Məhkəmə qərarları › İş №3(066)-90/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-90/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-90/2025 11.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin DYPB-nin YPX inspektoru, polis serjantı Nümayəndə, barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Şəmkir rayonu, Kür qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, vətən müharibəsi iştirakçısı, Ağstafa Şəhəri, 049 Nömrəli Hərbi Hissədə qeydiyyatda olan və Şəmkir rayonu, Kür qəsəbəsində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə ilə tərtib edilmiş Göygöl Rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Göygöl rayonu Yol- Patrul Xidmətinin inspektoru, polis serjantı Nümayəndə tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolun tərtib edilməsinə əsas kimi Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 09:32-də «VAZ 21061» minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı Nümayəndə verdiyi izahatında göstərdi ki, 8 fevral 2025-ci il tarixində, saat 8-9 radələrində vətəndaş Şəxs nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlamış, özünü təqdim edərkən vətəndaşdan spirtli içki iyi gəldiyini hiss edərək vətəndaşı alkotestrdən keçməyə dəvət etmişdir. Alkotestr vasitəsilə müayinədən sonra Şəxs spirtli içki qəbul etməsini aşkar etmişdir. Vətəndaş alkotestrin nəticəsi ilə bağlı etirazını bildirdikdə vətəndaşa hüquqlarını izah edərək “Narkoloji Dispanser”də müayinədən keçməsini təklif etmişdir. Vətəndaş etiraz edərək vaxtı olmadığını, Gəncə şəhərinə getməli olduğunu bildirərək onun vətəndaşla birgə Gəncə şəhərinə gedərək orada müayinə olunmasını istəmişdir. O isə xidməti yerini tərk etmək səlahiyyəti olmadığını bildirmiş və vətəndaşa Göygöl rayon xəstəxanasında müayinə olunmağı təklif etmişdir. Vətəndaş isə müayinəyə ehtiyac olmadığını, işinin arxasınca getməli olduğunu ona bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsi gətirilib duracağa qoyulmuş və Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və inzibati xəta ilə bağlı protokolu ona izah etmişdir. Aradan bir neçə saat keçdikdən sonra vətəndaş onların iştirakı olmadan içkili olmaması ilə bağı test nəticəsi alıb gətirərək içkili olmadığını onlara bildirmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta ilə bağlı protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta ilə bağlı icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, Gəncə şəhəri N saylı hərbi hissədə baş çavuş vəzifəsində işləyir. 08 fevral 2025-ci il tarixdə saat 10-a işləmiş radələrində polis əməkdaşları onu Göygöl rayonu Quşqara kəndi istiqamətində hərəkətdə olan zaman avtomobili ilə saxlamışlar. Polis əməkdaşları onu saxlayan zaman o, təhlükəsizlik kəmərini çıxarıb avtomobilindən düşərək polis əməkdaşlarına özünü təqdim edərək xidmət etdiyi N saylı hərbi hissəyə sənədləşmə tələbi ilə bağlı getdiyini bildirmişdir. Polis əməkdaşları ondan içki içib içmədiyini soruşanda o, içki içmədiyini bildirmişdir. Polis əməkdaşının dəvəti ilə o, maşında arxa tərəfdə əyləşərək, əməkdaşın ona verdiyi alkotestrdən keçmiş, polis əməkdaşı tərəfindən alkotestr nəticəsində spirtli içki qəbul etdiyi ona bildirilmişdir. O isə içki qəbul etmədiyini təkrar söyləmişdir. Polis əməkdaşları ona Narkoloji Dispanserdə müayinədən keçməyi təklif etdikdə o, polis əməkdaşlarına üzləşmə ilə bağlı sənədləri xidməti rəislərinə çatdırmalı olduğunu, sənədləri çatdırdıqdan sonra hara desələr getməyə hazır olduğunu onlara bildirmişdir. Polis əməkdaşları ondan maşını duracağa qoyub taksi ilə getməsini təklif etmişlər. O da avtomobili əməkdaşlar dedikləri yerdə saxlamış, polis əməkdaşlarından işi bitdikdən sonra onlarla necə əlaqə saxlaya biləcəyini soruşmuş, polis əməkdaşları ona 402 saylı otağa yaxınlaşa biləcəyini bildirmişlər. O, taksi ilə iş yerinə doğru yola düşmüşdür. Sənədləri verib hərbi hissədən çıxıb taksiyə əyləşəndə taksi sürücüsünə hadisə ilə bağlı olanları danışmış, taksi sürücüsü də ona narazı olduğu halda Narkoloji Dispanserə gedib müayinə olunmasını təklif etmişdir. O da sürücüdən Narkoloji Dispanserə sürməsini istəmişdir. O, taksi ilə Gəncə Şəhəri Narkoloji Dispanserinə getmiş, Narkoloji Dispanserdə baş həkim ona içkili olduğu halda müayinəyə göndərişlə gələ biləcəyini və ya polis əməkdaşları tərəfindən gətirilə biləcəyini izah etmiş, bu səbəbdən onu müayinə etməyə səlahiyyəti olmadığını bildirmişdir. Odur ki, müayinədən keçməsi üçün göndəriş almasını ona təklif etmişdir. Bundan sonra taksi sifariş edərək Göygöl Rayon Polis Şöbəsinə gələrək polis əməkdaşlarının ona bildirdiyi 402 saylı otağa yaxınlaşaraq özünü rəisə təqdim edib hadisə ilə bağlı polis əməkdaşlarının onu saxladıqlarını bildirmiş, hazırda müayinədən keçməsi üçün ona göndəriş verilməli olduğunu bildirmişdir. Rəis ona göndəriş verə bilməyəcəklərini, özünün könüllü müayinədən keçə biləcəyini bildirmişdir. O da şöbədən taksi ilə Gəncə Şəhəri Narkoloji Dispanserə yollanmışdır. Narkoloji Dispanserdə könüllü müayinədən keçmək istədiyini bildirmiş, saat 13:42-də həkimlər onu müayinədən keçirmişlər, müayinə nəticəsində onda alkol aşkar edilməmişdir. Oradan təkrar Göygöl Rayon Polis şöbəsinə qayıtmışdır. Əlavə olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən həmin vaxtı onun təhlükəsizlik kəmərindən istifadə etmədiyi bildirilsə də, o kəmərdən istifadə etmişdir. Odur ki, alkollu içki içən adam olmadığını nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun tərəfindən şərxoşluq hallarının yoxlanılması barədə prtokolu tərtib etmiş həkimin adının və soyadını bilmir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-nin 333.1-ci maddəsi ilə inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 333.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibаti iş mаteriаllarına əlаvə edilmiş: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 09:32-də «VAZ 21061» minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan sərxoş vəziyyətdə idarə etmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, Şəxs məxsus «VAZ 21061» minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saxlanca qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə həmin duracaqdan buraxılmışdır. Alkotester qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilən alkotester yoxlaması zamanı Şəxs alkoqolun miqdarı 0.418 promill olması müəyyən olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 08 fevral 2025-ci il tarixdə saat 09:32də Göygöl rayonu ərazisində «VAZ 21061» minik markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqolun təsiri altında sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də onun barəsində İXM-nin 333.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında xx.xx.2025-ci il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etmədiyini, hadisə vaxtı ayıq olduğunu bildirmiş və məhkəməyə təqdim etdiyi 502/2025 saylı, xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyətinin tibbi müayinəsi protokolunda göstərilmişdir, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:42-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Narkoloji Dispanserində tibbi müayinədən keçmiş və onda hər hansı sərxoşluq əlaməti aşkar edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Göygöl rayonu ərazisində təhlükəsizlik kəmərini bağlamadan idarə edərkən yol polisi əməkdaşları tərəfindən saat 09:32 radələrində saxlanılmış, spirtli içki qəbul etməsi ilə bağlı alkotestr vasitəsilə yoxlama keçirilmiş və Şəxs spirtli içki qəbul etdiyi müəyyən edilmiş, bununla bağlı həkim müayinəsindən keçməsi ona təklif olunmuş, lakin o, həkim müayinəsindən keçmək istəməmişdir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Narkoloji Dispanseri tərəfindən verilmiş 502/2025 saylı, xx.xx.2025-ci il il tarixli sərxoşluq hallarının tibbi müayinəsi aktında müayinə olunan şəxsin müayinəsinin şəxsən xx.xx.2025ci il tarixdə saat 13:42-də aparıldığı göstərilmişdir. Bu səbəbdən məhkəmə Şəxs tərəfindən təqdim edilmiş sərxoşluq vəziyətinin tibbi müayinəsi protokoluna tənqidi yanaşaraq qeyd edir ki, polis əməkdaşları tərəfindən sərxoşluq 09:32-də aşkarlanmış, bundan dörd saat sonra Şəxs özü sərxoşluq vəziyətinin müayinəsindən keçmiş və müayinəni aparan həkimin kim olması göstərilmədən Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 502/2025 saylı, xx.xx.2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan protokol tərtib edilmişdir ki, belə bir sənəd mötəbər sübut hesab edilə bilməz. Odur ki, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 209 №-li qərarının 2.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, ayaq üstə sərbəst dayana bilmədikdə və özünü idarə edə bilmədikdə həyata keçirilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin qərarın 2.6-cı maddəsinə əsasən, müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Həmin qərarın 2.7-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin qərarın 3.1-ci maddəsinə əsasən, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin qərarın 3.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Həmin qərarın 3.4-cü maddəsinə əsasən, müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. Məhkəmə Şəxs hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, ona təqsirli olduğu İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehi tətbiq edilməlidir. Eyni zamanda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə yanaşı, həmçinin 327.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən, İXM-nin 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunvericik eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, dörd yüz manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə münasibətdə baxılması üçün Göygöl rayon polis şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə q ə r a r a a l d ı: Şəxs оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimə məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə münasibətdə baxılması üçün Göygöl rayon polis şöbəsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə şikаyət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar