Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1003/2024 25.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi Nümayəndə, şikayət vermiş şəxs X2 iştirakları ilə, X4 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 02:02 radələrində idarə etdiyi Kamaz 5511, yük **-BK-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsilə Bakı Şəhəri istiqamətdə hərəkətdə olarkən, Saray Postu adlanan postun DİN BDYPİ-nin polis polkovniki X7 ona dayanma əmri vermiş və o, avtonəqliyyat vasitəsini yolun kənarına çəkərək dayandırmışdır. DİN BDYPİ-nin polis polkovniki X7 ona bildirmişdir ki, avtonəqliyyat vasitəsindən “enin aşağı, sizin maşınınızın yük kütləsi çoxdur”. O, dəfələrlə izah etmişdir ki, yük maşınında icazə verilən kütlədən az yük var və bunu yaxınlıqdakı tərəzi olan yerdə maşını ölçdürə bilərlər. Lakin Polis əməkdaşı ona arxasınca sürərək getməsini bildirmiş, guya onun maşınında artıq yük kütləsi olduğunu bildirərək idarədə tərəzi olduğunu və ora getmələrini bildirmişdir. Bakı Şəhərinin Xırdalan dairəsinə yaxın olan DİN-nin duracağına salaraq ona getməsini və özlərinin əlaqə saxlayacağını demişlər. Ona məxsus nəqliyyat vasitəsini 6 gün duracaqda saxlanılmışdır. O, hər gün Xaçmaz rayonundan Bakı şəhərində ki, duracağa gedib gəldikdən sonra, altıncı gün ona yükü ölçdürməyə getmələrini demişlər. O, DİN BDYPİ-nin əməkdaşları ilə birlikdə tərəziyə gedərək yükü və avtomobili bir yerdə ölçdürərək yüklü kütlə 24.600 kq olmasının şahidi olmuşlar və polis əməkdaşları üzlərini ona tutaraq eybi yox səhf olub düzələcək sözlərini demişlər. O, protokolun tərtib edilməsindən narazı olduğunu bildirdirdikdə ona “narahat olma arxayın ol özümüz yoluna qoyacayıq” demişlər. Daha sonra bilmişdir ki, barəsində DİN BDYPİ-nin polis polkovniki X7 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXP-nin 353.5-ci maddəsi və 327.3-cü maddəsilə ilə tərtib edilmişdir. O,qərarın surətini xx.xx.2024-cü il tarixdə almışdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs əlavə olaraq izahatında bildirmişdir ki, birinci dəfə barəsində İXM-nin 353.2-ci maddəsinə əsasən 600 manat məbləğində inzibati cərimə olunmuş və həmin məbləği ödəmişdir. Lakin barəsində hazırkı inzibati xəta haqqında protokol Şamo adlı polis əməkdaşı tərəfindən tərtib edilmişdir. O, həmin polis əməkdaşlarına daş karxanasından təqdim edilmiş qəbzin olduğunu bildirmiş və avtomobildəki yükün normadan artıq olmadığını, lazım olduğu təqdirdə tərəzi vasitəsilə ölçülməsini bildirmişdir. Polis əməkdaşları ona duracaqda tərəzi olduğunu deyərək birlikdə oraya getmişlər. Polis əməkdaşları vaxtın gec olmasını və avtomobilin çəkisini növbəti gün çəkiləcəyini deyərək avtomobili cərimə meydançasında olan duracağa yerləşdirmişlər. Qarşıdan Qurban bayramı gəldiyindən avtomobili 6 gün müddətində duracaqda qalmışdır. 6 gündən sonra avtomobil tərəzidə ölçüldükdə çəkisi daş karxanasından verilmiş qəbzdə göstərilən çəki ilə eyni yəni 25 tondan az olmuşdur. Həmçinin bildirmişdir ki, Zarat postunda ona saxlama işarəsi verilməmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın nümayəndəsi izahat verərək bildirmişdir ki, sürücü Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Sürücü idarə etdiyi nəqliyyat vasitəsini 45-ci km-da olan tərəzidə ölçdürür və ölçdürmə zamanı nəqliyyat vasitəsində olan yük Nazirlər Kabinetinin 415 nömrəli qərarı ilə göstərilən həddən artıq olmuşdur. Sürücü hərəkətini davam etdirmiş və Zarat postu adlanan ərazidə, yəni 707 saylı postda sürücüyə saxlama işarəsi verilmiş, lakin sürücü dayanmayaraq hərəkətini davam etdirmişdir. Bundan sonra 706 saylı stasionar Yol patrul xidməti postunda saxlanılaraq barəsində müvafiq protokol tərtib olunmuş və avtomobil duracağa yerləşdirilmişdir. Bir neçə gün sonra avtomobil tərəzidə ölçüldükdə çəkisi normaya uyğun olmuşdur. Lakin Azərbaycan Avtomobil Yolları əməkdaşları tərəfindən yükün normadan artıq olması səbəbilə akt tərtib olunmuşdur. Daha sonra 23-cü km-də nəqliyyat vasitəsində olan yük 24 ton qeyd edilmişdir. Avtomobildə olan yük birinci dəfə ölçüldükdə normadan artıq, yəni 26725 t olmuş, lakin ikinci dəfə isə normaya uyğun olmuşdur. Sürücü barəsində İXM-nin 353.2-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi sürücüyə Zarat postunda saxlama işarəsi verilməsi barədə görüntünü mobil telefon vasitəsindən istifadə etməklə proses iştirakçılarına təqdim edir. Təqdim edilmiş videogörüntüdə Yol patrul xidməti inspektoru tərəfindən saxlama işarəsi verilmiş avtomobilin hansı növ avtomobil olduğu və dövlət qeydiyyat nişanı müəyyən edilməmişdir. Məhkəmə ərizəçinin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 15 iyun 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.3 və 353.5-ci maddələrinə əsasən inzibati protokol tərtib olunmuşdur. - X4 Azərbaycan Respublikası DİN BDYPİ-nin 21 avqust 2024-cü il tarixli, TP ******* nömrəli qərarına əsasən 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. - xx.xx.2024-cü il tarixli yükün “Azərbaycan Avtomobil X6 X1 Xidmətinin 1№-li X5”ndə tərəzidə çəkilməsi barədə məlumatdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə yükün çəkisi 26725 kq olmuşdur. - 15 iyun 2024-cü il tarixli Azərbaycan Avtomobil X6 “X1 Xidməti” tərəfindən tərtib edilmiş Aktdan müəyyən edilir ki, 15 iyul 2024-cü il tarixdə Bakı-Quba yolunun 45-ci km-də yerləşən 1-saylı TNM-də idarə etdiyi Kamaz 5511, yük markalı ** BK *** dövlət qeydiyyat nömrə nişanı olan yük nəqliyyat vasitə tərəflərindən tərəzidə çəkilərək yükünün 26725 artıq olması aşkar edilmişdir. - 15 iyun 2024-cü il tarixli “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” Aktdan müəyyən edilir ki, Kamaz 5511, yük markalı ** BK *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi 15 saylı cərimə meydançasına yerləşdirilmişdir. - Azərbaycan Respublikası Avtomobil X6 X1 Xidməti 3№-li X5 tərəfindən təqdim edilmiş qaimədən müəyyən edilir ki, Kamaz, ** BK *** markalı yük avtomobilinin ümumi çəkisi 26725 ton olmuşdur. - Şikayət verən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş yükün xx.xx.2024-cü il tarixli “Azərbaycan Avtomobil X6 X1 Xidmətinin 1№-li X5”ndə tərəzidə çəkilməsi barədə məlumatdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə yükün çəkisi 24650 kq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. 127-1.2. İnzibati tənbeh vermə haqqında elektron qərar qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın nəzarət məntəqəsinə göndərilir. 127-1.3-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. 127-1.4. Bölünən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir. 127-1.5. Nəqliyyat vasitəsində olan normadan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları tərəfindən ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə ötürülür. 127-1.6. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə icazə verilən qabarit parametrlərinə, habelə bölünməyən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən yükün həmin və ya digər nəqliyyat vasitəsilə hərəkətinə icazənin alınması təmin edilməlidir. 127-1.7. Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş nəqliyyat vasitəsini idarə edən şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin nəzarət məntəqəsində saxlanılması üçün haqqı həmin yerdə bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödəyə bilər. Bu halda saxlanılmış nəqliyyat vasitəsi onu idarə edən şəxsə bu Məcəllənin 127-1.6-cı maddəsində qeyd olunan hallar istisna olmaqla dərhal qaytarılır. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. 327.3-cü maddəsinə əsasən Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə yüz manat məbləğində cərimə edilir. 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında 7 iyul 2009-cu il tarixli, 104 №-li Qərarına və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 28 dekabr 2021-ci il tarixli 415 №li Qərarına əsasən nəqliyyat vasitəsinin oxuna düşən yükün icazə verilən kütləsi (çəkisi) 3 nömrəli cədvəl ilə müəyyən edilmiş 11,5 ton hesabi yükə hesablanmış əsaslı tip yol geyimlərində üçoxlu oxlar, birmeyilli təkərlərə malik qoşqular və ya yarımqoşqular üçün ox kütlələrinin cəmi oxlararası aşağıdakı məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır: 0,5 m-dən 1 m-ə qədər 17 t, 1 m-dən 1,3 m-ə qədər 20 t, 1,3 m-dən 1,8 m-ə qədər 23,5 t 1,8 m-ə bərabər və ya çox 25 t. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının İXM-in 327.3-cü maddəsinə münasibətdə pozulması hissəsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Müvafiq qərarın İXM-in 353.5-ci maddəsinə münasibətdə pozulması hissəsi isə səlahiyyətli orqan tərəfindən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə araşdırılmamışdır. Belə ki, şikayət verən şəxsin idarə etdiyi ”Kamaz” markalı yük avtomobilinin xx.xx.2024-cü il tarixdə “Azərbaycan Avtomobil X6 X1 Xidmətinin 3№-li X5”ndə tərəzidə çəkilərək yükünün çəkisinin 26725 kq olması, lakin 6 gün sonra yəni xx.xx.2024-cü il tarixdə “Azərbaycan Avtomobil X6 X1 Xidmətinin 1№-li X5”ndə tərəzidə çəkilərək 24650 kq olması halı inzibati orqan tərəfindən araşdırılmamış, yük boşaldılmadığı halda yükün çəkisinin 2075 kq azalması halına qiymət verilməmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli “X1 Xidmətinin 1№-li X5”nin mütəxəssisləri tərəfindən tərtib edilmiş aktda yük “boşaldıldı” qeyd olunsa da, məhkəməyə bu faktı təsdiq edən hər hansı sənəd və ya foto və ya videogörüntü təqdim edilməmiş eyni zamanda, məhkəmə iclasında izahat vermiş inzibati orqanın nümayəndəsi və şikayət verən şəxs yükün boşaldılmadığını, cərimə meydançasına gətirilərək orada saxlanıldığını bildirmişdir. Bundan əlavə yükün xx.xx.2024-cü il tarixdə “X1 Xidmətinin 1№-li X5”ndə tərəzidə çəkilməsinə dair foto və ya viedogörüntünü məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 122.1, 127-1.2 və 127-1.3-cü maddələrinin tələbləri kobud şəkildə pozularaq yük avtomobilinin xx.xx.2024-cü il tarixdə “Azərbaycan Avtomobil X6 X1 Xidmətinin 3№-li X5”ndən keçməsinə və xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq, hər hansı əsas olmadan inzibati xəta haqında qərar 2 ay 6 gün sonra yəni, xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Halbuki İXM-in yuxarıda qeyd olunan maddələrinin tələbinə əsasən İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülməli, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmalı idi. İnzibati tənbeh vermə haqqında elektron qərar qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın nəzarət məntəqəsinə göndərilməli və inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılmalı və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunmalı, daha sonra yük bölünən olduqda hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməli və nəqliyyat vasitəsində olan normadan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra saxlanılmış nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları tərəfindən ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə ötürülməli idi. Lakin qeyd olunan halda xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında elektron qərar qəbul edilmədən nəqliyyat vasitəsi duracağa yerləşdilmiş, çəkisi dərhal ölçülmədən nəqliyyat vasitəsi 6 gün duracaqda saxlanılmış, 6 gün sonra nəqliyyat vasitəsinin çəkisi yenindən ölçülmüş, lakin yük boşaldılmadığı halda çəki normadan aşağı olmuş və nəqliyyat vasitəsi duracaqdan buraxılmışdır. Nəqliyyat vasitəsinin duracaqdan buraxılması barədə də məhkəməyə hər hansı sənəd təqdim olunmamışdır. İş materiallarından göründüyü kimi, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamış, həmçinin İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.5.-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər haqqında iş üzrə protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın bu Məcəllənin 122.1, 123.2, 124.1, 124.4 - 124.6, 125.4 və 126.3-cü maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə, yaxud bu Məcəllənin 122.1, 125.1, 125.3 və 125.6-cı maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməməsinə (yerləşdirilməməsinə) görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X4 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması və yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət qismən təmin edilsin. Qərar ləğv edilərək yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİnə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1003/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1003/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver