 400-500 manatdır, o həmin məbləğdən də bacardığı qədər anasına göndərir, anası isə pensiyasından aliment pulunu düzəldərək tələbkara çatdırır. Onun tələbkar Aidədən əlavə başqa şəxsdən də iki körpə uşağı var və onlara da baxır. Onun tələbkar Aidədən 2 övadı olsa da, onları 2019-cu ildən bu günə qədər görmür, həmin uşaqlar ondan nifrət edirlər. Nə uşaqlar onu görür, nə də o uşaqları görə bilir. O, 13 il bu vətənə qüsursuz xidmət etmiş, daha sonra mina təmizləmə sahəsində işləmişdir ki, uşaqlarına çörək pulu qazansın. Aliment ödəməkdən boyun qaçıran şəxs olsa idi 13 il kəşfiyyatda xidmət edən adam olaraq bu ölkədən qaça bilərdi. O, heç vaxt aliment ödəməkdən boyun qaçırmamışdır. Onun barəsində axtarış verilməsinə belə ehtiyac yoxdur, o, polis əməkdaşlarına da bildirmişdir ki, ona və ya anasına zəng vurmaları kifayətdir ki, o özü deyilən yerə könüllü gəlsin. Bununla belə sonuncu 400 manat əmək haqqını da gətirib Aidə xanıma vermişdir. Onun həbs olunması ilə Aidə xanıma aliment ödəyə bilməyəcəyi bəllidir. Hazırda ona 900 manatlıq iş təklifləri var, o buradan təmizliyini alaraq çıxsa onu əvvəlki iş yerinə də yenidən götürəsidirlər, həmin halda o yenə də Aidə xanıma aliment ödəməyə razıdır. Əlavə olaraq bildirdi ki, o, işdən yanvar ayında çıxmış, sonuncu iş yerində dekabr və yanvar ayı olmaqla, cəmi iki ay işləmişdir. Həmin vaxta kimi isə işsiz olmuşdur. Belə ki, o, ordu sırasından təmiz şəkildə çıxsa belə, hərbi biletində xidmətə uyğunsuzluq olması qeyd edilmişdir. Bu səbəbdən də həmin hərbi biletlə iş tapması hazırda çətindir. Onun Aidədən iki uşağı, bundan başqa isə digər xanımdan 2 uşağı vardır. Aidə xanımdan əlavə digər xanıma da qazancına görə maaşının üçdə biri həcmində aliment ödənişi etmişdir. Hazırda 400 manat məbləğində Aidə xanıma ödəniş edə bilər. Tələbkar Zərərçəkmiş şəxs hazırda 400 manat məbləğində pul ilə razılaşmasını, bundan sonra işləyəcəyi halda icra məmuru tərəfindən maaşına tutqu tətbiq edilməsini təklif edərək, işinə ədalətli baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, o, hazırda uşaqları ilə birlikdə kirayədə qalır və evi yoxdur. Atası yoxdur, bir fəhlə qardaşı və bir də təqaüdçü anası var. Uzun müddətdir ki, onun özünə və uşaqlarına onlar baxır, hazırda isə onlara baxan yoxdur. Şəxs yalnız hərbidə işlədiyi zaman düzgün aliment ödəmişdir. Şəxs barəsində 3-4 dəfə axtarış olunmuşdur. Bununla bağlı ondan xahiş etdiyi, ona alimenti ödəməsi ilə bağlı vəd verdiyi üçün o bir neçə dəfə ərizəsini geri götürmüşdür. Hazırda onun 17 yaşında olan qızını və 14 yaşında olan oğlunu saxlamağa maddi imkanı yoxdur. Əlavə olaraq bildirdi ki, boşanma ilə bağlı ərizəni Şəxs vermişdir. Şəxs ondan boşanmadan başqası ilə ailə qurmuş, onu və 2 uşağını ortada qoymuşdur. Bu günədək uşaqlarının heç nəyi ilə maraqlanmamış, bir dəfə olsun belə zəng eləməmişdir. Şəxs hazırda verəcəyi 400 manat məbləğində pula razı deyil. Belə ki, Şəxs hər dəfəsində onu aldadaraq borcundan ödəniş edəcəyini bildirsə də borcundan heç bir ödəniş etmir. Hazırda ona olan borcun tam şəkildə ödənməsini, borcun ödənilməyəcəyi təqdirdə borclunun inzibati həbs edilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərardadının surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-657/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İş materiallarında olan Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-657/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ay 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment tutularaq X4 ödənilməlidir. Şəxs 5650 manat məbləğində borcu qalmış, hazırda işləmədiyini, bugünkü tarixdə 400 manat ödəniş edə biləcəyini bildirmişdir. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-657/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “borclunun axtarışı” haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-657/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs hər ay 150 manat olmaqla cəmi 300 manat məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. Sözügedən icra sənədi Göygöl RİPŞ-yə daxil olmuş və Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri yerinə yetirmək üçün 10 gün vaxt verilməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmış, icra məmurunun çağrışlarına gəlməməklə barəsində axtarış qərarları qəbul edilmişdir. Şəxs icra sənədi üzrə hazırda 5650 manat borcu vardır. Borclunun izahatı alınarkən o, hazırda işləmədiyini bildirmişdir. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədlərinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra məmurunun çağrışlarına gəlməyərək barəsində axtarış elan edilməsini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmaqla, borcun tam şəkildə ödənməsini tələb etməsini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 15:10-dan hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar