Məhkəmə qərarları › İş №3(067)-1020/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1020/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1020/2024 09.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi X1, qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin inzibati xəta haqqında 15 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 Alayının 2-ci tağımın Yol Patrul Xidməti inspektoru X3 barəsində tərtib etdiyi 15 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 Alayının 2-ci tağımın Yol Patrul Xidməti inspektoru X3 15 iyun 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinin 80 manat cərimə edilmişdir. Həmin qərarın surətini 27 avqust 2024-cü il tarixdə əldə edə bilmişdir. O, həmin qərar ilə razı deyildir. Belə ki, qərarda onun yolayrıcını keçmə qaydalarının pozması göstərilmişdir. Lakin o, belə bir inzibati xətaya yol verməmişdir. Barəsində əsassız olaraq qərar qəbul edilmişdir. Həmin ərazidə kamera da vardır. Videogörüntülərə baxılsa müəyyən ediləcəkdir ki, o, qaydanı pozmamışdır. Bundan başqa patrul maşını özüdə görüntülü çəkməli idi. Lakin, inspektor görüntünü məqsədli olaraq bağlamışdır. X4 tərəfindən 09 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizənin məzmunundan müəyyən olunur ki, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 Alayının 2-ci tağımın Yol Patrul Xidməti inspektoru X3 tərtib etdiyi 15 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 izahatında göstərmişdir ki, sözügedən qərarda yolayrıcını keçmə qaydasının tərəfindən pozulduğu göstərilmişdir. Həmin qərarla razı deyildir. Niyaz-oba kəndi yolundan əsas yola çıxan zaman yolda olan avtomobilin keçməsini gözlədikdən sonra yola çıxmışdır. Həmin ərazidə kameranın olubolmamasından xəbəri yoxdur. Qərarı almağı barədə qəbz yoxdur. Barəsində qəbul olunan inzibati xətanın törədilməsi barədə qərar telefonuna xx.xx.2024-cü il tarixdə sms vasitəsilə gəldikdə məlumatı olmuşdur. Ona yazılan cərimənin əsassız və qanunsuz olduğunu hesab edir. Buna görə də qərarın ləğv edilərək xitam verilməsini xahiş edir. İnzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X2 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 15 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə tapşırılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 15 iyun 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən müəyyən olunur ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 80 manat cərimə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür. Məhkəmə araşdırması zamanı qərardan şikayət vermiş şəxs X4 isə izahatında Niyaz-oba kəndi yolundan əsas yola çıxan zaman yolda olan avtomobilin keçməsini gözlədikdən sonra yola çıxdığını qeyd etsə də, buna baxmayaraq ona yolayrıcını keçmə qaydasının pozulması ilə bağlı cərimə yazıldığnı qeyd etmişdir. Lakin inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati xəta haqqında qərarı, protokolu, həmçinin Məhkəmə tərəfindən 13 sentyabr 2024-cü il tarixdə videogörüntülərlə bağlı sorğu göndərilsə də inzibati xəta hadisəsinin mövcudluğunu əks etdirən videogörüntüləri və ya səs yazılarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda işin hallarını müəyyən edən materiallar natamam olduğundan, iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, sözügedən yolda (Gəndob-Yalama yolu, 22 km) X4 tərəfindən yolayrıcını keçmə qaydasının pozulub-pozulmaması müəyyən edilmədiyindən və qeyd olunan halların əlavə araşdırılması zəruri olduğundan, hazırkı halda işin hallarını müəyyən edən materiallar natamam olmaqla, iş üzrə obyektiv qərarın qəbul edilməsi mümkün olmadığından, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin inzibati xəta haqqında 15 iyun 2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilməli, X4 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin inzibati xəta haqqında 15 iyun 2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar