Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-102/2025 13.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin X4 polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmuş, inzibati tənbehə məruz qalmış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon X5 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs arvadı Şahid onun barəsində 102 xidmətinə etmiş olduğu şikayətlə bağlı 11 yanvar 2025-ci il tarixdə saat 19 radələrində Xaçmaz rayon Polis Şöbəsinin X4 əməkdaşları tərəfinfən yaşadığı ünvandan X6 dəvət edilərkən sonuncu sərxoş vəziyyətdə olmaqla arvadı Şahid ilə mübahisəsini davam etdirib bölməyə getməkdən imtina etmiş, polis əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hüquqazidd hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin X4 polis sahə rəisi X3 göstərdi ki, Şəxs arvadı Şahid onun barəsində 102 xidmətinə etmiş olduğu şikayətlə bağlı 11 yanvar 2025-ci il tarixdə saat 19 radələrində Xaçmaz rayon Polis Şöbəsinin X4 əməkdaşları tərəfinfən yaşadığı ünvandan X6 dəvət edilərkən sonuncu sərxoş vəziyyətdə olmaqla arvadı Şahid ilə mübahisəsini davam etdirib bölməyə getəkdən imtina etmiş, polis əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hüquqazidd hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, 11 yanvar 2025-ci il tarixdə arvadı Şahid ilə aralarında mübahisə baş vermiş və arvadı onun barəsində 102 xidmətinə şikayət etmişdir. Arvadının şikayəti ilə bağlı həmn gün axşam saatlarında X4 əməkdaşları yaşadığı ünvana gələrək barəsində edilmiş şikayətlə bağlı onlarla polis bölməsinə getməyi təklif etdikdə o, həmin vaxt sərxoş və əsəbi olduğundan arvadı ilə mübahisəsini davam etdirib nalayiq ifadələr işlətməklə əvvəlcə bölməyə getmək istəməmiş və polis əməkdaşlarına qarşı qeyri-səmimi davranmışdır. Sonlra polis əməkdaşları onu bölməyə aparmışlar. Hərəkətlərindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, 11 yanvar 2025-ci il tarixdə əri Şəxs sərxoş vəziyyətdə evə gələrək əsaslı səbəb olmadan onunla mübahisə edib ünvanına nalayiq ifadələr işlətməklə onu öldürəcəyi ilə hədələdiyindən onun barəsində 102 xidmətinə şikayət etmişdir. Etdiyi şikayətlə bağlı həmin gün axşam saatlarında X4 əməkdaşları yaşadıqları ünvana gəlib Namiqi nizam-intizama dəvət edib sakitləşdirərərk izahatının alınması üçün polis bölməsinə dəvət edərkən sonuncu onunla mübahisəsini davam etdirib polis əməkdaşlarından evdən bayıra çıxmalarını tələb etmiş və bölməyə getmək istəməmişdir. Sonra polis əməkdaşları Namiqi bölməyə aparmışlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 12 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan 11 yanvar 2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs qeyd olunan tarixdə tibbi müayinədən keçmiş və onda orta dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini və inzibati xətaya sərxoş vəziyyətdə yol verməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 12 yanvar 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12 yanvar 2025-ci il tarixdə saat 04:00 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs həbsinin əvvəli 12 yanvar 2025-ci il tarixdən saat 04:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsin əvvəli 12 yanvar 2025-ci il tarixdən saat 04:00-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №3(067)-102/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-102/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver