Məhkəmə qərarları › İş №3(067)-106/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-106/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-106/2025 13.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 iclas katibliyi, Xaçmaz RPŞ-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Xaçmaz rayonu, Yekaterinovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Müşkür kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, 13 yanvar 2025-ci tarixdə, saat 01:20 radələrində Xaçmaz RPŞ-nin inzibati binasında ünvansız söyüşlər söyüb növbətçi hissənin iş rejimini pozmuşdur Məhkəmə iclasında Xaçmaz RPŞ-nin nümayəndəsi bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İlqar adlı şəxslə kafelərin birində yeyibiçdiklərindən sonra hesabı ödəmək üstündə həmin kafedə işləyən qızlarla mübahisələri yaranmışdır. Şəxs və onunla birlikdə olan digər şəxs Xaçmaz RPŞ-yə dəvət olunmuşlar. Şəxs Xaçmaz RPŞ-nin inzibati binasında söyüş söymüşdür. Əlavə olaraq əməliyyat müvəkkili vəzifəsində işləyən şahid Mirzəyev Zaurun axtarış işi ilə əlaqədar olaraq Bakı şəhərində olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahat verərək söyüş söymədiyini, barəsində təyin olunmuş maddə ilə təqsirli bilmədiyini bildirmişdir. Belə ki, o, tanışı İlqar adlı şəxslə birlikdə dünən axşam saatlarında gəzintiyə çıxmış və kafenin yanından keçdiklərində pivə içmək qərarına gəlmişlər. Onlar kafedə əyləşdikləri vaxt İlqar adlı şəxs telefonu itdiyində çölə çıxmışdır. Həmin vaxt o, kafe sahibləri ilə masada əyləşmişdir. Bir müddət sonra İlqar polis əməkdaşları ilə birlikdə kafenin içərisinə daxil olmuşlar. Polis əməkdaşlarının gəldiklərini görüb həmin telefon kafe sahibləri tərəfindən masanın üzərinə qoyulmuşdur. Polis əməkdaşları tərəfindən PŞ-ya dəvət olunduqlarında izahatlarının alınıb buraxılacağı ona deyilmişdir. Lakin izahatları alınmamışdır və gecəni PŞ-nın inzibati binasında saxlanılmışlar. O və İlqar söyüş söyməmişlər. İlqar kafeni işlədən qızlarla mübahisə etmişdir. O, polis əməkdaşlarına heç bir günahının olmadığını bildirmiş və Latın əlifbasını yaxşı bilmədiyinə görə PŞ-da izahatları o yazmamışdır, yazılanlardan xəbərsizdir, yalnız imza etmişdir. Həmçinin sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə aparılmış və orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Ona PŞ-da hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Ailəlidir, bir oğlu var. O, əlilliyinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində cəlb edilmiş X9 izahat verərək bildirmişdir ki,kəndçisi Şəxsla kafedə pivə içdiyi vaxt o, çölə çıxmış və qayıtdığında masanın üzərində qoyduğu mobil telefonunun olmadığını görmüşdür. Daha sonra kafedən çıxaraq PŞ-ya gedib bu barədə müraciət edib polis əməkdaşları ilə həmin kafeyə qayıtmışdır. O, telefonunun Şəxs tərəfindən oğurlanmadığını, lakin masanın üzərindən kimin götürdüyünü bilmədiyini bildirmişdir. Onlar polis əməkdaşları ilə birlikdə PŞ-ya getmişlər. Lakin orada söyüş söydüyünü xatırlamır və həmçinin Şəxs PŞ-nın inzibati binasında, kafedə söyüş söydüyünü eşitməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol, şahid ifadəsi və iş materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə, saat 01:20 radələrində Xaçmaz RPŞ-nin X4 RPŞ-nin Növbətçi hissəsi növbətçi köməkçisi Asim Məmmədov xidmətdə olduğu zaman iki nəfər vətəndaş, Şəxs və X6 RPŞ-nin inzibati binasında ucadan ünvansız nalayiq ifadələr işlətmişlər. Onlara Sahə rəisi, polis mayoru Sənan Hacıyev “gəlin izahatınızı alım, gedin” deməsinə baxmayaraq onlar göstərişi yerinə yetirməyərək öz hərəkətlərini davam edib polisin iş rejimini pozmuşlar. - 13 yanvar 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 13 yanvar 2025-ci il tarixdə, saat 01:30-dan inzibati qaydada tutulmuşdur. - 13 yanvar 2025-ci il tarixli Şəxs Xaçmaz RPŞ-də verdiyi izahatından görünür ki, o, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən kafelərin birində tanışı İlqar adlı şəxslə yeyibiçdikləri vaxt yaranmış mübahisə zəminində ona yaxınlaşan polis əməkdaşlarını görüb əsəbiləşərək söyüş söymüşdür. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, Şəxs 13 yanvar 2025-ci tarixdə, saat 01:20 radələrində Xaçmaz RPŞ-nin inzibati binasında ünvansız söyüşlər söyüb növbətçi hissənin iş rejimini pozmuşdur. - 13 yanvar 2025-ci il tarixli X2 Xaçmaz RPŞ-də verdiyi izahatından görünür ki, Xaçmaz RPŞ-nin əməliyyat-istintaq qrupunda olduğu vaxt bir nəfər şəxsin PŞ-ya gələrək kafedə yeyib içdiyi vaxt hesab üstündə mobil telefonunun əlindən alındığını bildirmişdir. Onlar əməliyyat qrupu olaraq göstərilən ünvana getmişlər. Həmin kafedə şikayətçinin tanışı Elməddin adlı şəxs əyləşmişdir. Şikayətçinin telefonun masanın üzərində, onunla birlikdə kafeyə gələn tanışının yanında olmuşdur. Onlar məsələyə aydınlıq gətirilməsi üçün həmin şəxsləri PŞ-ya dəvət etmişlər. Xaçmaz RPŞ-də olarkən həmin şəxs izahat verməkdən imtina edərək ucadan danışmış, Növbətçi hissənin iş rejimini pozmuşdur. - xx.xx.2025-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında Aktdan müəyyən edilir ki, Şəxs alkoqol sərxoşluq orta dərəcədə müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci və 33-cü maddələrinə əsasən Şəxs barəsində cəzasını yüngülləşdirən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxxxx 1979-cu ildə Xaçmaz rayonu, Yekaterinovka kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinsin və onun 13 yanvar 2025-ci il tarixdən, saat 01:30-dan inzibati qaydada tutulması nəzərə alınaraq barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar