Məhkəmə qərarları › İş №3(067)-1002/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1002/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1002/2024 27.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, şikayət verən şəxs X4, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nümayəndə iştirakı ilə X4 Azərbaycan Respublikası DİN BDYP-nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 327.2 və 343.1- ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Nurlan İbrahimov şikayətini onunla əsaslandırmışdır ki, idarə etdiyi nəqliyyat vasitəsilə hərəkətdə olduğu vaxt qayda pozuntusu etdiyi üçün Azərbaycan Respublikası DİN DYPİ-nin əməkdaşı Nümayəndə tərəfindən saxlama işarəsi verildikdə o, avtomobili saxlamış, lakin polis əməkdaşı ondan spirt qoxusu gəldiyini bildirərək alkotester vasitəsilə müayinə etmiş və ilk müayinədə spirtli içki içməsi ilə bağlı müsbət nəticə olmamışdır. Bir qədər sonra yenidən alkosterlə müayinə edilməli olduğu deyildikdə isə o, spirtli içki qəbul etmədiyini, alkotester cihazına inanmadığını və xəstəxana şəraitində qanından analiz verərək sərxoşluğunun müəyyən edilməsini yol polisi əməkdaşlarına demişdir. Tibbi müayinədən imtina etdiyinə görə barəsində yol polisi tərəfindən protokol tərtib edilmişdir. Lakin o, tibbi müayinədən deyil alkotester cihazı ilə müayinə olunmasına etiraz etmişdir. O, 15-20 saniyə alkotester cihazına nəfəsini vermişdir. Xəstəxanada növbətçi həkimə qanından analizin götürülməsini təklif etmiş, lakin həkim xəstəxananın növbətçi hissəsində şəraitin olmadığı üçün yalnız orada olan alkotester cihazı vasitəsilə müayinə oluna biləcəyini demişdir. O isə bununla razılaşmamışdır, çünki qan götürülərək növbəti gün xəstəxananın aidiyyəti şöbəsində analiz edilə bilinərdi. İşıqforun qadağanedici işığının tələbini pozduğuna görə inzibati cərimə olunması hissəsi ilə razı olduğunu bildirmişdir. O, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 3(067)-1002/2024 nömrəli qərarı ilə X5 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin qismən təmin edilməsi, inzibati tənbeh vermə haqqında həmin qərarın X4 Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi hissəsinə xitam verilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərarla razılaşmayan Azərbaycan Respublikası DİN BDYPİ-nin rəis müavini, Yolpatrul Xidməti alayının komandiri, polis polkovniki Fuad Mayılov şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 3(067)-1002/2024 nömrəli qərarının ləğv edilməsini, Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsinə əsasən əsasən X4 barəsində qəbul edilmiş qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(105)-501/2024 saylı qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 3(067)-1002/2024 nömrəli qərarı ləğv olunmuş, X4 Azərbaycan Respublikası İXM-nin 327.2 və 343.1-ci maddələri ilə təqsirli bilinməsinə dair xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə yenidən baxılması üçün material Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında növbətçi həkimin məhkəmə iclasında iştirakı məsələsinin həll edilməsi və digər hallara aydınlıq gətirilməsinin zəruriliyi vurğulanmışdır. Xaçmaz Rayon Məhkəməsində Nurlan İbrahimovun inzibati tənbeh vermə qərarından şikayəti yenidən araşdırılmışdır. Şikayət vermiş şəxs X5 məhkəmə iclasında izahat verərək şikayət ərizəsini onunla əsaslandırmışdır ki, idarə etdiyi nəqliyyat vasitəsilə hərəkətdə olduğu vaxt qayda pozuntusu etdiyi üçün Azərbaycan Respublikası DİN DYPİ-nin əməkdaşı Nümayəndə tərəfindən saxlama işarəsi verildikdə o, avtomobili saxlamış, lakin polis əməkdaşı ondan spirt qoxusu gəldiyni bildirərək alkotester vasitəsilə müayinə etmiş və ilk müayinədə spirtli içki içməsi ilə bağlı müsbət nəticə olmamışdır. Bir qədər sonra yenidən alkosterlə müayinə edilməli olduğu deyildikdə isə o, spirtli içki qəbul etmədiyini, alkotester cihazına inanmadığını və xəstəxana şəraitində qanından analiz verərək sərxoşluğunun müəyyən edilməsini yol polisi əməkdaşlarına demişdir. Tibbi müayinədən imtina etdiyinə görə barəsində yol polisi tərəfindən protokol tərtib edilmişdir. Lakin o, tibbi müayinədən deyil, alkotester cihazı ilə müayinə olunmasına etiraz etmişdir. O, 15-20 saniyə alkotester cihazına nəfəsini vermişdir. Xəstəxanada növbətçi həkim alkoqol sərxoşluğun xüsusi vasitə olan alkotester vasitəsi ilə aparıldığını bildirib həmin vasitəni təqdim edərək ona nəfəs verməsini təklif etmiş, lakin o bu cür xüsusi vasitələrə inanmadığını deyərək nəfəs verməmişdir. O, bilavasitə damarından qan analizinin aparılmasını istədiyini söyləmişdir. Növbətçi həkim isə alkoqol sərxoşluğun damardan qan analizi üsulu ilə deyil, xüsusi vasitə olan alkotester vasitəsi ilə yoxlanılmalı olduğunu israr etmiş, alkotesterə nəfəs verməməsini əsassız olaraq tibbi müayinədən boyun qaçırma kimi qiymətləndirmişdir. Svetoforun qadağanedici işığının tələbini pozduğuna görə inzibati cərimə olunması ilə razı olduğunu bildirmişdir. O, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nümayəndə izahat verərək bildirmişdir ki, 04 avqust 2024-cü il tarixdən 05 avqust 2024-cü il tarixə keçən gecə X13 idarə etdiyi nəqliyyat vasitəsi ilə svetoforun qadağanedici işığının tələbini pozduğuna görə tərəfindən səs siqnalları vasitəsilə işarə verilərək saxlanılmışdır. O, sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və ünsiyyət zamanı sürücüdən kəskin spirt qoxusunun gəldiyini müəyyən etdiyindən alkotester cihazı ilə müayinədən keçməsini tələb etmişdir. Sürücü tərəfindən 10 saniyə alkotester cihazına nəfəs verilməli olduğu halda, düzgün nəfəs verilmədiyi üçün test nəticəsiz qalmışdır. Sürücü ona qarşı aqressiv davranaraq xoşagəlməz ifadələr işlətdiyi üçün o, digər polis əməkdaşlarını da oraya dəvət etmiş, audio-video görüntü vasitəsi ilə çəkiliş qeydə alınmışdır. Sürücü ikinci dəfə alkotester cihazı ilə müayinəyə dəvət olunmasına baxmayaraq, imtina etmiş və həkim müayinəsinə getmək istəmişdir. Audio-video görüntülərdən də göründüyü kimi, sürücü həkim müayinəsinə dəvət olunmuş, lakin xəstəxanada növbətçi həkimin alkotester cihazı ilə müayinə etməsindən imtina edərək yalnız damarından qan analizinin götürülməsini istəmişdir. Sürücünün spirtli içki qəbul etməsinin müəyyən edilməsi həkim müayinəsində damardan qan analizi vasitəsilə deyil, yalnız alkotester cihazı ilə aparılır və bu haqda növbətçi həkim Nurlan İbrahimovu məlumatlandırmışdır. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında DİN BDYPİ-nin nümayəndəsi X11 izahat verərək bildirmişdir ki, 04 avqust 2024-cü il tarixdən 05 avqust 2024-cü il tarixə keçən gecə saat 01 radələrində X13 idarə etdiyi nəqliyyat vasitəsi ilə svetoforun qadağanedici işığının tələbini pozduğuna görə DYP əməkdaşı Nümayəndə tərəfindən saxlanılmışdır. Sürücünün aqressiv davranışı səbəbindən çağırışla bağlı o, hadisə yerinə gəldikdə X13un nəfəsindən spirtli içki qoxusu gəldiyi üçün ona alkotester cihazı ilə müayinədən keçmək təklif olunsa da, sürücü bundan imtina etmiş, tibbi müayinədən keçirilməsi üçün sürücü ilə birlikdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına getmişlər, orada xəstəxananın növbətçi həkimi tərəfindən xüsusi texniki vasitə olan alkotester cihazı ilə müayinə aparılması dəfələrlə təklif olunsa da, sürücü heç bir əsaslı səbəb göstərmədən yalnız damarından qan analizi edilməsinə razılıq verəcəyini bildirməklə müayinə aparılmasından imtina etmişdir. Məhkəmə iclasında Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim-narkoloqu X2 izahat verərək bildirmişdir ki, o, xəstəxanada sərxoşluğun təyin edilməsi üzrə məsul şəxsdir, alkoqol sərxoşluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarına (bundan sonra - Qaydalar) uyğun olaraq xüsusi texniki vasitə olan alkotesterlə tibbi müayinə aparılmaqla müəyyən olunur və nəticəsi müvafiq aktla rəsmiləşdirilir. Özü qeyri-iş və gecə vaxtlarında işdə olmadıqda xəstəxana rəhbərliyinin müvafiq daxili əmrinə əsasən onun vəzifəsinin icrası xəstəxanada növbətçi olan həkim tərəfindən həyata keçirilir. 2024-cü ilin avqust ayının 4-dən 5-nə keçən gecə xəstəxanada növbətçi həkim X7 olmuş və sərxoşluğun müəyyən edilməsi üçün tibbi müayinənin aparılması rəhbərlik tərəfindən ona həvalə olunmuşdur. Növbətçi həkim Muxlis Mahmudovun bildirdiyi məlumata əsasən ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 01:20 radələrində DYP əməkdaşları tərəfindən sürücü X5 alkoqol sərxoşluğu dərəcəsinin müəyyən edilməsi üçün rəsmi qaydada göndəriş məktubu əsasında tibbi müayinə aparılması üçün xəstəxanaya gətirilmiş, sürücü hər hansı əsaslı səbəb göstərmədən xüsusi texniki vasitə olan alkotesterə nəfəs verməkdən boyun qaçıraraq yalnız damardan qan analizinin götürülməsinə razı olduğunu bildirmişdir. X13 alkotester vasitəsi ilə tibbi müayinədən keçməkdən imtina etdiyi üçün həkim Muxlis Mahmudov göndəriş məktubunda müvafiq yazılı qeyd apararaq bu faktı imzası ilə təsdiq etmiş və əldə etdiyi məlumatları ona təqdim etmişdir. Təqdim olunmuş məlumatlar əsasında o, tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 107 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi X8 tibbi müayinədən imtina etdiyini və sonuncunun xarici kliniki müşahidə əlamətlərinə görə orta dərəcə alkoqol sərxoşluq vəziyyətinə uyğun olduğu barədə qeydiyyat aparmışdır. Məhkəmə iclasında Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkimi X7 izahat verərək bildirmişdir ki, 2024-cü ilin avqust ayının 4-dən 5-nə keçən gecə xəstəxanada növbətçi həkim olarkən təxminən saat 01:20 radələrində DYP əməkdaşları sürücü X4 alkoqol sərxoşluğu dərəcəsinin müəyyən edilməsi üçün rəsmi qaydada göndəriş məktubu əsasında tibbi müayinə aparılması üçün ona təqdim etmişlər. Xəstəxanada alkoqol sərxoşluğun müəyyən edilməsi növbətçi həkim olaraq ona həvalə olunduğundan o, sürücünün anket məlumatlarını müəyyən etdikdən sonra xüsusi texniki vasitə olaraq istifadə etdiyi alkotesterə nəfəs verməyi X13a təklif etmiş, lakin sonuncu hər hansı əsaslı səbəb göstərmədən nəfəs verməkdən boyun qaçırmış, yalnız damarından qan analizinin götürülməsinə razı olduğunu bildirmişdir. Müvafiq Qaydaların tələbləri, yəni alkoqol sərxoşluğun müəyyən edilməsi üçün xəstəxanada xüsusi texniki vasitə olan alkotesterdən istifadə edilməli olduğu sürücüyə dəfələrlə izah edilsə də, sonuncu alkotesterə nəfəs verməkdən qəti şəkildə imtina etmişdir. X13 alkotester vasitəsi ilə tibbi müayinədən keçməkdən imtina etdiyi üçün o, bununla bağlı DYP əməkdaşı tərəfindən təqdim olunmuş müayinəyə göndəriş məktubunda müvafiq yazılı qeyd apararaq imzası ilə təsdiq etmişdir. Bundan sonra X13un barəsində əldə olunmuş və qeydə aldığı lazımi məlumatları xəstəxananın həkim-narkoloqu Ağakərim Muradxanova təqdim etmişdir. Məhkəmə ərizəçinin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: - xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 "QAZ 33021" markalı, ** BX *** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən svetoforun qadağanedici qırmızı işığında hərəkəti davam etdirmiş və sərxoşluğun tibbi müayinəsindən imtina etmişdir. - Azərbaycan Respublikası DİN BDYΡΙ YPXA-nın 2-ci tağım YPXİ polis baş leytenantı Nümayəndə Xaçmaz RMX-nın Baş həkiminə ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, sürücü X1 dərəcəsinin müəyyən edilməsini xahiş olunmuş, lakin sonuncu tibbi müayinədən keçməkdən imtina etmişdir. Bu imtina faktı ilə bağlı həmin məktubun üzərində xəstəxananın həkimi Muxlis Mahmudovun “Tibbi müayinədən imtina etmişdir həkim: Mahmudov M. xx.xx.2024 01:20” qeydi və imzası vardır. - xx.xx.2024-cü il tarixli, 107 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından müəyyən edilir ki, X5 tibbi müayinədən imtina etmişdir. - Azərbaycan Respublikası DİN BDYΡΙ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarından görünür ki, sürücü X5 Azərbaycan Respublikası İXM-nin 327.2 və 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 400 manat məbləğində inzibati cərimə edilmişdir. “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-43/3-5933/2024 nömrəli arayışdan görünür ki, X7 həmin xəstəxananın Təcili yardım bölməsində Təcili tibbi yardım üzrə həkim vəzifəsində çalışır. İş materiallarında olan X13un xüsusi texniki vasitə olan alkotesterlə tibbi müayinədən imtina etməsi barədə həkim Muxlis Mahmudov tərəfindən icra edilmiş yazılı qeydin xx.xx.2024-cü il tarixdə, saat 01:20-də edildiyi görünür. Bu faktın xx.xx.2024-cü ildə baş verməsi şikayətçinin, polis əməkdaşlarının izahatları və işdə olan audio-video yazılardan da açıq-aydın görünür. Ona görə də, inzibati xəta haqqında protokolun xx.xx.2024-cü il tarixdə tərtib edilməsi qeyd olunsa da, hadisənin məhz xx.xx.2024-cü il tarixdə baş verməsi işin mübahisəsiz halıdır, gecə saat 24-dən sonra tarixin dəyişməsi adi hal olaraq tərtib edilmiş sənədlərdə fərqli tarixin qeyd edilməsinin texniki xəta olduğunu göstərir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının 2.1-ci bəndinə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. Həmin Qaydaların 2.2-ci bəndində göstərilir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Qaydalara görə sərxoşluğun tibbi müayinəsi sərxoşluğun növündən asılı olaraq həyata keçirilir. Tibb müəssisəsində alkoqolun qəbulu faktının texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə üsulu ilə qanda alkoqolun konsentrasiyası müəyyən edilməklə aparılır, narkoloji sərxoşluq isə qanın, tüpürcəyin, sidiyin və s. müvafiq tibbi metodlarla analiz edilməsi yolu ilə müəyyən edilə bilər. Göründüyü kimi, qanunvericiliklə tibbi müayinə zamanı alkoqol sərxoşluğun müəyyən edilməsi üçün nəfəsvermə üsulu tətbiq edilən xüsusi texniki vasitələrdən istifadə nəzərdə tutulmuşdur. Ona görə də, alkoqol sərxoşluğun müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış sürücünün Qaydalarla bilavasitə nəzərdə tutulan xüsusi texniki vasitə olan alkotesterin istifadə edilməsindən imtina etməsi həmin sürücünün tibbi müayinədən imtinası kimi qiymətləndirilir. Xəstəxanada gecə növbəsində olan həkim Muxlis Mahmudova həkim-narkoloq vəzifəsinin icrası həvalə olunduğuna görə o, tibbi müayinənin aparılması üçün səlahiyyətli şəxs olmuşdur. Digər tərəfdən həmçinin o da nəzərə alınmalıdır ki, X13un tibbi müayinədən imtinasının əsası konkret növbətçi həkimin- Muxlis Mahmudovun və ya qeyrisinin şəxsiyyəti, vəzifəsi və səlahiyyətləri ilə bağlı olmamışdır. Nurlan İbrahimov tibbi müayinə zamanı alkotester vasitəsi ilə yoxlanılmasından imtina etməsini bu cür texniki vasitələrə ümumiyyətlə inamı olmadığı ilə əlaqələndirməyə cəhd etmişdir. Belə olduğu halda, yəni növbətçi həkim Muxlis Mahmudovun əvəzinə həmin vaxt xəstəxanada hər hansı başqa həkim olmuş olsaydı belə, bunun sürücünün tibbi müayinədən imtina etməsi faktının mövcudluğuna təsiri olmayacadır. İXM-nin 76-cı maddəsinin tələblərinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası DİN BDYΡΙ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarında olan qərar, izahatlar, digər sənədlər və videogörüntülərdən müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 343.1ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul oluna bilər. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : X4 Azərbaycan Respublikası DİN BDYP-nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar