Məhkəmə qərarları › İş №3(067)-1022/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1022/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1022/2025 17.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, şikayət vermiş şəxs X3 iştirakı ilə, X4 barəsində DİN BDYPİ-nin 14 iyun 2025-ci il tarixli, EQ 28566150 saylı qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X7 məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən Azərbaycan Respublikası İXM-nın 327.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında 14 iyun 2025-ci il tarixli, EQ 28566150 nömrəli qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 13 iyun 2025-ci il tarixdə Bakı şəhərində Neftçilər prospektində Dəniz vağzalına çatmamış idarə etdiyi “X5” markalı **-QS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman yolda sıxlıq olduğu üçün yol kənarında dayanmış yol patrul xidməti əməkdaşı avtobus zolağı ilə hərəkət etməyinə dair işarə vermişdir. Bu səbəbdən də ondan başqa digər avtomobillər də yolda sıxlığın aradan qaldırılması üçün yol patrul xidməti əməkdaşının göstərişinə uyğun olaraq avtobus zolağından istifadə etmişlər. Həmin vaxtdan bir müddət sonra ona cərimə olunmağı barədə sms gəlmişdir. O, həmin sms-lə bağlı məlumat almaq üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə yaxınlaşmış və ona 19 iyun 2025- ci il tarixdə cərimə olunmağı barədə elektron qərarı təqdim etdilər. Belə ki, DİN BDYP 14 iyun 2025-ci il tarixli, EQ 28566150 saylı elektron qərarına əsasən 13 iyun 2025-ci il tarixdə X6 Yük markalı **-QS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçilər prospekti Dəniz vağzalının qarşısında digər nəqliyyat vasitəsinin yolunda hərəkət etdiyi üçün barəsində Azərbaycan Respublikası İXMnın 327.1-1-ci maddəsinə əsasən inzibati qaydada 100 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərarla o, razılaşmır. Ona görə ki, o, özbaşına deyil, yol patrul xidməti əməkdaşının işarəsinə uyğun hərəkət etmişdir. Yol patrul xidməti əməkdaşının yolda olan sıxlığı azaltması üçün avtomobillərin avtobus zolağı ilə hərəkət etməsinə dair sübutları məhkəməyə təqdim edir. Yuxarıda qeyd etdiyi hallardan da göründüyü kimi, o, avtobus zolağında hərəkət etməyinin inzibati xəta hadisəsi olduğunu bildiyi halda, avtobus zolağına çıxa bilməzdi. Yolda sıxlıq olduğu üçün, həm də yol patrul xidməti əməkdaşı onu və digər hərəkət iştirakçılarını yolda sıxlığı azaltmaq üçün avtobus zolağına istiqamətləndirdiyi üçün onun barəsində inzibati xəta haqqında qərar qəbul edilə bilməzdi. Həmin ərazidə təklükəsizlik kameraları vardır. Məhkəmə həmin ərazidə olan təhlükəsizlik kameralarından görüntüləri sorğu verərək alıb baxa bilər ki, o, özbaşına deyil, yol patrul xidməti əməkdaşının tələbinə əsasən avtobus zolağına daxil olmuşdur. Ona görə də, həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında ərizəsinə uyğun izahat vermiş X7 şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, 13 iyun 2025-ci il tarixdə Bakı şəhərində Neftçilər prospektində Dəniz vağzalına çatmamış idarə etdiyi X6 markalı **-QS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman yolda sıxlıq olduğu üçün yol kənarında dayanmış yol patrul xidməti əməkdaşı avtobus zolağı ilə hərəkət etməyinə dair işarə vermişdir. Yolda sıxlıq olduğu üçün, həm də yol patrul xidməti əməkdaşı onu və digər hərəkət iştirakçılarını yolda sıxlığı azaltmaq üçün avtobus zolağına istiqamətləndirdiyi üçün onun barəsində inzibati xəta haqqında qərar qəbul edilə bilməzdi. Həmin ərazidə təklükəsizlik kameraları vardır. Görüntülərə baxılsa görünəcək ki, o, özbaşına deyil, yol patrul xidməti əməkdaşının tələbinə əsasən avtobus zolağına daxil olmuşdur. Ona görə də, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. BDYPİ-nin nümayəndəsi məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə, nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçininin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası BDYPİ-nin 14 iyun 2025-ci il tarixli, EQ 28566150 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikası İXMnin 327.1.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Təqdim olunmuş videogörüntüyə keçirilmiş baxış nəticəsində 13 iyun 2025-ci il tarixində X7 idarə etdiyi “X5” markalı **-QS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçilər prospekti Dəniz vağzalının qarşısında avtobus zolağında hərəkət etdiyi müəyyən olunur. Ərizəçinin təqdim etdiyi videogörüntüdə Neftçilər prospektində yol patrul xidməti əməkdaşının hərəkətdə olan nəqliyyat vasitələrini avtobus zolağına istiqamətləndirdiyi görünür. Ərizəçinin gətirdiyi dəlillərin yoxlanılması üçün hadisə yerinə aid, o cümlədən “X5” markalı **-QS-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtobus zolağına daxil olma anını əks etdirən videogörüntülərin əldə olunması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İXM-nin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən X7 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında 14 iyun 2025-ci il tarixli, EQ 28566150 saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün BDYPİ-yə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar