Məhkəmə qərarları › İş №3(067)-1011/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1011/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1011/2025 01.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Xaçmaz rayonu, Çiləgir kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Ağcəbədi rayon məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(017)-1614/2024 saylı qətnaməsinə əsasən borclu Şəxs 29 iyun 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 180 manat sabit pul məbləğində aliment tutuluraq X5 verilməsi qət edilsə də, borclu icra vərəqəsi üzrə öhdəliklərini yerinə yetirmir və icra məmurunun tələblərini icra etməkdən qəsdən yayınmışdır. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə ifadə verərək bildirdi ki, Ağcəbədi rayon məhkəməsinin qərarına əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 01 avqust 2024-cü il tarixdən başlayaraq hər ay 180 manat sabit pul məbləğində aliment X3 hesabına ödənilməlidir. İcra sənədi 06 dekabr 2024-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Borclunun ölkədən çıxışı məhdudlaşdırılmışdır, hal-hazırda 1480 manat aliment borcu vardır və qeyd olunan borcdan da hər hansı bir ödəniş edə bilməmişdir. Bu vaxta qədər 500 manat aliment ödənişi edib. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, onun rəsmi iş yeri olmadığı üçün ödənişləri vaxtı-vaxtında ödəyə bilməsə də, ödənişlərini həyata keçirir. O, inzibati xəta haqqı protokol ilə razı deyil. Belə ki, tələbkara onun tərəfindən 500 manat ödəniş etməsi ilə bağlı qeyd olunanlar ilə razı deyil. Belə ki, o, bundan əvvəl də aliment borcu ilə bağlı barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmiş, lakin iş üzrə icraata xitam verilmişdir. O, həmin gündən sonra 300 manat, daha sonra ki, ayda isə 200 manat, ondan sonra ki, ayda isə 100 manat bir, 50 manat bir, 30 manat isə tələbkarın xahişinə əsasən onun əsgərlikdə xidmətdə olan qardaşının pula ehtiyacı olduğu üçün ona göndərimişdir. Lakin buna baxmayaraq əlində bunu sübut edəcək hər hansı bir hüquq əhəmiyyətli sənədi yoxdur. O, bütün ödənişlərini mobil telefon vasitəsində olan proqram vasitəsi ilə etmişdir, lakin sonrada o, telefonu dəyişdiyi üçün həmin ödənişi sübut edəcək hər hansı bir vasitə əlində qalmamışdır. Bundan əlavə olaraq o, tələbkar ilə danışaraq Bakı şəhərində iş tapıb işləyəcəyini, onunla barışıq əldə edib uşağı ilə bir yerdə yaşamaq istədiyini bildirdikdə tələbkar onun dedikləri ilə razılaşaraq Bakıda kirayə verilən evlərin bir neçə foto şəkllərini və həmin evlərin qiymətini ona göndərmiş o, evlərin kommunal xərci ilə bir yerdə hesablayaraq çox pul lazım olduğunu görmüş və tələbkara daha fikrindən vaz keçdiyini bildirmişdir. Bundan sonra tələbkar onun barəsində aliment borcu ilə bağlı təkrarən icra şöbəsinə müraciət etmişdir. O, aylar üzrə aliment üzrə məhkəmə tərəfindən ona təyin olunmuş aliment borcunu ödəyəcəyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, qardaşı Amid Qurbanov X7 şəhid olub, özü isə hazırda anası ilə birlikdə yaşayır. Ağcəbədi rayon məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(017)-1614/2024 saylı qətnaməsinə əsasən borclu Şəxs 29 iyun 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 180 manat sabit pul məbləğində aliment tutuluraq X5 verilməsi qət edilmişdir. Ağcəbədi rayon məhkəməsinin qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Lakin borclu Qədirov X6 rayon məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(017)- 1614/2024 saylı icra vərəqəsi üzrə tələbi üzürsüz səbəbdən icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materiallarına əlavə edilmiş internet saytlarından çıxarışlardan görünür ki, Xaçmaz rayonu, Çiləgir kənd sakini X1 Vətən Müharibəsində şəhid olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 01 iyul 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını, qardaşının X7 şəhid olmasını və özünün hazırda anası ilə birlikdə yaşamasını, habelə aliment məbləğinin yüksək olmamasını, alimentlə bağlı müəyyən ödənişlərin edilməsini məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 500 (beş yüz) manat cərimə inzibati tənbeh təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar